"Koronavirus pandemiyası dünya ölkələrinin sosial-iqtisadi həyatına çox ciddi təsir etməkdədir. Belə bir şəraitdə Azərbaycanın pandemiyanın yaratdığı çətinlikləri sırf daxili imkanlar hesabına qarşılaması təqdirəlayiq haldır. Bu da son 16 ildə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasətin məntiqi nəticəsidir". Bunu SİA-ya millət vəkili Cavid Osmanov deyib.Deputatın sözlərinə görə, ötən illər ərzində respublikamızın həyatı uğurla reallaşdırılan islahatlarla səciyyələnib: "Aparılan islahatlar sayəsində ölkəmizdə iqtisadi inkişaf üçün bütün şərtlər təmin olunub. Bilirsiniz ki, Azərbaycan bəhs olunan dövrdə ümumi daxili məhsul istehsalını 3,4 dəfə genişləndirməklə dünya üzrə ən dinamik iqtisadi inkişaf templərinə malik olan ölkələr sırasında yer alıb. Paralel şəkildə, ölkəmizin strateji valyuta ehtiyatları artırılıb.Vaxtında yaradılan güclü “təhlükəsizlik yastığı” indiki pandemiya şəraitində meydana çıxan çağırışları qarşılamağa imkan verir. Əlamətdar haldır ki, pandemiya şəraitində respublikamızda böyük həcmlərdə maliyyə vəsaiti ayrılaraq genişmiqyaslı səhiyyə tədbirləri həyata keçirilir. Respublikamızda pandemiya şəraitində heç bir sosial layihə ixtisara salınmayıb.Ölkəmizdə pandemiyaya qarşı mübarizə çərçivəsində reallaşdırılan tədbirlərin böyük bir qismi iqtisadiyyatın müxtəlif istiqamətlərini əhatə edir. Respublikamız pandemiya şəraitində iqtisadi subyektlərin dəstəklənməsi, o cümlədən də əməkhaqlarının və iş yerlərinin qorunması proqramlarının icrasına böyük həcmlərdə maliyyə vəsaiti yönəldir. Prezident İlham Əliyev bildirib ki, biz qeyri-formal məşğulluqla mübarizə aparırıq və ciddi tədbirlər görmüşük. Təkcə bu il işçilərlə şirkətlər arasında 100 mindən çox müqavilə imzalanıb.Hazırda ölkəmizdə iqtisadiyyatın pandemiyadan zərər çəkən sahələrində çalışan muzdlu işçilərə və mikrosahibkarlara dəstək proqramı uğurla reallaşdırılır. Bu proqram təxminən 600 min insanı əhatə edir. Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planının iqtisadi artıma və sahibkarlığa dəstək istiqaməti üzrə bir neçə sahənin maliyyələşdirilməsi həyata keçirilir. O cümlədən, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqlarının ödənilməsi üçün dövlət büdcəsindən 69 milyon 119 min manat, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üçün 55 milyon 637 min manat vəsaitin ayrılması təmin edilib. Sahibkarlığın İnkişafı Fonduna sahibkarlıq subyektlərinə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması məqsədilə 35 milyon manat ödənilib. Tədbirlər Planında nəzərdə tutulduğu kimi, iqtisadiyyatın həyati vacib sərnişindaşıma sahəsinə də maliyyə dəstəyi göstərilir.Bütün bunlar göstərir ki, pandemiya şəraitində milli iqtisadiyyatımızın dəstəklənməsi məqsədilə reallaşdırılan tədbirlərin miqyası kifayət qədər genişdir. Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə həyata keçirilən bütün bu dəstək tədbirləri pandemiya şəraitində milli iqtisadiyyatımızın sabitliyinin və funksionallığının qorunmasına, eyni zamanda, postpandemiya dövründə yeni iqtisadi modelin tətbiqinə real zəmin yaradılmasına hesablanıb".
sia.az