Siyasət

  • 12 556

Cərimələrin artırılması insanları intizama dəvət etmək üçün effektiv vasitə ola bilər - ŞƏRH ÖZƏL

image

"İnsanlar heç vaxt biri birinə indiki qədər məhkum, indiki qədər möhtac olmayıb. Heç tanımadığınız bir insanla təsadüfi qarşılaşma sizin səhhətinizə, sağlamlığınıza və hətta həyatınıza başa gələ bilər. Ona görə də hazırda bir sosial fərdin taleyi digərinə bağlıdır. Biz bunun fərqində olmalıyıq". Bunu SİA-ya açıqlamasında Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, unutmaq olmaz ki, sosial fərd adlandırdığımız insanların içərisində bizim doğmalarımız, sevdiklərimiz, övladlarımız, qardaş – bacılarımız, valideyinlərimiz, dostlarımız da var: "Koronovirus isə bunların heç birinə fərq qoymadan hamıya eyni dərəcədə yoluxa bilən bir virusdur. Ona görə də sağlamlığı, bəzənsə taleyi bizdən asılı olan insanlara əsla və əsla risk yaratmamalıyıq ! Azərbaycan Prezidenti İlham Əliyev Gəncə şəhərinə səfəri zamanı yeni modul tipli xəstəxananın açılışında iştirak etdi. Öz nitqində koronovirus təhlükəsilə bağlı olduqca mühüm məsələlərə toxundu. Dövlətimizin gördüyü və görəcəyi tədbirlərdən danışaraq qeyd etdi ki, ölkəmizdə sayca 5-ci modul tipli xəstəxana açılır. Onlardan ikisi Bakıda, biri Sumqayıt şəhərində, biri isə Abşeron rayonunda artıq fəaliyyətə başlayıbdır. Yaxın həftələrdə digər şəhərlərdə də bu tipli xəstəxanalar istifadəyə veriləcək. Beləliklə, bu xəstəxanaların sayı 10-a çatacaq. Əlbəttə bu göstəricilər mühüm göstəricilərdir və Azərbaycan dövlətinin koronovirusa qarşı necə tədbirli olmasını ifadə edir. Ancaq nə qədər yaxşı xəstəxana, nə qədər çox çarpayı sayı olursa olsun xidmət göstərəcək ixtisaslı kadrlar, insan resursları, həkimlər olmasa bunlar sadəcə sitatistika olaraq qalacaq. Ona görə də vətəndaşlarımız nəzərə almalıdırlar ki, insan resursları, ixtisaslı kadrlar bir günə bir ilə yetişmədiyi üçün burada müəyyən problemlər yarana bilər". H.Babaoğlu qeyd edib ki, gərək hər bir vətəndaşımız obyektiv reallığı nəzərə alaraq bir az da öz sağlamlığının qeydinə özü qalsın: "Heç olmasa virus daşıyıcısı olub başqalarını yoluxdurmasın. Hazırki vəziyyətə diqqət çəkən Prezident İlham Əliyev vurğuladı ki, son müddətin dinamikası göstərir ki, bizim bütün tələblərimizə baxmayaraq, bəzi insanlar məsuliyyətsizlik göstərərək elementar qaydalara əməl etmirlər. Təkcə Azərbaycanda yox, bütün dünyada bu qaydalar çox sadədir və onlara əməl etmək o qədər də böyük əziyyət tələb etmir - maska, məsafə və dezinfeksiya. Bu üç əsas amil insanları qoruyur. Əgər bu üç amilə əməl olunarsa, onda yoluxmanın sayı kəskin azalacaq. Ancaq biz nəyi görürük? Onu görürük ki, yumşalma tədbirlərindən sonra Azərbaycanda bu qaydalar kütləvi surətdə pozulur və məhz buna görə biz yenidən məhdudlaşdırıcı tədbirləri tətbiq etdik. Çünki görürdük ki, xəstələnənlərin sayı, dinamikası artır və əgər belə gedərsə, bizim də səhiyyə sistemimiz buna davam gətirə bilməz. Düşünürəm ki, Prezidentin bu fikirləri əslində cəmiyyətimiz tərəfindən həyəcan siqnalı kimi qəbul edilməlidir. Eyni zamanda operativ qərərgah daha sərt qaydalar tətbiq etməlidir. Bunların sırasında cərimələrin artırılması da nərədən keçirilə bilər. Görünür bəzi adamlar üçün karantin rejiminin tələblərini pozanlara tətbiq edilən hazırki cərimələri ödəmək elə də maddi çətinlik yaratmır. Əslində digər ölkələrlə müqayisədə minimum əmək haqqına nisbətdə də cərimələr ölkəmizdəkindən dəfələrlə çoxdur və düşünürəm ki, cərimələrin artırılması sosial məsuliyyəti az olan insanları intizama dəvət etmək üçün yaxşı bir effektiv vasitə ola bilər. Ona görə də bir daha hansı yolla olursa olsun biz koronovirusa qarşı mübarizə tədbirlərimizi gücləndirməli, özümüzü və cəmiyyətimizi qorumalıyıq".

sia.az

Digər xəbərlər