Məşhur Məmmədov: Dövlətimiz özünün məqsədyönlü siyasəti ilə daim sosial sferanın üstün inkişafını təmin edib

“Azərbaycanın yeni növ koronavirus infeksiyasına qarşı mübarizə gündəliyində yer alan prioritetlər sırasında əhalinin sağlamlığının qorunması və sosial müdafiəsinin təmin edilməsi məsələləri xüsusi yer tutur ki, bu da ölkəmizin strateji inkişaf hədəfləri ilə üst-üstə düşür”. Bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov deyib.

M.Məmmədov bildirib ki, respublikamız indiyədək özünün məqsədyönlü siyasəti ilə daim sosial sferanın üstün inkişafını təmin edib. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, ölkədə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları dayanır. Millət vəkilinin sözlərinə görə, ölkəmiz qlobal pandemiya şəraitində də özünün nümunəvi sosial siyasətinə sadiq qalaraq yenə də vətəndaşların yanında olmaq örnəyi sərgiləyir.
“Ölkəmizdə yeni növ koronavirus infeksiyasına ilk yoluxma faktı qeydə alındıqdan etibarən insanların sağlamlığının qorunmasına hesablanan genişmiqyaslı səhiyyə tədbirləri həyata keçirilir. Hazırda respublikamızda 20-dən çox xəstəxana sırf koronavirusla bağlı fəaliyyət göstərir. Qısa müddətdə paytaxt Bakıda və regionlarda 20-dən çox müasir laboratoriya təşkil olunub. Azərbaycanda tibbi maska, kombinezon, dezinfeksiya vasitələrinin istehsalına başlanılması da olduqca mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, respublikamızın səhiyyə infrastrukturu daha da genişləndirilir. Ölkə üzrə modul tipli 10 xəstəxananın inşasına başlanıb və artıq onlardan 4-ü istifadəyə verilib. Modul tipli xəstəxanaların hər biri 200 çarpayılıqdır. Beləliklə, əlavə 2000 yataq xəstələrin ixtiyarına veriləcək. Ümumiyyətlə Azərbaycan dünya miqyasında azsaylı ölkələrdəndir ki, yeni növ koronavirusa yoluxan bütün xəstələrin məhz ixtisaslaşdırılmış xəstəxanalarda müayinə və müalicəsini təmin edir. Eyni zamanda, respublikamız bütün dünyada əhali sayına görə ən çox test aparan ölkələr sırasında yer alır”-deyə, deputat qeyd edib.

yap.org.az