PDF Oxu

Siyasət

  • 298

27 Sentyabr - Tarixin Şərəf sınagı

image

27 Sentyabr – Anım Günü Azərbaycan xalqının yaddaşında Vətən uğrunda canından keçmiş qəhrəman övladlarımızın əziz xatirəsinin dərin ehtiramla yad edildiyi müqəddəs gündür. Bu tarix xalqımızın milli yaddaşında həm böyük kədər, həm də Vətən sevgisinin, qəhrəmanlığın, fədakarlığın və tarixi Zəfərə aparan mübarizənin rəmzi kimi yaşayır.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi: “Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm.” Bu sözlər dövlətimizin şəhidlərimizin müqəddəs xatirəsinə münasibətinin aydın ifadəsidir. Şəhidlərimizin həyat yolu, Vətən naminə göstərdikləri misilsiz fədakarlıq və qəhrəmanlıq gələcək nəsillər üçün əbədi örnəkdir.
Uzun illər ərzində Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymaması, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasının təmin edilməməsi və davamlı hərbi təxribatlar münaqişənin sülh yolu ilə həllinə ciddi maneələr yaratdı. İşğal faktının aradan qaldırılması istiqamətində aparılan danışıqların nəticəsiz qalması, “ikili standartlar” siyasəti və işğalçı tərəfin destruktiv mövqeyi Azərbaycan xalqının səbri üçün ciddi sınaq idi.
Azərbaycan hər zaman sülhün tərəfdarı olduğunu nümayiş etdirdi. Lakin dövlətimizin və xalqımızın təhlükəsizliyinə, ərazi bütövlüyümüzə qarşı yönəlmiş hərbi təxribatlar artıq dözülməz həddə çatdı. 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Beləliklə, xalqımızın tarixində yeni mərhələ – Vətən müharibəsi başlandı.
44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının milli birliyini, dövlətimizin siyasi iradəsini və Ordumuzun yüksək döyüş qabiliyyətini bütün dünyaya nümayiş etdirdi. Həmin günlərdə ölkəmizin hər yerində olduğu kimi, hər bir Azərbaycan ailəsində də eyni hiss, eyni amal və eyni inam hökm sürürdü. Hamımız bir şüarla yaşayırdıq: “Öldü var, döndü yoxdur!” Bu ifadə Azərbaycan əsgərinin Vətən qarşısındakı sədaqətinin və qələbəyə sonsuz inamının rəmzinə çevrilmişdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 30 ilə yaxın davam edən işğala son qoydu, ərazi bütövlüyümüz bərpa edildi və Azərbaycan xalqı tarixi Zəfərə qovuşdu. Bu Qələbənin təməlində şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqımızın sarsılmaz iradəsi və dövlətimizin qüdrəti dayanır.
Prezident İlham Əliyevin sözləri ilə desək, “Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir.” Bu qürur mənbəyinin əsasını isə Vətən uğrunda canını fəda edən şəhidlərimiz təşkil edir. Onların hər biri Azərbaycanın şanlı tarixində özünəməxsus iz qoyub.
Dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğı Zəfərimizin mənəvi dəyərlərinin mühüm göstəricilərindəndir. Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, qazilərin müalicəsi, reabilitasiyası, məşğulluğunun təmin edilməsi, onların mənzil və digər sosial məsələlərinin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Dövlət siyasətinin əsas prinsiplərindən biri Vətən qarşısında xidmətləri ilə seçilən insanların daim diqqət və qayğı ilə əhatə olunmasıdır.
Bu gün işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri də şəhidlərimizin arzusunda olduğu Azərbaycanın güclənməsinin və inkişafının bariz nümunəsidir. Qarabağ və Şərqi Zəngəzurda yeni şəhərlər, kəndlər, yollar, məktəblər, xəstəxanalar və digər sosial obyektlər inşa olunur, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Böyük Qayıdış Zəfərimizin davamı və şəhidlərimizin əziz xatirəsinə ən böyük ehtiram nümunələrindən biridir.
27 Sentyabr – Anım Günü bizə bir daha xatırladır ki, müstəqil Azərbaycanın əldə etdiyi Zəfər böyük fədakarlıqlar hesabına qazanılıb. Şəhidlərimizin əziz xatirəsini yaşatmaq, onların ailələrinə və qazilərimizə diqqət göstərmək, Vətənimizin müstəqilliyini və ərazi bütövlüyünü qorumaq hər bir vətəndaşın mənəvi borcudur.
Bu müqəddəs gündə Birinci və İkinci Qarabağ müharibələrində, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onların ailələrinə dərin ehtiram və minnətdarlığımızı bildiririk. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Onların qəhrəmanlığı və fədakarlığı heç zaman unudulmayacaq. Şəhidlərimizin adı Azərbaycanın dövlətçilik tarixində, xalqımızın milli yaddaşında və gələcək nəsillərin qəlbində əbədi yaşayacaq.

İlqar İlyasov
YAP Qaradağ rayon təşkilatının sədri

Digər xəbərlər