Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibb müəssisələrində müalicə alır. Bu sözləri SİA-ya müsahibəsində Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev deyib.Komitə sədri vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin mobil xəstəxananın açılışında söylədiyi fikirlər vətəndaşlarımızın sağlamlığına göstərilən qayğı və diqqəti bir daha özündə ifadə edir: “Bu kimi mobil tipli xəstəxanaların quraşdırılması, əlavə 2000 yerlik çarpayı ehtiyatının yaradılmasını təmin edəcəkdir ki, bu da gələcəkdə koronavirus pandemiyasına qarşı mübarizənin səmərəli aparılmasına, xəstələrin normal müalicəsinə əsaslı kömək göstərəcəkdir. Əhalinin sağlamlığının qorunması, virusa yoluxmaların qarşısının alınması üçün sistemli tədbirlərin gündən-günə genişləndirilməsi, bunun üçün lazım olan vəsaitlərin ayrılması, xəstəxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlər bir daha göstərir ki, ölkə rəhbəri üçün əhalinin sağlamlığından, təhlükəsizliyindən əziz heç nə yoxdur və hər bir vasitə insanlara xidmətə yonəldilmişdir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə açılışda iştirak edən Cənab İlham Əliyev deyilənləri əməli işdə göstərməklə, ifadə etməklə hər an, hər vaxt insanların yanında olduğunu, onlara xidmət etdiyini bir daha göstərir və bu əlbəttə ki, ölkə vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanır. Azərbaycan vətəndaşları da onlara göstərilən qayğı və diqqəti, həyata keçirilən tədbirləri yüksək qiymətləndirməli, qayda-qanuna əməl etməli, intizamlı olmalı, sosial məsuliyyəti artırmalıdırlar. Hər kəs özünün və ətrafının sağlamlığının qeydinə qalmalıdır. Xəstəliyə yoluxmanın geniş yayılmasına imkan verilməməlidir. Yalana, şantaja uymaq lazım deyil. Bu bəladan əziyyət çəkən dünyaya, insanlara nəzər salmaq, lazımi nəticə çıxarmaq çox vacibdir”.
sia.az