Andrey Rudenko: Rusiya və Azərbaycan xalqlarını uzunömürlü dostluq telləri bağlayır

Rusiya və Azərbaycan strateji tərəfdaşdırlar.
Bu barədə TASS agentliyində Bakı və Moskva arasında münasibətlərin perspektivlərinə həsr edilən “Rusiya və Azərbaycan: strateji əməkdaşlığın üfüqləri” adlı onlayn mətbuat konfransında Rusiya Federasiyası Xarici İşlər nazirinin müavini Andrey Rudenko deyib.
O qeyd edib ki, Rusiya və Azərbaycan xalqlarını uzunömürlü dostluq telləri bağlayır. “Bizi ortaq keçmiş birləşdirir, bizim ümumi gələcəyimiz və əməkdaşlığın sonrakı inkişafı üçün əlverişli şərait mövcuddur. İki prezident arasında sıx dialoq, icra və qanunvericilik orqanları arasında qarşılıqlı əlaqələr məhz belə möhkəm bünövrə üzərində qurulub”.
İki ölkə arasında münasibətlərin inkişaf səviyyəsindən danışan nazir müavini hər bir sahədə əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayaraq deyib: “Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsinin həcmi 27 faizdən çox artaraq 3,2 milyard dollar təşkil edib. Əlbəttə, pandemiya bu ilin statistikasına öz təsirini göstərəcək, lakin mühüm olan budur ki, bizim ölkələrimizin sahəvi qurumları problemin yenidən ciddi şəkildə baş qaldırmaması üçün birgə işə istiqamətləniblər”.
A.Rudenko qeyd edib ki, Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası 2020-ci ilin dördüncü rübündə Moskvada keçiriləcək. Komissiyanın həmsədrlərinin – Baş Nazir müavinləri Aleksey Overçuk və Şahin Mustafayevin bu yaxınlardakı görüşü isə videokonfrans formatında iyun ayına planlaşdırılıb.
Regionlararası əməkdaşlıq haqqında danışan A.Rudenko xatırladıb ki, Rusiya Federasiyasının 17 subyekti Azərbaycanla əməkdaşlıq barədə razılaşmaya malikdir, RF-nin 71 regionu respublikamıza məhsulların tədarükünü həyata keçirirlər. O deyib: “Bu ilin ikinci yarısında Azərbaycanda keçiriləcək regionlararası forumun 11-ci iclasında qarşılıqlı əlaqələrin perspektivləri üzrə ətraflı danışıqlara hazırlaşırıq”.
Rusiya Xarici İşlər nazirinin müavini, həmçinin vurğulayıb ki, Rusiya və Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə əməkdaşlıq edir: “Azərbaycan tərəfinin xahişi ilə Rusiya Azərbaycana 12 min test sistemi göndərib. Bundan başqa, vətəndaşlarımızın öz ölkələrinə qaytarılması üzrə tədbirlər görülüb”.
Diplomat vurğulayıb ki, humanitar sahədə qarşılıqlı əlaqələr münasibətlərdə prioritet təşkil edir: “Hazırda Rusiyada 11 min azərbaycanlı tələbə təhsil alır. Onlardan 1000 nəfərdən çoxu federal büdcənin hesabına oxuyur. Azərbaycanda Rusiyanın aparıcı ali məktəblərinin filialları uğurla fəaliyyət göstərir. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun filialının Bakıda açılışı plandadır. Biz Azərbaycanda rus dilinə və mədəniyyətinə qayğıkeş yanaşmanı yüksək dəyərləndiririk. 2019-cu ildə Azərbaycanda Rusiya mədəniyyət günləri keçirilib. 2020-ci ildə Rusiyada Azərbaycan mədəniyyət günlərinin keçirilməsi nəzərdə tutulur. Bu ilin noyabrına planlaşdırılan 9-cu Sankt-Peterburq beynəlxalq mədəniyyət forumunda Birinci vitse-prezident Mehriban Əliyeva başda olmaqla mötəbər Azərbaycan nümayəndə heyətini gözləyirik”.
A.Rudenko Bakı Beynəlxalq Humanitar Forumunun uğurla keçirilməsindən, Xəzər “beşliyi” çərçivəsində, beynəlxalq meydançalarda əməkdaşlıqdan söhbət açıb. Diplomat Azərbaycanda Böyük Vətən müharibəsi veteranlarına dövlət qayğısını xüsusi xatırladıb. “Rusiyada öz cənub qonşularını firavan və geniş əməkdaşlıq üçün açıq olan bir ölkə kimi görmək istəyirlər”, - deyə diplomat söhbətinə yekun vurub.

yap.org.az