Ramiz Hüseynov: Prezident İlham Əliyevin təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın növbəti göstəricisidir

"Azərbaycan Prezidenti İlham Əliyevin COVID-19 pandemiyasına qarşı mübarizə çərçivəsində BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsünün dünyanın 130-dək ölkəsi tərəfindən dəstəkləməsi dövlət başçımızın beynəlxalq miqyasda xüsusi liderlik qabiliyyətinə və imkanlarına malik bir şəxsiyyət kimi qəbul olunduğunu bir daha təsdiqlədi".

Bu fikirləri Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov bildirib. Onun sözlərinə görə, bu gün ölkəmiz iqtisadi inkişafı, əhalisinin sosial rifahı və digər sahələrdə əldə etdiyi uğurlara görə dünyanın ən nüfuzlu dövlətlərindən birinə çevrilib. Azərbaycanda həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaşlarımızın dayandığını bildirən R.Hüseynov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında koronavirus pandemiyasının yayılmasına qarşı aparılan təxisalınmaz tədbirlər bunu bir daha təsdiqlədi. YAP Sumqayıt şəhər təşkilatının sədri bildirib ki, dünyada ölkəmizin irəli sürdüyü təşəbbüslərə verilən dəstək isə ölkəmizin beynəlxalq aləmdə nüfuzunun əhəmiyyətli dərəcədə artmasının göstəricisidir. Bunun başlıca səbəbi Prezident İlham Əliyevin apardığı praqmatik siyasət və qarşıya qoyulan hədəflərə çatmaq üçün sərgilədiyi iradədir: "Prezidentin koronavirus pandemiyasına qarşı mübarizədə dünya ölkələrinə verdiyi birlik və həmrəylik mesajları, irəli sürdüyü təkliflər Azərbaycanın dünyadakı siyasi çəkisini daha da artırır. Dünya ölkələri koronavirusla mübarizə yolları axtardığı zamanda Azərbaycan Prezidenti qlobal çağırış etdi və dövlətləri vahid düşmənə qarşı birlikdə mübarizə aparmağa səslədi. Möhtərəm Prezidentimiz bildirdi ki, COVID-19 qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərir və heç bir ölkə bundan sığortalanmayıb. Qarşılıqlı dəstək, özünə qapanmama və birgə səylərlə COVID-19-a qalib gələ bilərik. Müvafiq prosedurlardan keçdikdən sonra 130-dək ölkə Azərbaycan Prezidentinin təşəbbüsünə rəsmi şəkildə dəstək verib. Prezident İlham Əliyevin təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın növbəti göstəricisidir".

yap.org.az