Elşən Musayev: “Müxalif xainlər erməninin təbliğatını ermənidən betər aparırlar” RƏY-ÖZƏL

"İyulun 12-də cəbhədə Ermənistanın təxribatına Azərbaycan ordusunun sərt və qətiyyətli cavab verməsi daxildəki və xaricdəki, “söyüş müxalifəti”ni Azərbaycan ordusuna qarşı qarayaxma kampaniyasını genişləndirmələrinə səbəb olub. Müxalifətin, xüsusilə də xaricidə ki, “söyüş müxalifəti”nin Azərbaycana və Azərbaycan ordusuna qarşı bu qədər anormal və sifarişli erməni maraqlarına xidmət edən anti-təbliğat kampaniyası aparmalarının səbəbini nə ilə izah etmək olar?". Bunu SİA-ya açıqlamasında Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev deyib.Partiya sədri bildirib ki, “söyüş müxalifəti” adlandırdığımız kəslərin bu cür həssas məqamda da nadürüst davranışı, qaraguruh yöntəmi onunla bağlıdır ki, bu adamlar özlərini, fikirlərini, mahiyyətlərini çoxdan yad yerlərə, hansısa missiyalara, ciblərə, mərkəzlərə təslim ediblər: “Belələrinin götürdüyü öhdəliklərin ampluası hər zaman olduğu kimi bu gün də xaos təşviqindən, təxribatçılıqdan, yalandan, söyüşdən, pislikdən, asayişi pozmaq cəhdlərindən və sair bu kimi anti-milli fəaliyyət növlərindən ibarətdir. Baxın, Xədicənin, onun xislətdə olan digərlərinin, xarici kəşfiyyat orqanlarının əlində alət olan bəzi ünsürlərin yazdığı statuslara. Hamısı aşağı-yuxarı eyni rəngdə, üslubda, məzmundadır. Sanki hamısına eyni mərkəzdən tezislər ötürürlər ki, bunu belə edin, onu elə. Müxalif xainlər erməninin təbliğatını ermənidən betər aparırlar. Bu yaramazlar bütün imkanlarını səfərbər ediblər ki, maksimum daha iri həcmli dezolar yaysınlar, cəmiyyətdə mənəvi aşınma yaratsınlar. Amma bacarmayacaqlar. Arzularına çatmayacaqlar. Çünki dövlətimiz də yerindədir, əzəmətli, peşəkar ordumuz da. Erməni təxribatçılar artıq yerində oturdulub, şəhid əsgərlərimizin qisası alınıb. Döyüşlər davam etsə, erməni tərəfi bundan min dəfə daha artıq itkilər verəcək. Azərbaycanın qüdrətli ordusu istənilən düşmən həmləsinin qarşısını almağa qadirdir. “5-ci kolon”un təmsilçiləri, anti-milli qüvvələr, erməni lobbisindən qidalanan yaramazlar isə öz elədiklərinə, söylədiklərinə, yazdıqlarına baxıb utansınlar və bilsinlər ki, tarix də, zaman da, qanun da belələrinin cəzasını mütləq verəcək”.

sia.az