Prezident İlham Əliyevin təşəbbüsü beynəlxalq ilklərdən biridir

Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər həyata keçirir, eyni zamanda, regional və qlobal miqyasda da bu istiqamətdə həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verir. İlk addım olaraq Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirildi.Qeyd etmək lazımdır ki, Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilat idi ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşü keçirib. Bunun davamı olaraq Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirilmiş Zirvə görüşü təşkil edildi. Bu tədbirlər ölkəmizin qlobal səviyyədə beynəlxalq həmrəyliyin daha da möhkəmləndirilməsinə əhəmiyyətli töhfəsidir.Prezident İlham Əliyev Zirvə görüşü zamanı çıxışında bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatının sədr ölkəsi kimi Hərəkatın 1996-cı ildə qəbul olunmuş Metodologiyalar üzrə Kartaxena sənədindən çıxış edərək koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun yaradılması və bu formatda Zirvə görüşünün keçirilməsi təşəbbüsünü irəli sürüb. 2019-cu il oktyabr ayının 25-26-da Qoşulmama Hərəkatının Bakıda XVIII Zirvə görüşünün keçirildiyini diqqətə çatdıran Prezident İlham Əliyev vurğulayıb ki, Zirvə görüşündə qəbul olunmuş Bakı Bəyannaməsi və Bakı Yekun Sənədində beynəlxalq hüququn prinsipləri öz əksini tapıb və bu sənədlərdə 65 illiyi bu yaxınlarda qeyd edilən Bandunq prinsiplərində yer alan dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına bir daha dəstək ifadə olunub. Bununla yanaşı, Prezident İlham Əliyev sədrliyi öz üzərinə götürərkən Azərbaycanın beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacağını, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacağını bəyan edib.Koronavirus pandemiyasının dünyada vəziyyəti tamamilə dəyişdiyini, nəticədə yeni reallıqların meydana çıxdığını və Azərbaycanın yeni vəziyyətə çevik, adekvat reaksiya verdiyini qeyd edən dövlət başçısı bildirib ki, ölkəmizin təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupunun Zirvə görüşü bunu təsdiq edir. COVID-19 qlobal pandemiyasının bütün dünya dövlətlərinə mənfi təsir göstərdiyini, heç bir ölkənin bundan sığortalanmadığını diqqətə çatdıran Prezident İlham Əliyev deyib ki, qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə bu pandemiyaya qalib gələ bilərik. Bununla yanaşı, Prezident İlham Əliyev BMT-nin Baş katibi Antonio Quterreş tərəfindən koronavirusa qarşı mübarizə məqsədilə qlobal humanitar cavab planının elan edilməsini, BMT Baş Assambleyasında müvafiq qətnamələrin qəbul olunmasını və Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı qlobal mübarizədə oynadığı mühüm rolu yüksək qiymətləndirdiyini qeyd edib. Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının bütün üzv dövlətlərinin bu təşəbbüsü yekdilliklə dəstəklədiyini, Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak prinsipi əsasında bütün regional qruplardan olan ölkələrin təmsil olunduğunu diqqətə çatdırıb.Prezident İlham Əliyev Qoşulmama Hərəkatının videokonfrans Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. Onu da xatırladaq ki, 2011-ci il oktyabrın 24-də Azərbaycan 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə BMT-yə üzv olan 193 dövlətdən 155-nin dəstəyi ilə inamlı qələbə qazanmışdır. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla, ölkəmizin son illər dünya miqyasında artan siyasi nüfuzunun bariz sübutu kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan, son illər ərzində sabit inkişaf edən, yüksək iqtisadi göstəricilərə nail olan və beynəlxalq siyasətdəki fəaliyyəti ilə dünya ictimaiyyətinin rəğbətini qazanan dövlət olaraq, bütün bu müvəffəqiyyətlərin nəticəsində beynəlxalq səviyyədə ən mötəbər qurumun üzvlüyünə seçilmişdir.Məlum olduğu kimi, BMT Baş Assambleyası ildə bir dəfə sentyabrın üçüncü həftəsində azı 3 aylıq müddətə toplanır. BMT Nizamnaməsinə əsasən, BMT Baş Assambleyası zəruri ehtiyac olduğu fövqəladə vəziyyətlərdə xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır. 1945-ci ildə BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın fövqəladə sessiyaları çox az sayda keçirilmişdir. Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olub. Bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünün bir daha təcavüzkar mahiyyətini göstərdi.

Mətanət Abdullayeva, 137 saylı orta məktəbin direktoru

sia.az