Milli mətbuatımızın 145 illik yubileyini yaşayarkən, tükənməz qürur və sevinc hissi ilə deyə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkədə azad sözün və mətbuatın təminatçısı kimi kütləvi informasiya vasitələrinin inkişafı yönümündə bütün zəruri tədbirləri həyata keçirir. Bütövlükdə isə, azad söz, müstəqil fikir uğrunda mübarizə Azərbaycan xalqının tarixində mühüm yer tutmaqdadır. Beləliklə, ilk olaraq qənaətə gələ bilərik ki, 145 illik yubileyini böyük fərəh hissi ilə qeyd edən Azərbaycan milli mətbuatının formalaşma mərhələləri cəmiyyətin özünün inkişaf xüsusiyyətlərinə uyğun olaraq mürəkkəb təkamül yolu keçərək müasir səviyyəyə qədər yetişib.
Mühüm və tarixi mərhələlər: keçmişdən gələcəyə doğru
Tarixi faktlar da göstərir ki, Bakıda ilk qəzetin nəşrinədək Azərbaycan xalqının iqtisadi və mədəni həyatına aid faktları XIX əsrdə Tiflisdə çıxan rus qəzetləri əks etdiriblər. 1832-cu ildə Tiflisdə Azərbaycan dilində nəşr olunan belə qəzetlərdən biri də “Tiflis əxbarı” qəzeti idi. Lakin çarizmin ideoloji-siyasi təsiri altında olan həmin qəzetlərin mövcudluğu ilə barışmayan Azərbaycan xalqı özünün milli mətbuatını yaratmaq üçün uzun illər mübarizə aparmalı oldu. Bu mübarizənin nəticəsi olaraq da 1875-ci il iyulun 22-də görkəmli ziyalı Həsən bəy Zərdabinin təsisçiliyi və baş redaktorluğu ilə Azərbaycanın ilk mətbuat orqanı – “Əkinçi” qəzeti işıq üzü gördü. Qəzetin səhifələrində çarizmin mürtəce siyasəti kəskin tənqid edilir, insanların elm, təhsil, savad alması, maariflənməsi vacibliyi geniş təbliğ olunurdu. Məhz buna görə qəzet çarizmin aşkar təzyiq və təhdidləri ilə üzləşir, çapına ciddi əngəllər törədilirdi. Bu təzyiqlərin şiddətlənməsi nəticəsində Həsən bəy Zərdabi 1877-ci ildə onun nəşrini dayandırmaq məcburiyyətində qaldı. XIX əsrin sonları XX əsrin əvvəllərində isə Bakıda çap olunan “Kaspi”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Bakinski listok”, “Hümmət”, “Həyat”, “Füyüzat”, “Açıq söz” və digər qəzetlər, habelə “Molla Nəsrəddin” jurnalı Azərbaycanda mütərəqqi mətbuat ənənələrinin formalaşmasında, azad sözün, müstəqil düşüncənin inkişafında mühüm rol oynayırdı. XX əsrin əvvəllərində Azərbaycan ədibləri demokratik mətbuatın ənənələrini inkişaf etdirirdilər.1918-ci ilin mayında müsəlman Şərqində ilk demokratik və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə milli mətbuatın inkişafında mühüm mərhələ olaraq qeyd edilməlidir. Cümhuriyyətin 23 aylıq fəaliyyəti dövründə söz, fikir, mətbuat azadlıqlarının inkişafı istiqamətində müəyyən addımlar atıldı, “Mətbuat haqqında Nizamnamə” qəbul edildi. 1918-ci il iyulun 3-də Azərbaycan Cümhuriyyəti hökuməti “Azərbaycan Cümhuriyyəti hökumətinin xəbərləri”nin nəşri haqqında qərar qəbul etdi. Həftədə iki dəfə nəşr olunan hökumət xəbərlərində əsasən rəsmi qərarlar, əmrlər, təlimatlar dərc edilirdi. O cümlədən, Azərbaycan ətrafında mövcud informasiya blokadasını yarmağa, respublikanı dünya miqyasında tanıtmağa, fəaliyyəti haqqında xalqı məlumatlandırmağa ciddi ehtiyac duyurdu. Sentyabrın 15-də Gəncədə rəsmi dövlət orqanı “Azərbaycan” qəzetinin ilk sayının çapdan çıxması məhz bu zərurətdən irəli gəlirdi. Qəzeti 1918-1920-ci illər ərzindəki nəşri zamanı Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatının ən müxtəlif sahələrini səhifələrində dolğun şəkildə əks etdirirdi.Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan və Bakıda bolşevik hökumətinin qurulmasından sonra respublikada müstəqil və demokratik mətbuat ənənələrinə, demək olar ki, son qoyuldu. Belə ki, Xalq Komissarlığı Soveti 27 oktyabr 1920-ci ildə “Mətbuat haqqında” Dekret imzalayaraq 2 ay ərzində 90-dan çox qəzetin fəaliyyətini dayandırdı. 1922-ci ildə ədəbiyyat və nəşriyyat üzərində senzura rolunu oynayan “Qlavlit” yarandı, 1933-dən həmin quruma mətbuatda hərbi və dövlət sirlərini qorumaq səlahiyyəti də verilmişdi.Yalnız ötən əsrin 70-80-cı illərində Ulu Öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi illərində mətbuata ideoloji basqılar nisbətən azaldı, qəzet və jurnalların müstəqilliyi xeyli dərəcədə təmin olundu. Onun prinsipial və qətiyyətli mövqeyinə istinad edən respublika mətbuatı o illərdə müxtəlif sahələrdəki problemlərlə bağlı çox cəsarətli, qətiyyətli yazılar dərc edirdi. Cəmiyyətdəki nöqsanlar əksər hallarda kəskinliyi ilə oxucuların diqqətinə çatdırılır, inkişafa mane olan amillər açıq göstərilirdi. Məsələn, 1981-ci ildə «Literaturnaya qazeta»da dərc olunmuş məşhur «Qoy, ədalət zəfər çalsın!» sərlövhəli müsahibəsində Ulu Öndər Heydər Əliyev sovet cəmiyyətinin nöqsanlarını, qlobal problemlərini açıb göstərmişdi. Ümumilikdə isə, müəyyən ideoloji çərçivələrə, standartlara baxmayaraq sovet hakimiyyəti dövründə mətbuat nəzəriyyəsi inkişaf etdi, jurnalistika müstəqil elm sahəsi kimi dərindən öyrənilməyə başladı, o zamankı Azərbaycan Dövlət Universitetinin nəzdində jurnalistika fakültəsi yarandı. Həmin dövrdə jurnalistikada yeni janrlar, yeni inkişaf təmayülləri formalaşdı. Etiraf etməliyik ki, milli mətbuatımızın inkişafında böyük xidmətləri olan, təcrübələrini bu gün də gənc nəslə bölüşən orta və yaşlı nəsil jurnalistlər məhz sovet illərində yetişiblər.
Ulu Öndər Heydər Əliyev demokratik dəyərləri, insan hüquq və azadlıqlarını, sosial ədalət prinsipini uca tutan rəhbər kimi kütləvi informasiya vasitələrinin cəmiyyətdəki roluna hər zaman böyük önəm verirdi
Nəhayət, ötən əsrin 90-cı illərinin əvvəllərinə - Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı dövrdə obyektiv və subyektiv səbəblər üzündən ölkənin yeni formalaşan mətbuat orqanları ciddi məhrumiyyətlərlə, çətinliklərlə üzləşmişdilər. Həmin zamanlar ölkədə hökm sürən gərgin ictimai-siyasi vəziyyət, Ermənistanın hərbi təcavüzünün doğurduğu ağır sosial-iqtisadi və psixoloji durum, iqtisadi tənəzzül fikir, söz, mətbuat azadlıqlarının təmin edilməsinə, ciddi maneələr yaradırdı. Mövcudluğunu qoruyub saxlamağa çalışan o zamankı iqtidar çıxış yolunu yeni təşəkkül tapmaqda olan müstəqil mətbuata təzyiqləri gücləndirməkdə görürdü. Belə ki, 1992-ci ildə hərbi senzuranın tətbiqi adı altında mətbuat üzərində nəzarət daha da gücləndirilmişdi.Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə Azərbaycan mətbuatının inkişafında keyfiyyətcə yeni mərhələ başlandı. Ölkədə mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsinə start verildi. Çünki Heydər Əliyev demokratik dəyərləri, insan hüquq və azadlıqlarını, sosial ədalət prinsipini uca tutan rəhbər kimi kütləvi informasiya vasitələrinin cəmiyyətdəki roluna hər zaman böyük önəm verirdi. Məhz Onun rəhbərliyi altında hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan 1993-cü ildən insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşuldu. 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının 50-ci maddəsində hər kəsin informasiya əldə etmək hüququ təmin edildi. Bu müddəanın Konstitusiyaya daxil edilməsi Azərbaycanın demokratik inkişaf kursu ilə yanaşı, respublikamızın qoşulduğu beynəlxalq müqavilələrdən irəli gəlirdi.Lakin Dahi Liderimizin milli jurnalistikamızın inkişafı sahəsində ən böyük, tarixi xidməti 1998-ci ildə KİV üzərində senzuranın tamamilə ləğvi olunmasında göstərilə bilər. Çünki senzuranın mövudluğu şəraitində medianın müstəqilliyindən danışmaq, əlbəttə ki, mümkün deyildi. Belə bi şəraitdə Ulu öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixdə imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman kütləvi informasiya vasitələrinin inkişafı, onların cəmiyyətin demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda mühüm addım oldu. Həmin fərmanla 1966-cı il 27 oktyabr tarixdə yaradılan və Azərbaycanın bütün informasiya vasitələri üzərində senzura fəaliyyəti həyata keçirən Nazirlər Kabineti yanında Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv olundu. Bu qətiyyətli addım 1875-ci ildə “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatının ilk dəfə senzuradan tamamilə azad edilməsi, yeni müstəqil medianın fəaliyyəti üçün geniş imkanların açılması demək idi.Digər tərəfdən, daha bir mühüm faktor budur ki, Azərbaycanın özünün iqtisadi imkanlarının nisbətən zəif olmasına baxmayaraq, Heydər Əliyev maliyyə vəziyyəti ağır olan qəzetlərə maddi-texniki dəstəyin göstərilməsi təşəbbüsü ilə çıxış edirdi. 90-cı illərin ortalarında qəzetlərə birdəfəlik yardımlar, subsidiyalar verilmişdi. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli fərmanı “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üçün tədbirlər proqramı” jurnalist kadrları hazırlayan təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsini, kütləvi informasiya vasitələrinin istehsalı və yayımı ilə əlaqədar problemlərin həlli məqsədilə Əlaqələndirmə Şurasının yaradılmasını önə çəkirdi. Eyni zamanda, proqramda KİV subyektləri tərəfindən dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin icarəsi və telefon rabitəsi üzrə müəyyən olunmuş tariflərin minimum məbləğdə ödənilməsi nəzərdə tutulmuşdu.Ümumilikdə, Ulu Öndər Heydər Əliyevin qanunvericilik təşəbbüsü ilə qəbul edilmiş 7 dekabr 1999-cu il tarixli “Kütləvi İnformasiya Vasitələri haqqında”, 19 iyun 1998-ci il tarixli “Məlumat azadlığı haqqında”, 10 iyun 1997-ci il tarixli “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”, 3 aprel 1998-ci il tarixli “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və digər qanunlar mətbuatın azad və müstəqil fəaliyyətinin təmin edilməsi sahəsində yaxşı imkanlar açdı.Milli Məclisin 2001-ci il 13 mart tarixində isə, “Gömrük tarifi haqqında” qanuna etdiyi dəyişikliyə əsasən, kütləvi informasiya vasitələri məhsullarının ixracına, habelə fəaliyyətinin təşkili üçün idxal etdikləri avadanlıq, zəruri xammal və digər vasitələrə görə gömrük rüsumundan, o cümlədən əlavə dəyər vergisindən azad edildilər. Sonrakı mərhələdə Heydər Əliyevin humanist addımlarından biri də çoxlu sayda qəzetin “Azərbaycan” nəşriyyatına olan borclarının 2005-ci ilədək dondurulması oldu. Bu addım, faktiki olaraq, bir çox qəzetləri tamamilə qapanmaq təhlükəsindən xilas etdi.
2001-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğvi kütləvi informasiya vasitələrinin təsis olunmasını və onlardan istifadə qaydalarını qat-qat asanlaşdırdı, bu sahədəki bürokratik əngəlləri tamamilə aradan qaldırdı. Azərbaycanda mətbu nəşrlərin qeydiyyatı ilə bağlı icazə sistemi aradan qalxıb və da inkişaf etmiş bir sıra Qərb ölkələrinin mətbuata dair qanunvericilik təcrübəsinə əsaslanır. Qeydiyyat sahəsində əngəllərin aradan qalxması söz azadlığı qarşısında baryerlərin əsaslı şəkildə aradan qalxmasını təmin etdi. Ölkə rəhbərliyi demokratik inkişafın qarantı qismində çıxış etdiyi üçün mətbuatda özünütənzimləmə funksiyasını həyata keçirən Mətbuat Şurasının yaradılmasını mətbuat nümayəndələrinin öz öhdəsinə buraxdı. 2003-ci ilin martında ölkə jurnalistlərinin birinci qurultayında Mətbuat Şurası təsis edildi. Xüsusi vurğulamaq istərdim ki, Azərbaycan mətbuatının yubileylərinin keçirilməsi kimi mütərəqqi ənənənin əsası da məhz Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Hələ 2000-ci ildə Ulu Öndərin müvafiq sərəncamı ilə Azərbaycan milli mətbuatının yaranmasının 125 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdi. O, həmin tədbirdə dərin məzmunlu geniş nitq söyləyərək mətbuatımızın qarşısında duran vəzifələrdən söz açmışdı.
O cümlədən, Dahi Liderimiz ölkə mətbuatının qüsurlarını, problemlərini də hər zaman açıq şəkildə bildirir, jurnalistləri milli-mənəvi, etik dəyərlərə riayət etməyə çağırırdı. Heydər Əliyev Yeni Azərbaycan Partiyasının 1999-cü və 2001-ci ildə keçirilmiş birinci və ikinci qurultaylarında kütləvi dövlətin informasiya vasitələrinin fəaliyyətinin daha da müstəqilləşməsi, demokratikləşməsi istiqamətində apardığı siyasətin hüquq islahatlarının ayrılmaz hissəsi olduğunu vurğulamış, bu sahədə qarşıda duran vəzifələrdən söz açmışdı.
Bəli, mətbuat cəmiyyətin aynasıdır. Bu mənada, mətbuat dövlətin iqtisadi imkanlarına və ictimai şüurun yetkinlik səviyyəsinə uyğun olaraq təkmilləşir, dövrün aktual çağırışlarını düzgün dəyərləndirə bilir. Müstəqil Azərbaycan demokratik inkişaf yolu seçən ölkə kimi mətbuatın dövlət və cəmiyyət həyatındakı roluna mühüm önəm verir, onun müstəqilləşməsi, mövcud problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Bunun nəticəsi olaraq Azərbaycan metbuatı inkişaf yolundadır.
Prezident İlham Əliyev cənabları respublikada kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinin təmin edilməsinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrinə yönəlmiş bütün mütərəqqi təşəbbüsləri dəstəkləyir
Kütləvi informasiya vasitələrinin dinamik inkişaf yolu keçməsi Ulu Öndərin mütərəqqi ənənələrinin layiqli davamçısı – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tarixi xidmətləri ilə bağlıdır. Prezident İlham Əliyev cənabları respublikada kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinin təmin edilməsinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələrinə yönəlmiş bütün mütərəqqi təşəbbüsləri dəstəkləyir. Dövlətimizin rəhbəri milli mətbuatımızın qabaqcıl dövlətlərin mütərəqqi ənənələrinə əsaslanmaqla və xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etdirilməsini vacib sayır. Əbəs deyil ki, Prezident İlham Əliyev jurnalistləri özünün ən yaxın köməkçiləri, jurnalistlər isə dövlət başçısını özlərinə dost olaraq dəyərləndirirlər. Prezident İlham Əliyev "Jurnalistlərin dostu" nominasiyasına bir neçə dəfə layiq görülüb və bu reallıq sübut edir ki, dövlət və media bir-birinin yanında olan mühüm faktorlardır.Milli mətbuatın 130, 135, 140 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, 2005-ci ildə “Əməkdar jurnalist” fəxri adının bərpası, yüzlərlə jurnalistin yüksək fəxri adlara, təltiflərə layiq görülmələri, qəzetlərə birdəfəlik maliyyə yardımlarının edilməsi və digər mühüm tədbirlər ölkə rəhbərinin mətbuata qayğısını əyani şəkildə nümayiş etdirdi. Mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə ölkə başçısının 2006-cı il fevralın 8-də imzaladığı “Qəzetlərin Azərbaycan nəşriyyatına olan borclarının ödənilməsi barədə” Sərəncama əsasən, qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcu dövlət büdcəsi hesabına ödənildi. Xüsusi qeyd etmək lazımdır ki, borcları ödənilən qəzetlər sırasında müstəqil və müxalifyönlü qəzetlər çoxluq təşkil edirdi.Prezidenti İlham Əliyevin 2008-ci il 31 iyul tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyası"nın təsdiq edilməsi mətbuata dövlət qayğısının ardıcıl və sistemli şəkildə həyata keçirilməsi istiqamətində mühüm addım oldu. Konsepsiyanın imzalanması dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğunda kütləvi informasiya vasitələrinin rolunun gücləndirilməsi məqsədindən irəli gəlirdi. Həmin Konsepsiyadan irəli gələn vəzifələrin gerçəkləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 aprel 2009-cu il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı və bu gün fəaliyyətini davam etdirməkdədir.Daha bir amili vurğulamaq istərdim ki, bu gün Azərbaycanda jurnalistlərin sosial-məişət həyatlarının yaxşılaşdırılması üçün dövlət bütün zəruri addımlarını atıb və bu gün də atmaqda davam edir. Artıq iki çoxmənzilli binalar istifadədir, üçüncü binanın da inşası başa çatdırılıb. Bu, həm də belə nəticəyə gəlməyə zəmin yaradır ki, Azərbaycanın iqtisadi imkanları yüksəldikcə, kütləvi informasiya vasitələrinə göstərilən dövlət qayğısı da artır. Bu gün Azərbaycanda kütləvi informasiya vasitələrinin azad, müstəqil şəkildə fəaliyyət göstərmələri üçün hər cür şərait yaradılıb. Əminliklə demək olar ki, Azərbaycanda media üçün yaradılmış bu şəraitə yalnız dünyanın inkişaf etmiş ölkələrində rast gəlmək olar. Ölkəmizdə internet və sosial şəbəkələr üzərində hər hansı inzibati nəzarət yoxdur və bu da medianın müstəqilliyinin daha bir göstəricisidir. Sərhəd, məkan, zaman tanımayan qlobal informasiya mühiti şəraitində ölkə mətbuatı fəaliyyətinin yeni aktual çağırışlara uyğun qurur.Beləliklə, bu gün ölkə ictimaiyyət ölkənin taleyüklü məsələlərinə münasibətdə mətbuat nümayəndələrindən daha yüksək prinsipiallıq, vətəndaş mövqeyi, milli təəssübkeşlik tələb edir. Sevindirici haldır ki, qeyd olunan meyarlar Azərbaycan mediasının yeni keyfiyyət göstəricisinə çevrilir. Bizlər inanırıq ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən çoxşaxəli, səmərəli siyasətin məntiqi nəticəsi olaraq mətbuatımız daha da saflaşacaq, təkmilləşəcək, peşəkar jurnalistika prinsipləri ilə çalışaraq cəmiyyətin obyektiv informasiya ilə təminatında öz sözünü deyəcəkdir. Mən bir daha fürsətdən istifadə edərək, bütün həmkarlarımı Azərbaycan milli mətbuatının 144 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, onlara yorulmaz fəaliyyətlərində yeni-yeni yaradıcılıq nailiyyətləri arzu edirəm.
Bəhruz QULİYEV,
“SƏS” qəzetinin baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru