Sarsılmaz ordu, məğlub düşməndir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi, elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. İyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyətin gərginləşməsi və Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını pozaraq Tovuz rayonu istiqamətində yaşayış məntəqələrimizi artilleriya atəşinə tutması təcavüzkar ölkənin ağırlaşan iqtisadi vəziyyətini diqqət mərkəzindən yayındırmağa çalışmaqdan başqa bir əhəmiyyət kəsb etmir. Lakin təcavuzkar ölkənin etdiyi bu təxribatları həmişə olduğu kimi, bu dəfə də Azərbaycan Ordusunun gücü, əsgərlərimizin əzm və rəşadəti nəticəsində böyük qələbə ilə nəticələnib və bu gün də məğlubiyyət Ermənistanın, qələbə Azərbaycanın olub! İstər Aprel döyüşlərində, istər Naxçıvan əməliyyatında və bugünkü Tovuz istiqamətində gedən döyüşlərdə olduğu kimi Azərbaycan Ordusunun gücü, Azərbaycan əsgərinin əzm və rəşadəti nəticəsində son döyüşdə də qələbə bizim olacaq.Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da Azərbaycan Ordusunun gücünə, Azərbacyan əsgərinin əzm və rəşadəti ilə bu gün də qələbənin bizim olduğunu demişdir: “Mən hesab edirəm ki, bu əməliyyatın Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq. Deməliyəm ki, son günlər ərzində Azərbaycan Ordusu bir daha öz üstünlüyünü göstərdi. Bu əməliyyatın Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq. Necə ki, 2016-cı ildə Aprel döyüşlərində düşmənə dərs verdik və Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini düşməndən azad etdik. İki il bundan əvvəl – 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsi Azərbaycan Ordusu tərəfindən götürüldü və işğalçılar o bölgələrdən qovuldu. Azərbaycan Ordusu tərəfindən götürülmüş strateji yüksəkliklər imkan verir ki, biz Ermənistanın bir neçə yaşayış məntəqəsinə nəzarət edək. Ermənistandan Dağlıq Qarabağa gedən avtomobil yolu bizim nəzarətimizdədir. Vaxtilə - 1990-cı illərin əvvəllərində Naxçıvan ərazisinin bir hissəsini işğal etmiş Ermənistan qüvvələri həmin ərazilərdən qovuldu, çıxarıldı, o torpaqlarda Azərbaycan bayrağı ucaldıldı”.
“Ermənistan qüvvələri bir santimetr belə Azərbaycan torpağına girə bilməmişlər və heç vaxt buna nail olmayacaqlar”
Dövlətimizin başçısı vidiomüşavirədə çıxışı zamanı bildirib ki, bu əməliyyat - son günlər ərzində baş vermiş hərbi toqquşma bizim növbəti şanlı qələbəmizdir: “Bunu Azərbaycan xalqı bilir. Mən bu günlərdə minlərlə vətəndaşdan məktub alıram və bu məktubların hamısı dəstək xarakterlidir. Beynəlxalq hərbi ekspertlər eyni fikirdədirlər və bunu o bölgədə real vəziyyət göstərir. Ermənistan qüvvələri bir santimetr belə Azərbaycan torpağına girə bilməmişlər və heç vaxt buna nail olmayacaqlar. Əksinə, əgər biz istəsəydik, bu gün Ermənistanın o ərazisində torpaqların böyük hissəsi nəzarətimizə keçə bilərdi. Ancaq bizim qarşımızda belə məqsəd dayanmır. Ermənistan-Azərbaycan dövlət sərhədində vəziyyətlə bağlı məlumat artıq verildi və bu gün operativ vəziyyət bizi tamamilə qane edir. Biz istənilən vaxtda, lazım olan vaxtda bu günlərdə yaradılmış əlavə imkanlardan, o cümlədən döyüş məntəqələrinin yeni yerləşməsindən istifadə edib öz sözümüzü deyəcəyik. Aprel döyüşlərində olduğu kimi, mənfur qonşu bu dəfə də ən çirkin əməllərə əl atdı. O da nədən ibarətdir? Bizim kəndlərimizi atəşə tutdu və bunun nəticəsində 76 yaşında ağsaqqal Əziz Əzizov həlak olmuşdur. Bu, bir daha onu göstərir ki, Ermənistan faşist dövlətdir”.
Ermənistan BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə səs verməsi bu ölkənin iç üzünü və mahiyyətini bir daha açdı
Bu bir həqiqətdir ki, Ermənistan Azərbaycanın uğurlarına daima paxıllıq edib, öz çirkin xislətini nümayiş etdirib. Elə işğalçı ölkənin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə səs verməsi bu ölkənin iç üzünü və mahiyyətini bir daha açmaqla bir daha sübut etdi ki, bu qərəzli yanaşmanın kökündə bu ölkədə hökm sürən və dövlət tərəfindən təbliğ edilən Azərbaycanafobiyadır, Azərbaycan dövlətinə, Azərbaycan xalqına nifrətin təzahürüdür. Bütün dünya dövlətləri bir daha şahid oldu ki, Azərbaycan Prezidenti tərəfindən bu təşəbbüsü irəli sürməkdə məqsədi COVİD-19-la mübarizədə vahid yanaşmanın tətbiqinə, ölkələrin özlərinə qapanmamasına, inkişaf etmiş ölkələrin ağır vəziyyətdə olan ölkələrə kömək göstərməsinə nail olmaq idi. Və o da bəllidir ki, bu gün pandemiyadan ən çox zərər çəkən ölkələrdən biri kimi Ermənistandır. Bu təşəbbüsün reallaşması üçün 97 səs lazım olmuş, ancaq 130-dan çox ölkənin səsi əldə edilmişdi. Və belə bir qlobal miqyaslı təşəbbüsün Azərbaycan tərəfindən irəli sürülməsi və dəstəklənməsi bir daha beynəlxalq müstəvidə Azərbaycana olan dəstək və rəğbət. Azərbaycan bu rəğbəti uzun illər həyata keçirdiyi ardıcıl xarici siyasət hesabına, prinsipial, müstəqil mövqe sayəsində qazanıb. Həmçinin, onu da qeyd edim ki, bu doqquz il bundan əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilən Azərbaycana yenidən böyük beynəlxalq dəstəyin verilməsi bir daha ölkəmizə olan inam və etimadın göstəricisidir. Lakin «demokratiya» və «rifah» adı ilə küçədən hakimiyyət başına gətirilən Paşinyan kimi savdsız faşist xisləti təcavüzkar ermənilərin ümidlərini doğrultmadığı üçün hakimiyyətlə xalq arasında yaranmış qarşıdurmanı ört basdır etmək üçün sərhəd bölgəsindətəxribat törətməyi çıxış yolu seçdi. Bununla da həm erməni ictimaiyyətinin diqqətini yayındırmağa, həm də Azərbaycanın uğurlarına, nailiyyətlərinə kölgə salmağa cəhd etmək istədi. Amma hər dəfə olduğu kimi, bu dəfə də alınmadı. Çünki 2016-cı il aprel təxribatlarından sonra Ermənistanı növbəti ağır məyusluq gözləməsi labüd ildi. Əgər aprel məğlubiyyətindən sonra Sarkisyan hakimiyyətdən qovulmuşdusa, inanıram ki, Tovuz təxribatından sonra Paşinyan da hakimiyyətdən qovulacağı realdır.
"Bu gün bu düşmənçiliyin başında dayanan Azərbaycan Xalq Cəbhəsidir, onun çirkin, satqın rəhbərləridir, özünü lider sayan qorxaqlar, fərarilərdir”
Deyir zaman hər şeyi üzə çıxarır və hər kəs də gec-tez layiq olduğu cəzanı alır. 27 il “müxalifətdəyəm” deyənlərin əqidəsi, məsləki, satqınlığı, əxlaqsızlığını zaman, özü də dünyanı ağuşuna alan koronavirusun baş aldığı bir dövrdə elə üzə çıxardı ki, virus qaldı bir yana, AXCP-nin Rəyasət Heyətinin “zoom” iclasında Əli Kərimli başda olmaqla müxalifətin, xüsusilə də müsavatçılara qarşı söyüş və təhqirlərə yol vermələri ilə bir daha cəbhəçilərin nifrətini göstərdi və bu da boğazdan yuxarı “milli demokratların” siyasi məhvi olacaqının labudi idi”. Bu gün təcavüzkar Ermənistanın törətdiyi təxribatlarına həmişə dəstək verən radikal müxalifət, xüsusilə də AXCP sədri Əli Kərimli xalqın son təindi iş çətinə düşən kimi, “dövlətin yanındayıq” deməklə iblis xislətindən əl çəkmədiyini nümayiş etdirmədimi? Ə.Kərimli belə şeytan oyunlarını çox edib. Belə ki, hakimiyyətdə olduqları bir il müddətində Surət Hüseynovun dar ağacından xilas olmaq üçün Ulu Öndər Heydər Əliyevdən kömək istədilər, bununla xilas oldular, sonra aprel döyüşləri zamanı və bu gün növbəti oyun. Və minlərlə xalqın nümayəndəsi əldə etdiyimiz qələbəni, dövlətinə dəstəyini, öz ordusuna, onun Ali Baş Komandanına dəstəyini ifadə edən yürüş etdi. Nümayiş sakit, polisin heç bir müdaxilə etmədiyi şəraitdə keçdi. Xalq axını Şəhidlər Xiyabanından Milli Məclisin önündəki meydana yönəldi və orada birləşdi. Lakin “Sapı özümüzdən olan bu küt baltalar” yenə də son təxribatlarda qələbəmizi qeyd edən minlərlə xalq yürüşünə ləkələmək istəyərək Milli Məclisin binasına daxil olaraq öz dağıdıcı niyyətli olduqlarını nümayiş etdirdilər. Baş vermiş hadisə sadə cinayət əməli deyil! Bu hər şeydən öncə bağışlanılmaz cinayətlər idi, xüsusi hazırlanmış qüvvələrin dövlətimiz əleyhinə planlı addımı idi. Ancaq ümumxalq həmrəyliyinə qarşı pozucu mövqe tutanlar bilməlidirlər ki, Azərbaycan xalqının həmrəylik və birliyini heç bir qüvvə poza bilməz. Çünki xarici təcavüzə qarşı ümumxalq həmrəyliyinin ən güclü dayağı, məhz Azərbaycan xalqının özüdür, yetkin siyasi qüvvələrdir və vətənpərvər gənclərdir. Dövlət başçımız hökumət üzvləri ilə keçirdiyi virtual müşavirədə ordumuza dəstək məqsədilə təşkil edilən aksiyadan danışaraq bildirdi ki, bu bir daha Azərbaycan xalqının ağır günlərdə bir nöqtəyə vura bildiyini göstərir: “Mənə verilən məlumata görə, dünən bəzi müxalif qurumlar, o cümlədən Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri o kütlənin içinə girərək orada insanları qanunsuz əməllərə sövq etməyə çalışıblar. Qanunu pozanların arasında onlar da var, onlar indi müəyyən olunublar. Mən bir daha xəbərdarlıq edirəm, odla oynamasınlar. Bu məsələ milli məsələdir. Heç nəyə baxmayacağıq, kim nə dedi, hansı şura, hansı Avropa Şurası, hansı təşkilat. Bizim son günlərdə sərgilədiyimiz mövqe - beynəlxalq təşkilatlarda bizim əleyhimizə çirkin kampaniya aparanlara qarşı tutduğumuz mövqe artıq nəticə verir. Anti-Azərbaycan qüvvələri harada mümkünsə, onları bloklayacağıq. Onların namizədlərinin meydan oxumasına, Azərbaycana çirkab yaxmasına imkan verməyəcəyik. Heç kim bizə göstəriş verə bilməz”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib. Dövlət başçısı bildirib ki, mitinq-yürüş zamanı baş verən təxribat törədənlərin ermənidən pis olduğunu və cəinayətkarların ciddi cəzalandırılacağını deyərək onlara bunun axırıncı dəs olacağını deyib: “Yadınıza salın, o vaxt torpaqlar əldən gedirdi, burada parlamentin qarşısında mitinqlər təşkil edilirdi. Minlərlə insan yığışırdı, öz hiddətini ifadə edirdi. Ancaq nəticə etibarilə nə oldu? Torpaqlar əldən getdi. İndi mitinq vaxtıdırmı? Biz şəhidlər veririk, igidlər itiririk, generallar itiririk. Bu çirkin ünsürlər indi burada vəziyyəti gərginləşdirmək istəyir. Bütün aidiyyəti qurumlara deyirəm. Əgər dünənki hadisələrdə onların əli varsa, bizim qətiyyətimizi görəcəklər. Onlar ermənilərdən də pisdirlər. Erməni açıq düşməndir. Oturub orada, bunlara görə torpaqlarımızı işğal edib. Bu Xalq Cəbhəsinin fərarilərinə görə bu gün o torpaqlardadır. Amma bu, oturub bizim içimizdə. Xaricdən pul alır, təlimat alır, mühiti zəhərləyir, bizim təmiz havamızı üfunət iyi ilə çirkləndirir və belə məqamlarda dövlətin yanında yox, düşmənin yanındadır. Mən demişəm, hüquq-mühafizə orqanları onların bu günlər ərzində sosial şəbəkələrdə çıxışlarını təhlil etsinlər. Əgər orada cinayət tərkibi varsa, onların hamısı cinayət məsuliyyətinə cəlb edilməlidir. Döyüşlər getdiyi vaxtda onlar ordumuza şər atırlar, yalanlar uydururlar. Deyirlər ki, biz o yeri vermişik, biz oraya getməməliydik, biz buraya getməməliydik. Sən kimsən? Sən bizim ordumuza göstəriş, məsləhət verirsən. Ay başı boş, ay satqın. Bunlardır, bunlar idi Azərbaycan dövlətçiliyini yıxmaq istəyənlər. Biz bunların nazı iləmi oynayacağıq? Onlara elə dərs veriləcək ki, bu, son dərs olacaqdır. Ona görə, bir daha demək istəyirəm, hüquq-mühafizə orqanları bu işlərlə məşğul olacaq. Onların bütün antidövlət çıxışları, çağırışları təhlil ediləcək. Əgər orada cinayət tərkibi varsa, onlar dərhal cinayət məsuliyyətinə cəlb edilməlidir. Biz “Beşinci kolon”la bu işi bitirməliyik, belə davam edə bilməz. Yəni, burada dözümlülük qətiyyən yolverilməzdir. Adi günlərdə biz bəzi hallarda gözümüzü yumuruq, deyirik ki, əhəmiyyətsiz şeydir. Amma belə vəziyyətdə bu, düşmənçilikdir. Bu gün bu düşmənçiliyin başında dayanan Azərbaycan Xalq Cəbhəsidir, onun çirkin, satqın rəhbərləridir, özünü lider sayan qorxaqlar, fərarilərdir. Onlar artıq Azərbaycan xalqı tərəfindən dəfələrlə öz yerini görüblər və görəcəklər”.Göründüyü kimi, bu gün xalq-hakimiyyət birliyi monolit xarakter kəsb edir. Xalq öz Ali Baş Komandanının arxasındadır. Ona tam inanır və güvənir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu tarixi sınaqdan da şərəflə çıxacağımıza tam əminik! Və bolşevizm təfəkkürlü bu satqınlar bilməlidirlər düşmən qoltuğuna sığınmaqla xalqa, dövlətə əsl xain olduqlarına və nə zamansa, bütün bunlara görə mütləq, amma mütləq cavab verməli olacaqlar – Azərbaycan xalqı və qanunları qarşısında!
ZƏRİFƏ QULİYEVA,
YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü, Nəsimi YAP təşkilatı İdarə heyətinin üzvü, “Modern ailə və inkişaf ” İctimai Birliyinin sədri