"Azərbaycan əsgərinin atəşi onları gerçəkdən külə döndərəcək" ÖZƏL-MÜNASİBƏT

"İyulun 12-də ermənistan silahlı qüvvələri sərhədlərimizin Tovuz rayonu ərazisində atəşkəs rejimini kobud şəkildə pozaraq, artilleriya qurğularından istifadə edərək mövqelərimizi atəşə tutublar. Ordumuzun 2 qulluqçusu həlak olub, 5 yaralımız var. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfqət diləyirəm! Cavab tədbirləri ilə düşmənin hücumunun qarşısı alınıb, ermənilər böyük itkilərə məruz qalıb. Rəsmi Yerevan itkilərin miqyasını gizlətsə də, erməni mətbuatında ölənlərin sayının 32, yaralananların sayının isə ondan qat-qat çox olduğu bildirilir". Bunu SİA-ya Yurddaş Patiyasının sədri Mayis Səfərli deyib.Onun sözlərinə görə, bütün dünyanın koronavirusla mücadilə etdiyi bir vaxtda, pandemiyadan ən çox zərər görən ermənilərin bu təxribata əl atmasının, sözsüz ki, səbəbləri var: "Bildiyiniz kimi, demokratiya pərdəsi altında hakimiyyətə gələn Paşinyan acından ölən həmvətənlərinə çörək və iş vəd etmişdi. İllər keçsə də, o, bunları xalqına verə bilmədi. Baş nazirin bacarıqsızlığı, boşboğazlığı ölkəsində vəziyyəti daha da ağırlaşdırdı. Onun savadsızlığı və səriştəsizliyi pandemiya ilə mübarizədə özünü daha qabarıq göstərdi. Bu gün düşmən dövlət əhalisinin say nisbətində infeksiyaya yoluxanlara və ölənlərə görə dünyada ön yerdədir.Bu səbəbdən Ermənistanda daxili siyasi vəziyyət olduqca gərgindir. Müxalifət xalqı aldadan Paşinyanı istefaya çağırır. Ermənistanı etiraz dalğaları bürüyüb. İctimaiyyətin diqqətini yayındırmaq, daxili siyasi böhranı malalamaq üçün hoqqabaz baş nazir, söz yox ki, atəşkəsi pozmaqla buna nail olmaq istəyir. Lakin o, məsuliyyətsiz və cinayətkar əməlləri ilə növbəti dəfə öz xalqını itkilərə məruz qoydu.Ermənistan rəhbərliyinin indiki təxribatının başqa bir məqsədi də Azərbaycan ilə münaqişəyə 3-cü ölkələri cəlb etmək istəyidir. Quş beyin Paşinyana elə gəlir ki, Azərbaycan Ordusu hücuma keçərkən Kollektiv Müqavilə Təşkilatının üzvləri ermənilərə yardıma gələcəklər. Burnundan uzağı görməyən erməni hökumətinin başçısı bilməlidir ki, odla oynayır. Bu od, onu da, Rusiyanın, Qərbin köməyi ilə tarixi torpaqlarımızda qurduqları marionet dövlətlərini də yandırıb yaxacaq. Onların imdadına heç kəs, heç Tanrının özü də cavab verməyəcək. İşğalçı Ermənistan unutmamalıdır ki, zəbt etdikləri ərazilərimizi BMT TŞ-nın qətnamələrində və beynəlxalq hüquqda göstərildiyi kimi, tezliklə tərk etməsələr, belə təxribatlarla status-kvo-nu saxlamağa çalışsalar, Azərbaycan əsgərinin atəşi onları gerçəkdən külə döndərəcək".

sia.az