Siyasət

  • 10 492

Dünyanın etiraf etdiyi reallıq İlham Əliyevin fəaliyyətinə verilən real qiymətdir - MƏQALƏ

image

Bu gün Azərbaycan nəinki milli səviyyədə COVID-19-la mübarizədə səmərəli tədbirlər həyata keçirir, eyni zamanda, regional və qlobal miqyasda da bu istiqamətdə həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfə verir. İlk addım olaraq Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirildi. Qeyd etmək lazımdır ki, Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilat idi ki, dövlət başçıları səviyyəsində koronavirus pandemiyasına həsr olunmuş Zirvə görüşü keçirib. Və bunun davamı olaraq Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda Qoşulmama Hərəkatının üzvləri bir araya gələrək mayın 4-də videokonfrans vasitəsilə ilk dəfə koronavirusla mübarizəyə həsr olunan “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirildi. Sirr deyil ki, COVİD-19 pandemiyasının yayılmağa başladığı vaxtdan bu günə kimi beynəlxalq müstəvidə bu formatda və miqyasda konfranslar, birgə müzakirələr keçirilməyib. Bu da əlbəttə ki, Azərbaycan Prezidentinin təşəbbüsünə verilən növbəti qlobal dəstək deməkdir. Çünki Prezident İlham Əliyevin kritik məqamlarda verdiyi çevik və qətiyyətli qərarlar Azərbaycanı dünyada fərqləndirir. Bölgədə yeganə güc sahibi olan Azərbaycan beynəlxalq aləmdə güvənilən, etibar edilən ölkə statusunu artırır, yerini və mövqeyini möhkəmləndirir.Həmçinin, onu da vuğulamaq lazımdır ki, bu gün bütün sahələrdə olduğu kimi, koronavirusla mübarizə tədbirlərində də ölkəmiz dünyada özünəməxsus imic formalaşdırıb. Bu gün artıq Azərbaycan modeli, unikal təcrübəsi mövcuddur və bu reallıq dünya tərəfindən qəbul edilir, bəyənilir. Həmçinin, reallaşdırılan sosial-iqtisadi dəstək proqramları, genişmiqyaslı antiböhran tədbirlər də beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Çünki Azərbaycan artıq beynəlxalq aləmdə inkişaf, tərəqqi, yüksəliş simvoluna çevrilir. Və bütün dünyanın etiraf etdiyi bu reallıq Prezident İlham Əliyevin fəaliyyətinə verilən haqlı və real qiymətdir.Dövlət başçısı bu görüşün keçirilməsinə böyük inam və edimadın olduğunu da bildirib: "120 üzv dövlətin yekdil dəstəyi ilə Azərbaycan üç il ərzində Qoşulmama Hərəkatına sədrlik edəcək. Bizə göstərilən böyük inam və etimada görə bir daha minnətdarlığımı bildirirəm. Sədrliyi öz üzərimizə götürərkən mən bəyan etdim ki, Azərbaycan beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacaq, həmrəyliyin gücləndirilməsini və qarşılıqlı dəstəyi rəhbər tutacaqdır. Azərbaycan Qoşulmama Hərəkatında sədrliyinə dair əhatəli Tədbirlər Planı hazırlamış və praktiki fəaliyyətə başlamışdır. Koronavirus pandemiyası dünyada vəziyyəti tamamilə dəyişmiş və nəticədə yeni reallıqlar meydana çıxmışdır. Azərbaycan yeni vəziyyətə çevik və adekvat reaksiya vermişdir. Azərbaycanın təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının koronavirusa qarşı Təmas Qrupunun Zirvə Görüşü bunu göstərir".Prezident İlham Əliyev Qoşulmama Hərəkatının videokonfrans Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. Məlum olduğu kimi, BMT Baş Assambleyası ildə bir dəfə sentyabrın üçüncü həftəsində azı 3 aylıq müddətə toplanır. BMT Nizamnaməsinə əsasən, BMT Baş Assambleyası zəruri ehtiyac olduğu fövqəladə vəziyyətlərdə xüsusi sessiyalar keçirə bilər. Azərbaycan Prezidentinin bu təklifi Nyu-Yorkda Qoşulmama Hərəkatının 120 üzv ölkələri arasında yekdilliklə razılaşdırılmış və bunun ardınca hazırda Hərəkatın sədri olan Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə Baş katib Antonio Quterreşə müraciət ünvanlamışdır. BMT-nin Baş katibi mayın 28-də BMT Baş Assambleyasının “Prosedur Qaydaları” adlı sənədinin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yəni iyunun 27-dək edilən təşəbbüsə dair münasibət bildirilməsini xahiş etmişdir. Azərbaycan Prezidentinin bu təklifindən keçən dövr ərzində rəsmi məlumatlara görə, 130-a qədər ölkə təşəbbüsə dəstək verib.Bu isə, Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün BMT-nin üzvü olan 130-a qədər dövlət tərəfindən dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə, eləcə də dövlətimizin başçısına olan böyük etimadın və hörmətin növbəti göstəricisidir.Onu da vurğulamaq istərdim ki, bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olub. Bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünün bir daha təcavüzkar mahiyyətini göstərdi. Eyni zamanda, onu da xatırlatmaq istərdim ki, iyunun 18-də Prezident İlham Əliyevin iştirak etdiyi Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində bir daha Ermənistan dövlətinin işğalçılıq siyasətini qlobal müstəvidə ifşa etdi. Dövlət başçısı Sammitdə danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, "Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır" deməklə Paşinyana növbəti dəfə tarix dərsi keçdi.Ermənistanın baş naziri çıxışında koronavirusla mübarizə üçün ehtiyacların ödənilməsi məqsədilə Avropa İttifaqından 92 milyon avro həcmində yardım aldıqlarını qeyd edib. Azərbaycan Prezidenti isə çıxışında vurğulayıb ki, ölkəmiz pandemiya ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar könüllü maliyyə yardımı ayırmaqla, eyni zamanda, 29 dövlətə humanitar yardım göstərdiyini və bu işin davam etdirildiyini bildirdi. Göründüyü kimi, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı koronavirusla mübarizədə nümunə ölkə adlandırır, Azərbaycanın digər ölkələrə yardımını təqdir edir, Ermənistan isə virusla mübarizə üçün, sadəcə, məqsədli şəkildə pul dilənir. Zirvə görüşündə Ermənistan və onun havadarlarının bütün səylərinə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə böyük diplomatik uğura imza atıldı, 120 dövlətin təmsil olunduğu Zirvə görüşündə Ermənistanın işğalçı dövlət kimi ifşa edilməsinə nail olundu.Bir məqamı da qeyd etmək istərdim ki, BMT-dən sonra dünyada ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünün Prezident İlham Əliyevin sədrliyi ilə Bakıda keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi Azərbaycanın böyük diplomatik uğurudur. Məhz dövlət başçısının diplomatik uğurunun nəticəsidir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünü 130 ölkənin dəstəkləməsi dünya dövlətlərinin Azərbaycana və onun liderinə hörmətinin əyani təsdiqidir. Bu fakt bir daha təsdiqləyir ki, artıq dünyanın inkişaf etmiş dövlətlərinin Azərbaycana inam və etimadı artmaqdadır. Postsovet dövlətləri arasında Azərbaycanın dünya birliyində belə yüksəkliyə qalxması və beynəlxalq ictimaiyyətin inamını qazanması düzgün müəyyənləşdirilmiş siyasi kursun bariz nümunəsidir.Əminliklə vurğulamaq istərdim ki, Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi altında Qoşulmama Hərəkatında sədrliyi dönəmində bundan sonra da multilateralizmə, dünya ölkələrinin ümumi təhdidlər qarşısında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə yönəlmiş fəaliyyətini davam etdirəcək.İnanıram ki, Prezident İlham Əliyevin yeni təşəbbüsü həm amansız COVİD-19 pandemiyasına qarşı beynəlxalq mübarizənin daha səmərəli şəkildə təşkil edilməsində, həm də qlobal miqyasda əməkdaşlıq və həmrəyliyin möhkəmləndirilməsində yeni imkanlar yaradacaq. Və ən qısa zamanda BMT-yə üzv olan dugər ölkələr də bu baqda məlumatlandırılacaq və sessiya mümkün qədər tez bir zamanda təşkil olunaraq, baş tutacaqdır.

İSA HƏBİBBƏYLİ,
AMEA-nın vitse-prezidenti, millət vəkili, akademik

sia.az

Digər xəbərlər