Siyasət

  • 9 348

Nazim Mustafa: Ermənilər nə qədər çalışsa da, tarixi gizlətmək alınmayacaq

image

“İlk dəfə toponimlərin adlarının dəyişdirilməsi 1919-cu ildə daşnak hökuməti tərəfindən başladı. O zaman daşnak hökumətinin daxili işlər naziri göstəriş vermişdi ki, azərbaycanlıların qovulduğu və ermənilərin köçürüldüyü yerlərə erməni adları verilsin. 1919-1920-ci illərdə 17 yaşayış məntəqəsinin adı dəyişdirildi. Sonra 1935-ci ilə qədər Ermənistan hökuməti tərəfindən, 1935-ci ildən sonra isə Ermənistan Ali Sovetinin fərmanları ilə yer adları dəyişdirilərək erməniləşdirilib”. Bu fikirləri yap.org.az saytına Prezident Kitabxanasının şöbə müdiri, tarix elmləri üzrə fəlsəfə doktoru Nazim Mustafa deyib.

N.Mustafa bildirib ki, təkcə sovet hakimiyyəti illərində 1988-ci ilə qədər tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində 250 minə yaxın azərbaycanlı yaşayırdı. Bu dövrdə 190 sırf azərbaycanlı yaşayış məntəqəsi, 94 ermənilərlə qarışıq ərazi mövcud idi. Ermənistanın 6 şəhərində də azərbaycanlılarla ermənilər qarışıq yaşayırdılar. 1988-ci ilə qədər Ermənistanda 521 azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirildi. 1991-ci ilin aprel ayında Levon Ter-Petrosyanın fərmanı ilə 91azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdiirldi.
O qeyd edib ki, ermənilər təkcə yaşayış məntəqlərinin adlarının dəyişdirilməsi ilə kifayətlənmədilər. Onlar hətta dağların, çayların, qayalıqlar, bulaqların da adını dəyişdiriblər. 1935-ci ildə çap olunmuş xəritədə də bu məqamlar əksini tapır. Xəritədən göründüyü kimi, tarixən həmin ərazilərdə ermənilərə aid bir toponim də yoxdur.
“Ermənilər yer adlarını necə dəyişdirirdilər? Yerlərdən arayış yazıb yuxarı qurumlara göndərilirdi ki, filan kəndin, qəsəbənin adında ermənilərə aid heç nə yoxdur. Bu adlar türk adlarıdır. İndi həmin ərazilərdə ermənilər yaşadıqları üçün yer adları da ermənilərə məxsus olmalıdır. Beləcə, tarixi toponimlər dəyişdirilərək onlara erməni adı verilirdi. İş burasındadır ki, bir çox yer adları dəyişdirilərkən azərbaycanlı adları erməni dilinə tərcümə olunub dəyişdirilirdi.
Son dövrdə isə ermənilər milli atlas buraxırlar. Burada 41 min vahid toponim var. Nəinki yaşayış məntəqələri, hətta çaylar, qayalıqlar, xarabalıqlar, əkin yerlərinin də adları var. Həmin toponimlərin də tarixi adları bizə məxsusdur. Ermənilərin kadastr komitəsində əvvəlki və dəyişdirilmiş toponimlərın adları var. Tarixi adların hamısı dəyişdirilib.
Ermənilər tarixi saxtalaşdırmağa çalışsa da, ancaq tarixi silmək olmaz. Çünki tarixi sənədlər ortadadır. Hətta çar Rusiyası dövründə əhalinin siyahıya alınması sənədləri var, vergi sənədləri var, toponimlər var və s. Yəni statistik göstəricilər bizim xeyrimizədir. Ermənilər həmin torpaqlardan bizim izimizi silməyə çalışırlar ki, azərbaycanlıların burda nə zamansa yaşadıqları sübut oluna bilməsin. Amma bu mümkün deyil. Ermənilər nə qədər çalışsa da, tarixi gizlətmək alınmayacaq”-deyə, N.Mustafa qeyd edib.

yap.org.az

Digər xəbərlər