"Artıq siyasi sistemin yeni konfiqurasiyası formalaşmışdır" ÖZƏL-RƏY

"VI çağırış Milli Məclisin rəhbər strukturlarının formalaşmasında, ənənəvi standartlardan kənar heç kimin gözləmədiyi halda müxalif siyasi partiyaların nümayəndələrinin təmsil olunması, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qanunvericilik orqanında apardığı köklü islahatların tərkib hissəsidir". Bunu SİA-ya millət vəkili Nəsib Məhəməliyev deyib.Deputatın sözlərinə görə, bu gün parlamentdə 9 siyasi partiya fəaliyyət göstərir: "Cəmiyyətin müxtəlif təbəqələrini özündə əks etdirən bu partiyaların bir biri ilə dialoqunu təşkil etmək, onların dövlət idarəetmə sisteminə cəlb olunması, əhalini narahat edən problemlərin həll və ümummilli məsələlərdə dövlət mənafeyindən çıxış edilməsi baxımından koordinasiya olunması olduqca əhəmiyyətlidir. Bu konteksdə Milli Məclisin sədri, hörmətli Sahibə xanım Qafarovanın və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri hörmətli Ədalət Vəliyevin keçirdikləri videokonfransın əhəmiyyəti danılmazdır. Hər bir dövlətin inkişafının kökündə cəmiyyətin müxtəlif təbəqələri arasında formalaşdırılmış sivi dialoq mədəniyyəti durur. Təqdirəlayiq haldır ki, siyasi qüvvələr arasındakı dialoq mühiti təkcə qanunvericilik orqanda təmsil olunan partiyalarla deyil, parlamentdən kənar siyasi qüvvələrlə də aparılır. Bu da cəmiyyətin bütövləşməsinə, sosial gərginliyn aradan qaldırılmasına, vətəndaş cəmiyyəti institutlarının inkişafına xidmət edir. Bütün bunlar ölkəmizdə cənab Prezidentin əvvəlcədən elan etdiyi siyasi islahatlar kursunun davam etdirilməsinin nəticəsidir və demək olar ki, artıq siyasi sistemin yeni konfiqurasiyası formalaşmışdır. Koronovirus pandemiyasına görə, karantin rejiminin qaydalarına müvafiq olaraq, müəyyən məhdudlaşdırıcı şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, demək olar ki, yeni siyasi sistem özünü tam doğrultdu. Hesab edirəm ki, siyasi partiyalarla hakimiyyətin hər iki qolu arasında müzakirələr davamlı olmalı, sistemli xarakter daşımalıdır. Azərbaycan dövlətçiliyinin qorunması, əhalini narahat edən məsələlərin vaxtında müəyyənləşdirilməsi, ölkə başçısının apardığı islahatların mahiyyətinin geniş kütlələrə çatdırılması baxımından da əhəmiyyətlidir".

sia.az