"İslahatların davam etdirilməsi göz önündədir" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycanda pandemiyaya qarşı effektiv mübarizə təşkil edən ölkəmizin rəhbərliyi dövlət həyatının bütün sahələrinin dinamik inkişafını da diqqət mərkəzində saxlayır. Koronovirusun yaratdığı çətinliklər fonunda Azərbaycanın gələcəyinə, uğurlu inkişafına istiqamətlənmiş islahatların davam etdirilməsi göz önündədir. İdarəetmə, iqtisadi, sosial, məhkəmə -hüquq, qanunvericilik sahələrindəki keyfiyyət dəyişiklikləri, kadr islahatları, Prezident Administrasiyasının, Nazirlər Kabinetinin günün tələblərinə uyğun təşkili bu istiqamətdə həyata keçirilən konkret tədbirlərdir". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mayis Səfərli deyib.Partiya sədrinin sözlərinə görə, siyasi münasibətlərin yeni formatda qurulması, parlament rəhbərliyində müxalifət nümayəndələrinin təmsil olunması ölkədə demokratik şəraitin genişləndirilməsinin sübutudur: "Artıq ölkəmizdə siyasi münasibətlər küçələrdə, meydanlarda deyil, parlament çərçivəsində, masalar arxasında çözülür. Dövlət başçısının bu sahədəki siyasətini uğurla həyata keçirilən Prezident Administrasiyasının Siyasi partiyalarla və qanunvericilik hakimiyyətilə əlaqələr şöbəsinin siyasi spektrin bütün tərəfləri ilə əlaqələri və təmasları davamlı və daimidir.Dünən Milli Məclisdə təmsil olunan siyasi partiyaların sədrləri və nümayəndələri tərəfindən Azərbaycanda siyasi partiyalar arasında geniş müzakirələrin aparılması üçün videokonfrans formatında görüşün keçirilməsi deyilənlərə əyani sübutdur. "Azərbaycanda yeni siyasi konfiqurasiya: Pandemiya dövrü və yeni çağırışlar "mövzusunda keçirilən tədbirdə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev də iştirak edib. Görüşü giriş sözü ilə açan Milli Məclisin sədri Sahibə Qafarova ölkədə həyata keçirilən siyasi islahatların uğurlu nəticəsi kimi parlamentdə təmsil olunan və demək olar ki, cəmiyyətdə mövcud olan siyasi qüvvələrin, cərəyanların və fikirlərin bütün spektrini əks etdirən siyasi qüvvələr arasındakı normal münasibətləri, milli və dövlətçilik məsələləri ətrafında, onların arasındaki əməkdaşlığı və həmrəyliyi nümunə kimi göstərmişdir.Prezident Administrasiyasının söbə müdiri Ədalət Vəliyev Azərbaycanda siyasi islahatların yeni mərhələsinin başlandığını bildirərək, siyasi sistemin yeni konfiqurasiyasının formalaşmasında iqtidar - müxalifət münasibətlərinin müzakirələr vasitəsilə inkişaf etdirilməsinin vacib olduğunu vurğulayıb. Administrasiyanın yüksək vəzifəli rəsmisi haqlı olaraq, yeni siyasi kursun həyata keçirilməsində, genişmiqyaslı islahatların, proqramların reallaşmasında Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətlərinin olduğunu görüş iştirakçılarına çatdırıb. Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri öz çıxışlarında birmənalı olaraq ölkədəki bütün keyfiyyət dəyişikliklərini dəstəklədiklərini dilə gətirmiş,yeni siyasi kursun dövlətimizin dayanıqlı və harmonik inkişafına hədəfləndiyini bildirmişlər. Zənnimcə, tədbirin əhəmiyyətli nəticələrindən biri də odur ki, görüşdə iştirak edən müxtəlif siyasi baxışlı partiyalar qəbul etdikləri birgə bəyanatda bütün ümummilli məsələlərdə hakimiyyətlə həmrəy olduqlarını vurğulamış, konstruktiv müzakirə mühitinin demokratik dövlət üçün vacib olduğunu qeyd etmişlər".

sia.az