Siyasət

  • 11 346

Prezidentin və birinci xanımın fədakarlığı xalqımız tərəfindən yüksək qiymətləndirilir HİKMƏT ŞİKAROV

image

“Bizim hazırda bir nömrəli məsuliyyətimiz koronavirusla mübarizə siyasətində dövlətimizin, Prezidentimizin yanında olmaq və tətbiq edilən karantin qaydalarına riayət etməkdir, özümüzün, ətrafımızın sağlamlığının qorunub mühafizə olunmasında yaxından iştirak etməyimizdir”. Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov iyunun 24-də Prezident İlham Əliyevin və Birinci xanım, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Qərb bölgəsinə - Gəncə şəhərinə və Samux rayonuna etdikləri səfərlərini və orada irəli sürülən fikirləri şərh edərkən deyib.Hikmət Şikarovun sözlərinə görə, koronavirus infeksiyasına yoluxma və ölüm halları təəssüf ki, artmaqdadır və son iki günün statistikası da məhz bunu göstərir: “Əbəs deyil ki, dövlətimizin başçısı, cənab İlham Əliyev səfərləri çərçivəsində bu amilə xüsusi diqqət ayıraraq, ilk növbədə insanlarımızı tam məsuliyyətə çağırıb, tətbiq edilən karantin rejiminə uymağa, eləcə də gigiyenik qaydalara, sosial məsafə saxlamağa riayət etməyi tövsiyə edib”.YAP Pirallahı rayon təşkilatının sədri həmçinin daha bir mühüm məqama toxunaraq bildirib ki, Prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva belə bir çətin dövrdə həyatlarını riskə ataraq, Azərbaycan xalqı və dövləti naminə növbəti fədakarlıqlarını nümayiş etdirməkdədirlər: “Bu fədakarlıq isə xalqımız tərəfindən yüksək qiymətləndirilir. Hesab edirəm ki, dövlətimizin hələ infeksiya yeni yayılmağa başlayarkən gördüyü önləyici tədbirləri uğurlu nəticələrini verdi. Xəstəxanaların ən müasir avadanlıqlarla təchiz olunmasından başlayaraq yeni modul tipli xəstəxanaların açılışına, eləcə də xalqın sosial vəziyyətinin yüksək səviyyədə təmin olunması üçün görülən sosial tədbirlərə, maska və dezinfeksiyaedici istehsalat müəssisələrinin açılışına qədər atılan hər bir addım ağır fəsadların qarşısını aldı. Lakin təəssüf ki, bir sıra məsuliyyətsiz insanlar dövlətimizin zəhmətlərinə etina etmirlər. Tələb edilən qaydalara əməl etməyən, məsuliyyətsiz davranan insanlar həm özlərinin, həm də ətraflarının həyati təhlükələrinə yol açırlar. Buna isə imkan vermək olmaz. Bizlər hər birimiz, birmənalı şəkildə məsuliyyətsizləri qınamalı, onları doğru istiqamətə tərəf yönləndirməli, görülən zəhmətlərin hədər olmaması üçün iradəmizi ortaya qoymalıyıq”.“Əgər xatırlasaq ki, COVID-19 bir sıra aparıcı Qərb ölkələrində hansı təhlükələri yaşatdı, insanların ölüm saylarının qarşısı çox çətinliklə alındı, hətta xəstəxanalarda belə yerlər dolub-daşdı, bu zaman eyni vəziyyətin ölkəmizdə də yaşanmaması üçün əlimizdən gələn dəstəyi, vətəndaşlara məsuliyyətli davranmağı aşılamaq missiyamızı davamlı şəkildə reallaşdırmalıyıq”, deyən Hikmət Şikarova görə, Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyeva ilə birlikdə 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında növbəti tarixi çıxışı da məhz bu faktoru ehtiva etməkdədir: “Çıxışdan məlum oldu ki, ölkəmizdə sayca 5-ci modul tipli xəstəxana açılır. Onlardan ikisi Bakıda, biri Sumqayıt şəhərində, biri isə Abşeron rayonunda artıq fəaliyyətə başlayıbdır. Yaxın həftələrdə isə digər şəhərlərdə bu tipli xəstəxanalar istifadəyə veriləcək və beləliklə, bu xəstəxanaların sayı 10-a çatacaq. Dövlət başçısının da qeyd etdiyimi kimi, bu, bizə imkan verəcək ki, əlavə 2 min çarpayı əldə edək. Nəzərə alsaq ki, koronavirus xəstələrinin sayı artır, bu, COVID-19-a qarşı mübarizədə öz rolunu oynamalıdır. Eyni zamanda, dövlət başçısı çıxışında koronavirusla bağlı ölkədə yaranmış vəziyyəti oldğu kimi və birmənalı şəkildə dilə gətirdi və həkimlərimizin fədakarlığını vurğuladı, qeyd etdi ki, artıq ictimaiyyətə də dəfələrlə bu fikir çatdırılıb ki, sərtləşdirilmiş tədbirlərin əsas məqsədi yoluxmanın sürətini azaltmaqdır. Çünki biz bu xəstəliklə yaşamağa məcburuq və artıq kütləvi surətdə yeni davranış qaydaları tətbiq edilməlidir. Dövlətimizin başçısı vurğuladı ki, yoluxanların sayı artır, beləliklə, təhlükə də artır. Belə olan situasiyada isə hər bir insanımızın, hər bir vətəndaşımızın üzərinə tam bir məsuliyyət düşür və onun reallaşdırılması üçün həmrəylik faktoru ən ümdə amil olaraq qiymətləndirilməlidir. Əlbəttə ki, bizlər bütün tələblərə və şərtlərtə əməl etməliyik, tibbi maskalar və əlcəklərdən yararlanmalı, sosial məsafəni gözləməliyik. Ən əsası hər birimizə hər bir məsələdə bizlərə nümunə və örnək olan dövlət başçımızdan və birinci xanımdan nümunə götürməlyik. Əbəs deyil ki, bu gün ölkəmizin bir nömrəli şüarı da “Biz birlikdə güclüyük” ifadəsidir. Bəli, biz birikdə, Prezidnet İlham Əliyev cənablarının ətrafında Ona göstərdiyimiz, bundan sonra da göstərəcəyimiz dəstəyimizlə, həmrəyliyimizlə koronavirus epidemiyasına qalib gəlmək əzmindəyik. Bunun üçün isə, ilk növbədə məsuliyyətli və bird aha məsuliyyətli olmalıyıq. Bu, eyni zamanda bizim vətəndaşlıq borcumuzdur”.

sia.az

Digər xəbərlər