Sədaqət Vəliyeva: Dövlət ən çətin zamanlarda belə vətəndaşlarının yanında olduğunu isbatlayır

“Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizə dövründə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Belə ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə sərt karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlarda 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi davam etdiriləcək. Eyni zamanda, yeni növ koronavirus pandemiyası ilə mübarizə şəraitində əlilliyi olan şəxslərin əlillik müddətinin uzadılması, aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsi prosedurunun sadələşdirilməsi və bu yardımın verilməsinin müddətinin uzadılması da həyata keçiriləcək. Eləcə də işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə minimum məbləğdə işsizlikdən sığorta ödənişi iki ay, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün ödənişi isə 1 iyul tarixinədək olan müddətə davam etdiriləcək. Bütün bu tədbirlər bir daha dövlətin ən çətin zamanlarda belə vətəndaşlarının yanında olduğunu isbatlayır”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, dövlət bu cür çətin və həssas məqamlarda sosial proqramların dayanmamasına, ixtisar olunmamasına çalışır: “Əminliklə deyə bilərəm ki, hazırda Azərbaycan dünyada yeganə ölkələrdəndir ki, sosial öhdəliklərini vaxtında tam yerinə yetirir. Heç kəsə də sirr deyil ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, xüsusilə də məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Məhz, məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 paket reallaşdırıldı və Prezident tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq, sosial rifah istiqamətinə milyonlarla manat vəsait xərcləndi. Eyni zamanda xatırlatmaq yerinə düşər ki, ilk sərt karantin zamanı yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi işləri aparıldı. 15 000-dən çox tənha yaşlıya sosial xidmətlər göstərildi. 20 minədək ərzaq payı tənha və əlilliyi olan şəxslərə verildi. Dövlət xüsusi karantin rejimində əhalinin sosial vəziyyətini stabil saxlamaq üçün daha bir neçə addımlar da atdı. Məsələn, əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırıldı və 10 milyon manat ayrıldı. Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərcləri ödənildi və buna da 40 milyon manat xərcləndi. Dünən isə Nazirlər Kabinetinin sərt karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlarda sosial tədbirlərin davam etdirilməsi haqqında qərar verməsi bir daha onu sübut edir ki, dövlətin sosial siyasəti ardıcıl xarakter daşıyır və reallaşdırılır. Bütün görülən işlər, sosial tədbirlər də isbatlayır ki, Prezident İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində vətəndaş dayanır və dövlət hər zaman vətəndaşının yanındadır”.
Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, ölkəmizin məqsədyönlü siyasətini cəmiyyətin, xalqın ehtiyacları əsasında formalaşdıran Prezident İlham Əliyev qarşıya respublikamızda sosial vəziyyəti dünyanın inkişaf etmiş ölkələrindəki səviyyəyə çatdırmaqla bağlı mühüm vəzifə qoyub. İmzalanan sərəncamlar, verilən qərarlar insanların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Bütövlükdə isə sosial sahədə reallaşdırılan addımlar bir daha sübut edir ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritetidir.

yap.org.az