Siyasət

  • 16 057

Elşad Mirbəşiroğlu: Azərbaycan dövləti özünün qanunvericilik bazasını bu istiqamətdə təkmilləşdirməlidir

image

“Sosial şəbəkələrin bu gün insan həyatının ayrılmaz bir hissəsinə çevrilməsi danılmaz faktdır. Müasirləşən dünyada münasibətlər sistemi dövrün informasiya-kommunikasiya mexanizmlərinə inteqrasiya ilə şərtlənir”. Bu fikirləri Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.E.Mirbəşiroğlu bildirib ki, son illər hədsiz dərəcədə kütləviləşən sosial media resursları, sanki, real aləmə paralel bir virtual dünya formalaşdırıb və hər bir insan özünü bu və ya digər formada həmin virtual aləmin bir parçası kimi hiss edir.

Deputatın sözlərinə görə, müasir dünyada hər kəsin, bir növ, informasiya istehsalçısı kimi çıxış edə bilməsi sosial media vasitələrini əvəzolunmaz platforma halına gətirsə də, onun mənfi təsirləri də mövcuddur: “Bu platformada münasibətlər sistemi hüquqi müstəvidə tənzimlənmədiyi təqdirdə, sosial şəbəkələr terrorizmin, şiddət və nifrətin təbliğ olunması, şəxsiyyətin şərəf və layaqətinin alçaldılması, habelə narkotik vasitələrin internet üzərindən satılması, süni yollarla kütləvi narazılığın yaradılması, vətəndaş müharibələri və s. kimi ağır fəsadlara zəmin yarada bilir”.
Sosial şəbəkələrin məsuliyyətsizliyinin artıq real təhlükəyə çevrildiyini vurğulayan E.Mirbəşiroğlu qeyd edib ki, sözügedən sahədə bu gün müşahidə olunan ən aktual problemlərdən biri paylaşılan məlumatlara görə sosial şəbəkə rəhbərliyinin cavabdehlik daşımamasıdır: “ABŞ Prezidenti Donald Trampın imzaladığı sonuncu sərəncam isə həmin müddəanı dəyişdirmək məqsədi daşıyır. Yəni artıq sosial şəbəkələrin rəhbərliyi saxta profillərdən yayılan nifrət, şiddət, terrorizm təbliğatına, böhtanlara, təhqirlərə, fərdin şərəf və ləyaqətinin pozulması faktlarına, habelə xalqların və dövlətlərin taleyinə təsir göstərə biləcək zərərli məlumatların yayılmasına görə məsuliyyət daşıyacaqlar. Onu da qeyd etmək lazımdır ki, Donald Trampın bu təşəbbüsünə dünya dövlətləri tərəfindən böyük dəstək nümayiş olunmaqdadır”.
Onun sözlərinə görə, sosial şəbəkələrlə bağlı universal standartların tətbiq olunmasını zəruri hesab edən qlobal tendensiya gedir: “Azərbaycan da sosial şəbəkələrin ən xoşagəlməz təsirlərinə məruz qalan ölkələrdən biridir. Bütün neqativ hallara baxmayaraq, ölkəmizdə sosial şəbəkələrin fəaliyyətini məhdudlaşdıran heç bir addım atılmayıb. Hesab edirəm ki, insanların sosial media vasitələrindən istifadəsinə tamamilə dözümlü yanaşan Azərbaycan dövləti, eyni zamanda, sosial şəbəkələrin fəaliyyətini tənzimləyən universal mexanizmlərin formalaşmasına dəstək olmalı və özünün qanunvericilik bazasını bu istiqamətdə təkmilləşdirməlidir”.

yap.org.az

Digər xəbərlər