PDF Oxu

Siyasət

  • 10 256

AXCP sədri Əli Kərimli: “Ordumuzun, dövlətimizin ətrafındayıq, yumruq kimiyik” BƏYANAT

AXCP sədri Əli Kərimli: “Ordumuzun, dövlətimizin ətrafındayıq, yumruq kimiyik” BƏYANAT

"Başda general-mayor Polad Həşimov olmaqla bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Xalqımız növbəti dəfə bir sınaq mərhələsindən keçir. Düşmənlər zaman-zaman bizi sınağa çəkiblər. Bu baxımdan, növbəti dəfə bir sınaq mərhələsi yaşayırıq. Əslində, Xalq Cəbhəsinin yaranış səbəbi də Qarabağ cəbhəsi olub. Azərbaycan xalqının hər yerindən vətənsevər övladlar könüllü batalyonlar yaradıblar. Onların bir çoxu şəhid olublar və aralarında Milli Qəhrəmanlar da var". SİA xəbər verir ki, bu fikirləri Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli təcavüzkar və işğalçı Ermənistanın Tovuz rayonu ərazisində törətdiyi silahlı təxribatını və Silahlı Qüvvələrimizin düşmənə layiqli cavab verməsini, eləcə də Ordumuza ümumxalq dəstəyi göstərməsini şərh edərkən deyib."Azərbaycan Xalq Cəbhəsinin dövlətinin, millətinin, Ordusunun yanında olmasından təbii heç nə ola bilməz", deyən Əli Kərimli bildirib ki, sədri olduğu siyasi təşkilatın hakimiyyətlə fikir ayrılıqları olub: "Lakin indi mən düşündüm ki, torpaqlarımızın hər qarışının müdafiəsi naminə, Vətənimizin bu işğaldan qalib çıxması naminə onun bütün övladları bir yumruq kimi birləşə bilirlər. Ona görə də mən Fesybuk səhifələrimin adminlərinə yazılı müraciət göndərdim və orada çox açıq şəkildə yazdım ki, biz hökumətlə bütün fikir ayrılıqlarımızı, mübahisə yarada biləcək tənqidləri daha yaxşı zamanlara saxlayırıq. Gözləri arxada qalmasın, bütün resurlarını cəbhədə qələbə naminə səfərbər etsinlər. AXC-nin sıralarında çoxsaylı keçmiş döyüşçülər var və onlar hər an silaha sarılmağa hazırdırlar. Azərbaycan dövlətinin bu savaşdan qalib çıxması üçün üzərimizə düşən hər şeyi etməyə hazırıq. İndi əsas vəzifə şəhidlərimizin qanını, qisasını almaqdır. Biz torpaq itirməməliyik. Düşmən həddindən artıq azğınlıq edir və Qarabağ da daxil, Azərbaycanın öz torpaqlarında. Amma heç bir mübahisə olmayan, dövlət sərhədinin Azərbaycan tərəfində, evimizin içində generalımızı öldürmək qədər azğınlaşması cəzasızlığın nəticəsidir. Ona görə də Ordumuz düşmənin dərsini verməlidir və biz Ordumuza inanırıq, hesab edirik ki, bu döyüşdə qələbə qazana bilərik və qazanmalıyıq. Bu baxımdan, bir daha bütün Azərbaycan xalqına müraciət edərək deyirəm ki, indi Ordumuzun, dövlətimizin ətrafındayıq, yumruq kimiyik, hamımıza qələbə lazımdır və o qələbəni Azərbaycan xalqı haqq edir".

sia.az

Digər xəbərlər