Azərbaycan Prezidentinin təşəbbüsü BMT üzvlərinin əksər çoxluğu tərəfindən dəstəklənib

COVİD-19 Pandemiyası şəraitində özünü təcrid əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac vardır. Dünyada COVİD-19 pandemiyasının başlanmasından etibarən möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Pandemiya insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla bərabər mənfi fəsadları hələ uzun müddət hiss olunacaq sarsıdıcı qlobal social-iqtisadi və humanitar təhlükələr yaratmışdır.

Azərbaycan gənc dövlət olsa da, dünyada böyük nüfuz və etimad sahibidir. Son dövrlər dünyada ölkəmizin irəli sürdüyü təşəbbüslərə göstərilən yanaşma bunun əyani sübutudur. Bunun başlıca səbəbi Prezident İlham Əliyevin apardığı uğurlu siyasət və qarşıya qoyulan hədəflərə çatmaq üçün sərgilədiyi iradədir. Prezidentin koronavirus pandemiyasına qarşı mübarizədə dünya ölkələrinə verdiyi birlik və həmrəylik mesajları, irəli sürdüyü təkliflər isə Azərbaycanın dünyadakı nüfuzunu daha da artırdı. Dünya ölkələri koronavirusla mübarizə metodları axtardığı bir zamanda Azərbaycan Prezidenti qlobal çağırış etdi və dövlətləri vahid düşmənə qarşı birlikdə mübarizə aparmağa səslədi. 2020-ci ilin aprel ayının 10-da Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türk Şurasının dövlət və hökumət başçıları səviyyəsində, mayın 4-də isə Qoşulmama Hərəkatının Təmas Qrupunun “COVID-19” pandemiyasına həsr olunmuş onlayn Zirvə Görüşləri təşkil edildi. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifinə dünya ölkələri yekdilliklə razılıq vermiş və təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırmışlar. Qoşulmama Hərəkatının Sədri kimi Möhtərəm cənab Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVİD-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsinə dair təşəbbüsünün dünyanın 130-a qədər BMT-yə üzv dövləti tərəfindən dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir. Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olmuşdur. Bütün dünya COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış edərək bir daha özünü dünya dövlətləri arasında rüsvay etdi, əsl cılız mahiyyətini göstərmiş oldu.
BMT Nizamnaməsinə əsasən, Baş Assambleya ehtiyac duyulduğu təqdirdə xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır. BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilib. Möhtərəm cənab Prezident İlham Əliyevin təklifi Nyu-Yorkda Qoşulmama Hərəkatına 120 üzv ölkə arasında yekdilliklə razılaşdırılıb. Bundan sonra Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə Baş katib Antonio Qutierreşə müraciət ünvanlayıb. BMT Baş katibi mayın 28-də Baş Assambleyanın “Prosedur Qaydaları” adlı sənədinin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yəni iyunun 27-nə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş edib. Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə kifayətdir) təşəbbüsü dəstəklədiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Sözügedən müddətin bitməsinə qədər 130-dək ölkə təşəbbüsü dəstəkləmişdir .
BMT-nin 130-dək üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda möhtərəm Prezidentimiz İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın növbəti təcəssümüdür. Təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. Onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş, kiçik ada ölkələrinə qədər var. Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş katibinə ünvanlanan məktublarda Möhtərəm cənab Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında irəli sürülmüş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır.
Möhtərəm Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiya pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin tam səfərbər edilməsinə şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcək. COVID-19 pandemiyasının davam etməsi bir daha onu göstərir ki, dünya ölkələrinin dövlət və hökumət başçıları BMT Baş Assambleyasının xüsusi sessiyası çərçivəsində təcili və təxirə salınmadan bir araya gəlməsinə, planetimizi bürüyən COVID-19 bəlasından çıxış yollarını müzakirə etməsinə və həll yollarının tapılmasına böyük ehtiyac və tələbat var. Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi altında Qoşulmama Hərəkatında sədrliyi dönəmində bundan sonra da multilateralizmə, dünya ölkələrinin ümumi təhdidlər qarşısında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə yönəlmiş fəaliyyətini davam etdirəcəkdir. Biz də bir millət olaraq möhtərəm Prezidentimizin apardığı genişmiqyaslı siyasəti dəstəkləyirik və qürur duyuruq.

Ayxan Əsgərov
Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatı Gənclər Birliyinin sədri

yap.org.az