Malik Həsənov: Hazırda sosial şəbəkələrin fəaliyyətinin hüquqi müstəvidə tənzimlənməsi məsələsi olduqca aktualdır

"Hazırda sosial şəbəkələrin fəaliyyətinin hüquqi müstəvidə tənzimlənməsi məsələsi olduqca aktualdır. ABŞ Prezidentinin bu barədə verdiyi qərar bu aktuallığı daha da gücləndirir”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov deyib.
M.Həsənov bildirib ki, istənilən ölkədə sosial şəbəkə azaddır və bu azadlıqdan sui-istifadə halları da kifayət qədərdir. Onun sözlərinə görə, əgər internet üzərindən terrora, müharibəyə, qarşıdurmaya, vətəndaşlara təhqir çağırışları varsa, eyni zamanda ictimaiyyətə başqa formada fikirlər çatdırılırsa və bu da çaşqınlıq yaradırsa, bunun qarşısı alınmalıdır.
Millət vəkili qeyd edib ki, sosial şəbəkələr barədə universal normativ standartların mövcud olmaması burada feyk məlumatların, mənəvi-əxlaqi normalara zidd materialların, terrora, zorakılığa çağırışların, qeyri-qanuni ticarətin və digər zərərli əməllərin geniş yayılmasına, ayrı-ayrı fərdlərə, şirkətlərə, ölkələrə qarşı kampaniyalar təşkil etməyə, siyasi kataklizmlər formalaşdırmağa şərait yaradır.
“Azərbaycanın müstəqil siyasət yürüdən güclü dövlət kimi beynəlxalq arenada nüfuzunun artması anti-Azərbaycan və ermənipərəst dairələri narahat edir, ölkəmizə qarşı qarayaxma kampaniyaları təşkil olunur. Antimilli ünsürlər məhz sosial şəbəkələrin yaratdığı belə qeyri-qanuni imkanlardan istifadə edərək Azərbaycana, dövlətçiliyə qarşı yalan, böhtan, təhqir dolu fikirlər səsləndirirlər, insanları terrora dəstəyə çağırırlar. Azərbaycan dəfələrlə xarici anti-Azərbaycan qüvvələrinin sosial şəbəkələr, onlayn platformalar vasitəsilə qərəzli kampaniyalarına məruz qalıb, ölkəmizə qarşı ardıcıl terror çağırışları indi də davam edir. Sosial şəbəkələrlə bağlı beynəlxalq səviyyədə universal normativ hüquqi aktların hazırlanması və tətbiqi ilə bağlı müzakirələr getdiyi, ayrı-ayrı ölkələrdə qanunlara əlavələr olunduğu, yeni qanunların qəbuluna hazırlıqlar getdiyi bir vaxtda Azərbaycan bu qlobal prosesdən kənarda qalmamalı və ümumi işə öz töhfəsini verməlidir. Hesab edirəm ki, bu istiqamətdə müvafiq qanunvericilik aktlarının qəbul olunması bir zərurətdir”-deyə, M.Həsənov vurğulayıb.

yap.org.az