Siyasət

  • 10 128

130-dan çox dövlətin İlham Əliyevin təşəbbüsünü dəstəkləməsi ölkəmizə olan etimaddır - MƏQALƏ

image

Bu gün planetimiz və onun bir parçası olan Azərbaycan COVID-19 pandemiyasının yaratdığı dərin böhran və çətinliklərlə üz-üzədir. Hətta dünyanın ən çox inkişaf etmiş ölkələri bu sınaq qarşısında aciz qalıb. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə görülən işlər, xüsusən genişmiqyaslı sosial dəstək tədbirləri bir çox ölkələr üçün nümunə ola bilər. İlk növbədə, yaranmış vəziyyətdən əziyyət çəkən vətəndaşların problemləri həll edilir. Bu məqsədlə böyük məbləğdə vəsait ayrılıb, pandemiyaya görə öz işini müvəqqəti olaraq itirən 600 mindən çox insan dövlət tərəfindən dəstəklə təmin edilir. Eyni zamanda, işsizlərlə bağlı problemlər öz həllini tapır, əhalinin sosial rifahını qorumaq üçün digər mühüm addımlar atılır. Bu, bir tərəfdən liderin siyasi iradəsi, digər tərəfdən dövlətin iqtisadi gücü sayəsində mümkün olur. Mövcud reallıq Azərbaycan dövlətinin neqativ tendensiyaları layiqli qarşılamaq, zamanın istənilən çağırışına cavab vermək iqtidarında və əzmində olduğunu nümayiş etdirir. Dövlətimiz məhz zəruri iqtisadi və maliyyə imkanlarına arxalanaraq daim ən çətin vaxtlarda xalqın rifahının qorunmasına və özəl sektorun inkişafına öz dəstəyini göstərib və göstərməkdədir.

"Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır”
Göründüyü kimi, koronavirus pandemiyası şəraitində reallaşdırılan bənzərsiz sosial müdafiə tədbirləri Prezident İlham Əliyevin "Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır” fikrilərinin bariz təzahürüdür və əməli işlərlə tamamlanır. Azərbaycan Prezidentinin əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verdiyi hər bir qərar, atdığı hər bir addım cəmiyyətdə razılıqla qarşılanır, böyük rəğbət doğurur. Çünki xalqın bu virusun təsirindən müdafiəsi Azərbaycan dövləti üçün ən vacib və prioritet məsələdir. Azərbaycan güclü dövlətdir, öz vətəndaşlarını bütün növ təhlükələrdən etibarlı müdafiəsini təşkil etmək üçün zəruri potensiala malikdir. Bu baxımdan martın 18-də Prezident İlham Əliyev yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalaması, onların əməkhaqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək miqdarda müddətli əlavənin müəyyən edilməsi bir daha onu göstərir ki, Azərbaycan dövləti həkimlərin fədakarlığını layiqincə qiymətləndirir.
Xalqın çətin anlarının Prezidenti
Prezident İlham Əliyev verdiyi vədləri qətiyyətlə və istənilən şəraitdə yerinə yetirir. Bəli, düz 17 ildir ki, Prezident İlham Əliyev bu yolu davam etdirir. Hələ Prezident İlham Əliyev 2003-cü ildə prezident seçilərkən Azərbaycan həlli müşkül görünən bir sıra problemlərlə üz-üzə idi. O vaxt ölkə hələ yeni-yeni dirçəlirdi, işsizlik, məcburi köçkünlərin acınacaqlı halı, bölgələrin inkişafdan geri qalması, əhalinin sosial vəziyyəti ciddi narahatlıq doğururdu. Prezidentin ilk vədi bu oldu: ölkədə yüz minlərlə yeni iş yeri yaradılacaq. Ötən illər ərzində 2 milyona yaxın iş yeri yaradıldı. İşsizlik səviyyəsi 40 faizdən 5 faizə endi. Bir dənə də olsun çadır düşərgəsi qalmayacağını demişdi. Çox keçmədən axırıncı çadır düşərgəsi ləğv olundu. Bütün bunlar onu göstərir ki, dara, çətinliyə düşən insanlar hər zaman yanlarında dövləti, Prezidenti görürlər. Dövlət başçısı koronavirusla bağlı ardıcıl addımların da atılmasında məqsədi Azərbaycan xalqının sağlamlığı olduğunu bildirib: «Bizim bu sahədə görülən işlərə ən gözəl qiyməti Azərbaycan xalqı verir. Bir daha demək istəyirəm ki, mən minlərlə elektron məktub alıram. Bu məktublarda görülən işlərə görə minnətdarlıq ifadə olunur. Ümumdünya Səhiyyə Təşkilatı bizim gördüyümüz işlərə yüksək qiymət verərək Azərbaycanı koronavirusla mübarizə sahəsində nümunəvi ölkə adlandırıbdır. Bütün bunlar deməyə əsas verir ki, biz bu bəlanı da dəf edəcəyik, bu mübarizədə qalib gələcəyik. Biz xalq olaraq artıq BİRLİK, HƏMRƏYLİK nümayiş etdirmişik, indi daha çox məsuliyyət və nizam-intizam nümayiş etdirməliyik. Belə olan halda biz bu ağır vəziyyətdən az itkilərlə və şərəflə çıxacağıq».
Azərbaycan Prezidentinin növbəti uğurlu diplomatiyası
Məhz Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilməsi, onun davamı olaraq mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirilmiş Zirvə görüşləri bir daha sübut edir ki, bu tədbirlər ölkəmizin qlobal səviyyədə beynəlxalq həmrəyliyin möhkəmləndirilməsinin real nəticəsidir. Ən uğurlu nailiyyət isə Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün BMT-nin üzvü olan 130-a qədər dövlət tərəfindən dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə, eləcə də dövlətimizin başçısına olan böyük etimadın və hörmətin növbəti göstəricisi olmaqla yanaşı, bu taroixi çağırış idi. Çünki belə bir çağırışı ancaq tarixi liderlik missiyasını Prezident İlham Əliyev üzərinə götürə bilərdi. Və bu addımı da Azərbaycanın lideri Prezident İlham Əliyev etdi. Azərbaycanın təklifinin dəstəklənməsi də onu göstərir ki, Azərbaycan beynəlxalq birlikdə böyük nüfuza malikdir və Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyanın keçirilməsi beynəlxalq səviyyədə ictimai birliyin formalaşmasına, bütün üzv ölkələrin problemin həlli istiqamətlərində səyləri birləşdirməklə COVID-19-a qarşı mübarizədə birlik, həmrəylik nümayiş etdirməsinə mühüm töhfə olacaq.Qeyd edim ki, bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olub. Və bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünün bir daha təcavüzkar mahiyyətini göstərdi.Ümumiyyətlə, bütün yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, artıq ölkəmiz, xüsusilə Azərbaycan Prezidenti İlham Əliyev təkcə bütün regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq dünya miqyasında baş verən qlobal hadisələr zamanı qətiyyətli mövqe nümayiş etdirir. Bir sözlə dövlət başçısının təşəbbüsləri qlobal miqyasında beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. Bu da onu göstərir ki, son 17 ildə Azərbaycanda həyata keçirilən mühüm tədbirlər beynəlxalq birliyin Azərbaycana inamının, etimadının təzahürü, ölkəmizin və dövlətimizin başçısının qlobal miqyasda nüfuzunun göstəricisidir.

ZƏRİFƏ QULİYEVA,
YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü, Nəsimi YAP təşkilatı İdarə heyətinin üzvü, “Modern ailə və inkişaf ” İctimai Birliyinin sədri

sia.az

Digər xəbərlər