Siyasət

  • 11 020

Məlahət İbrahimqızı: İşğalçı Ermənistanda vəziyyət nəzarətdən çıxıb

image

“Artıq 6 aydır ki, bütün dünya qlobal koronavirus pandemiyasına qarşı ciddi mübarizə aparır. Virus 2019-cu ilin son ayında elan olunduğu gündən etibarən Azərbaycan Prezidenti ölkədə bir sıra önləyici tədbirlərin görülməsi ilə bağlı ciddi tapşırıqlar vermişdi. Danılmaz faktdır ki, bir sıra inkişaf etmiş ölkələrdə ərzaq, dərman, qoruyucu və dezinfeksiyaedici məhsulların qıtlığı yaşanarkən, bizim ölkəmizdə bu problem yaşanmadı. Amma gəlin görək, qonşu və təcavüzkar Ermənistanda vəziyyət necədir? Bu sualın bir cavabı var: çox acınacaqlı və xaotik. İşğalçı ölkədə vəziyyət tamamilə nəzarətdən çıxıb. Bu acınacaqlı vəziyyət Ermənistanın işğalçılıq siyasətinin nəticəsidir”. Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, bu ölkədəki mövcud vəziyyəti Azərbaycanla müqayisə edəndə görürük ki, əhalisi 10 milyon 140 min nəfər olan Azərbaycanda yeni növ koronavirusa yoluxma sayı 10 min 991 nəfərdirsə, əhalisi cəmi 2 milyon 961 min nəfərdən ibarət olan Ermənistanda bu göstərici 18 min 33 nəfərə çatıb. Hazırda Azərbaycanda virusa yoluxma ilə əlaqədar müalicə alanların sayı 4 min 783 nəfərdirsə, Ermənistanda 8 min 52 nəfər müalicə olunur. Bu siyahını kifayət qədər artırmaq mümkündür. Təkcə onu demək kifayət edir ki, hazırda Azərbaycanda 570 xəstəxana (44 min 45 ədəd çarpayı), Ermənistanda isə 130 xəstəxana (12153 ədəd çarpayı) var.
M.İbrahimqızı diqqətə çatdırıb ki, Ermənistan bu günə qədər pandemiya ilə mübarizə çərçivəsində heç bir ölkəyə yardım etməyib. Azərbaycan isə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar yardım edib. Bundan başqa, 30-a yaxın ölkəyə humanitar dəstək göstərilib. Bu ölkələrin arasında İran, Çin, İtaliya, Macarıstan, Özbəkistan, Bosniya və Herseqovina, Xorvatiya, Qırğızıstan, Pakistan, Moldova da var. Bu faktın özü Ermənistanın xarici yardıma möhtac ölkə olduğunu və beynəlxalq aləmdə də belə qəbul edildiyini ortaya qoyur. Bir maraqlı məqam da diqqət çəkir. Pandemiya dövründə Azərbaycanda abonentlərin elektrik və qazının kəsilməsi halı qeydə alınmayıb. Amma Ermənistanda 4300 abonentin elektrik enerjisi, 736 abonentin təbii qazı kəsilib.
Deputat pandemiya dövründə Ermənistanda yaranmış acınacaqlı vəziyyətin ölkənin baş naziri Nikol Paşinyanın səriştəsiz rəhbərliyinin nəticəsi kimi qiymətləndirib: “Ermənistanda hər gün koronavirusa yoluxma sayı 500-700 nəfər arasındadır. Yoluxanların 5 faizi xəstəliyi ağır keçirir və təbii ki, səhiyyə bu qədər insana xidmət edə bilmir. Təsadüfi deyil ki, Ermənistanda koronavirus pandemiyasının geniş yayıldığı son günlərdə KİV-də Nikol Paşinyan hədəf olaraq seçilib və onun məsuliyyət daşıdığı bildirilir. Bu xəbərlərdə əsasən pandemiyanın ilk ayında Paşinyanın məsələyə münasibəti xüsusi tənqid olunur. Qeyd edilir ki, Ermənistan müstəqilliyini elan edəndən bu günə qədər bütün demokratiya çağırışlarına baxmayaraq, qərarları bir nəfər - prezident, indi isə baş nazir Paşinyan verir, kollektiv qərar vermə mexanizmi ölkədə heç bir zaman olmayıb. Böyük bir ehtimalla yaxın gələcəkdə Paşinyan siyasi məsuliyyəti baş nazirin müavini Tiqran Avinyana və səhiyyə naziri Arsen Torosyana yükləyəcək. Mart və aprel aylarında qonşu ölkələr pandemiyaya qarşı tədbirlər alarkən Paşinyanın başı siyasi rəqibi Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanı vəzifəsindən uzaqlaşdırmaq üçün konstitusiya referendumu keçirməyə qarışmışdı. Paşinyan koronavirusa qarşı “Koronavirus kimin itidir?”, “Maska taxmağa ehtiyac yoxdur” kimi məsuliyyətsiz ifadələrdən istifadə edirdi".
M.İbrahimqızının sözlərinə görə, Ermənistan KİV-ləri məlumat yayıblar ki, may ayının ortalarında hökumət inşaat sektorunun, bəzi iaşə və ticarət obyektlərinin işləməsinə icazə verib və virusdan ölənlərə görə məsuliyyəti vaxtında ciddi tədbirlər almadığı üçün birbaşa Paşinyan daşıyır.
Deputat diqqətə çatdırıb ki, Ermənistanda koronavirus pandemiyasının geniş yayıldığı dövrdə tətbiq edilən məhdudiyyətlərə görə ölkə iqtisadiyyatının iflic vəziyyətinə düşəcəyi ehtimalı daha da artır və ekspertlər bu barədə fikirlərini bildirirlər. Ermənistanın sabiq iqtisadiyyat naziri Armen Yeqizaryan hesab edir ki, artıq ölkədə koronavirusa yoluxanların sayı o qədər artıb ki, alınan karantin tədbirləri belə arzu edilən nəticəni verməyəcək. Son aylarda hökumətin tətbiq etdiyi antiböhran proqramı maliyyə cəhətdən yetərli deyil və vətəndaşlar üçün ciddi nəticə vermir, onların sosial-iqtisadi problemlərini həll etmir.
M.İbrahimqızı qeyd edib ki, küçə adamından baş nazir pilləsinə kimi irəliləmiş Nikol Paşinyanın amerikalı iş adamı Corc Sorosun təsis etdiyi Soros Açıq Cəmiyyəti (Soros Fondu) tərəfindən dəstəkləndiyi gün kimi hər kəsə aydındır. Paşinyanın 2018-ci ildəki küçə yürüşləri, mitinqləri və kütləvi aksiyalarının arxasında əslində hansı qüvvələrin dayandığı hər kəsə bəllidir. Ermənistanda antisorosçuların həbsi dediklərimizin bariz nümunəsidir. Azərbaycanafobiyadan ilhamlanan bəzi təşkilatlar ölkəmizdə ən xırda məsələyə reaksiya verdikləri halda, Ermənistanda baş verən qanunsuzluqlara, bu qanunsuzluğu həyata keçirən hakimiyyət nümayəndələrinə qarşı bir dəfə də olsun hansısa ittiham səsləndirməyiblər. Bu da görünür, bizi istəməyən qüvvələrin "demokratiyası" və "fəlsəfəsidir".

yap.org.az

Digər xəbərlər