Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutan Azərbaycanın 19 il bundan öncə Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması ölkəmizin bu dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqlədiyini bir daha nümayiş etdirdi. Ötən 19 ildən artıq dövrün Azərbaycana nə verdiyini təhlil etdikdə, yalnız bir məqam daha çox diqqəti çəkir: ikili yanaşma, ədalət meyarının maraqların arxasında əriməsi, Ermənistana dəstək.AŞPA-dan qondarma "Dağlıq Qarabağ respublikası"nda keçirilən qondarma prezident seçkilərinə münasibətdə susqunluğu bunun bariz nümunəsidir. Avropa Şurası ölkəmizlə bağlı qəbul etdiyi "Azərbaycanda demokratik təsisatların inkişafına dair" adlı qətnamədə Azərbaycanın demokratik inkişafını təqdir edir, amma ikili yanaşmasından da əl çəkmir. Hansı ki, Azərbaycanla Ermənistanı eyni vaxtda sıralarına qəbul edərkən bu öhdəlik götürülmüşdür ki, tərəflər münaqişənin sülh yolu ilə həllinə nail olmalıdırlar. Qondarma "Dağlıq Qarabağ respublikası"nda keçirilən hər bir "seçki" şousuna müsbət rəyini ya açıq şəkildə ifadə edən, yaxud da bu dəstəyini susmaqla bildirən Avropa Şurası üzərinə götürdüyü missiyanı hansı şəkildə yerinə yetirə bilər? Avropa Şurasından gözləntilərimizi açıqlayarkən qurumun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yardım edəcəyini xüsusi qeyd edirik. Amma qurum istər demokratik islahatlara münasibətdə, istərsə də Dağlıq Qarabağ probleminin həllində ikili siyasətini gizlətmir. Seçkilərin daim saxtalaşdırıldığı, siyasətçilərin parlamentdə qətlə yetirildiyi, terrorizmin, demək olar ki, rəsmi siyasət səviyyəsində qəbul edildiyi, digər dövlətin ərazisini işğal etmiş və hərbi cinayətlər törətməklə milyonlarla insana əzab verən Ermənistan AŞPA-dakı lobbi qrupları tərəfindən hər zaman himayə olunur, Azərbaycan isə daim hücumlara məruz qalır. Bu, reallıqdır.Dövlətimizin başçısı İlham Əliyev Tərtər Olimpiya Kompleksinin açılışında da Avropa Şurasına bu çağırışı etmişdir: "Qoy, bir bəyanat versinlər ki, indi bu dünyada bəzi ölkələrdə nələr baş verir. Polis zorakılığı, nümayişçilərə qarşı tətbiq edilən güc, nümayişçilərin öldürülməsi, onların gözlərinin çıxarılması, kütləvi surətdə həbs edilməsi, jurnalistlərin döyülməsi, həbs edilməsi, bunlar harada baş verir? Qərb ölkələrində. Açsınlar gözlərini, baxsınlar və utansınlar ki, susublar. Nəyə görə? Çünki güclü dövlətlərdən qorxurlar. Hesab edirlər ki bu, məsələnin insan haqlarının qorunmasına aidiyyəti yoxdur. Ona görə bu qurumun riyakar mahiyyəti heç kim üçün sirr deyil və bizi də heç maraqlandırmır, onlar bu saxta seçkiləri tanıyıblar, yoxsa yox. Əsas odur ki, dünyanın sanballı və hörmətə layiq olan təşkilatları Dağlıq Qarabağda keçirilmiş saxta seçkiləri tanımayıb və qınayıblar".Avropa Şurasının Dağlıq Qarabağda keçirilən "seçki"lərlə bağlı səssizliyi bu təşkilatın əsl mahiyyətini, ikili standartlarını ifadə edir. İşğal olunmuş ərazilərimizdə qondarma xunta rejiminin keçirdiyi qondarma "seçkilər" beynəlxalq təşkilatlar və dövlətlər, eləcə də münaqişənin həlli üzrə danışıqlarda vasitəçilik edən dövlətlər səviyyəsində pislənib, Avropa Şurası isə neytral qalıb.Avropa Şurasının, eyni zamanda, "Human Rights Watch", "Fredoom Hause", "Amnesty İnternational" kimi beynəlxalq hüquq müdafiə təşkilatlarının hesabatlarında Azərbaycana qarşı qərəz, Ermənistana qarşı isə sevgi daim özünü qabarıq şəkildə büruzə verib. Bu təşkilatların təmsil etdikləri ölkələr daim atılan bu məqsədli addımları ört-basdır etmək üçün təsadüf adı ilə pərdələməyə çalışsalar da «xoruzun quyruğu» zaman-zaman görünüb. Müasir dövrün informasiya əsri olduğunu, Azərbaycan dövlətinin hücum diplomatiyasını tarixi faktlara əsaslanaraq yüksək səviyyədə həyata keçirdiyini, ən əsası erməni yalanlarının diplomatik uğurlarımızın fonunda zəiflədiyini, dünyada cərəyan edən proseslərə təsir imkanlarının heçə endiyini nəzərə alsaq, saxta tarix yazıb bunu həqiqət kimi dünyaya çatdırmağa çalışmağın nə qədər gülünc və mənasız olduğunu görməmək mümkün deyil. Azərbaycanın uğurları tarixin saxtakarlığı sevmədiyini, faktlara əsaslandığını təsdiqləməklə yanaşı, atılan addımların hansısa dövlətə, təşkilata xoş gəlmək deyil, uğurlu gələcəyə hesablandığını nümayiş etdirir.AŞPA hər zaman bizim əzəli və əbədi düşmənimiz olan ermənilərlə iş birliyində fəaliyyət göstərir. Onlar birgə səylər əsasında Azərbaycanı gözdən salmağa çalışırlar. Prezident İlham Əliyevin də vurğuladığı kimi Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır. Ölkəmizə qarşı irəli sürülən bütün ittihamlar əsassızdır və biz bu ittihamları artıqlaması ilə onların özlərinə qaytarırıq. Azərbaycan Prezidentinin AŞPA-nın qərəzli mövqeyi ilə bağlı fikirləri hər birimiz üçün xəbərdarlıqdır. Hər bir Azərbaycan vətəndaşı ayıq-sayıq olmalı, bu məsələ ilə bağlı üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Bu istiqamətdə təbliğat və təşviqat işləri gücləndirməlidir.Prezident İlham Əliyev Tərtər, Ağcabədi və Ağdam rayonlarına səfəri zamanı sakinlərlə görüşlərində dönə-dönə vurğuladı ki, ermənipərəst qüvvələrin ölkəmizə yanaşma tərzi və respublikamız haqqında fikirləri yalan və uydurmadan başqa bir şey deyil və bu qüvvələr Azərbaycanda olan reallıqları görmək istəmirlər. Azərbaycan Prezidentinin Avropa Şurası və AŞPA ilə bağlı söylədiyi fikirlər bir daha onu deməyə əsas verir ki, ölkəmiz heç vaxt bədxahların diktəsi ilə oturub-durmayacaq və heç bir qüvvə bizə mane ola bilməz. Bunun üçün də daxildə sabitlik təmin olunmalı, ölkədə mövcud olan sosial platforma, dialoq məfkurəsi daha da genişləndirməlidir. Bədxah qüvvələrlə mübarizə aparmaq üçün uğurlarımızı daha da artırmalı və onlara tutarlı cavab vermək üçün hazırlıqlı olmalıyıq.
İntizar Rzayeva, Ramana bələdiyyəsinin sədri
sia.az