"Pandemiya dövründə iqtisadiyyatın bir çox sektorları ya dayandı, ya da tam gücü ilə işləmədi, lakin, büdcə gəlirləri nəzərdə tutulan qaydada yığılıb, artım müşahidə olunmasa da, azalma mövcud deyil". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri olan deputat Musa Quliyev deyib.Onun sözlərinə görə, dünya iqtisadiyyatının pandemiyadan çəkdiyi əziyyət və infeksiyanın dövlətlərə verdiyi zərər göz qabağındadır, hazırda qlobal iqtisadi proseslərdə bir sıra çətinliklər yaranıb və eyni zamanda dünya bazarında neftin qiyməti də aşağı düşüb, lakin, Azərbaycan Respublikası büdcəsində nəzərdə tutulan layihələrin, həmçinin proqramların heç biri təxirə salamıyıb və bundan sonra da təxirə salınmayacaq:"Baxmayaraq ki, pandemiya dövründə iqtisadiyyatın bir çox sektorları ya dayanıb ya da tam gücü ilə işləmir, lakin, büdcə gəlirləri nəzərdə tutulan qaydada yığılıb, artım müşahidə olunmasa da, azalma mövcud deyil. Bu, ölkə iqtisadiyyatının çoxşaxəli inkişafının göstəricisidir. Həmçinin, Prezident tərəfindən 2018-ci ildə başladılan iqtisadiyyatın, sosial həyatın, idarəetmənin şəffaflaşdırılması, çevikləşdirilməsi və elektron hökumətin qurulmasının sürətləndirilməsi işləri də bu gün iqtisadiyyatımızın və sosial həyatımızın lazımlı səviyyədə təmin olunmasına kifayət qədər ciddi əsaslar yaratmışdır".Komitə sədri vurğulayıb ki, ölkə Prezidenti Bakıda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində də iştirak etmiş və əlavə etmişdir ki, həm Qarabağ əlilləri və şəhid ailələri, həm də qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulan sosial-dəstək proqramları bu il davam edəcək:"Hətta bu proses ötən illərə nisbətən daha da genişləndiriləcək və daha çox mənzillər tikilib bu kateqoriyada olan insanların sosial şəraitinin yaxşılaşdırılma üçün sərf olunacaqdır. Digər tərəfdən heç bir sosial proqram məhdudlaşdırılmayacaq yaxud təxirə salınmayacaq. Ölkəmizdə həm pensiyalarda, həm də əməkhaqqılarında artım var, baxmayaraq ki, pandemiya ilə əlaqədar bir çox ölkələrdə pensiyaların verilməsi gecikdirilir, əməkhaqqılarında azalmalar və iş yerlərində ixtisarlar müşahidə olunur. Azərbaycanda isə bu proseslər özünü biruzə vermir".Musa Quliyev bildirib ki, əmək müqaviləsi olmadan, qeyri-leqal şəkildə çalışan 600 minə yaxın işçiyə də dövlət tərəfindən sərt karantin dövründə 190 manat birdəfəlik ödəmənin verilməsi də dövlətimizin sosial istiqamətli siyasətindən xəbər verir.Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev Tovuz istiqamətində ermənilərin törətdiyi təxribatlara və həmin təxribatların ordumuz tərəfindən layiqincə cavablandırılmasına da öz fikrini bildirib:"Bu hadisələr bir daha göstərdi ki, Azərbaycan xalqı ölkə rəhbərinin siyasətini dəstəkləyir, öz ordusunun yanındadır və Ali Baş Komandanın əmrini gözləyir. Dünyanın bir çox ölkələri bu dövrdə Azərbaycana öz dəstəyini nümayiş etdirdi. Ermənistanı isə heç bir dövlət bu proseslərdə dəstəkləmədi. Hətta, Ermənistanın üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı belə onun müraciətini gözardı etdi. Bununla yanaşı dünyanın bir çox ölkələrində Azərbaycan və Türk Diasporunun birgə təşkilatçılığı ilə Azərbaycana dəstək çıxışları nümayiş etdirildi və həmin ölkələrin vətəndaşları da bu nümayişlərə qoşuldu. Bu da Azərbaycanın beynəlxalq nüfuzundan və imicindən xəbər verir. Eyni zamanda ordumuz düşmənə sarsıdıcı zərbələr endirdi. Onlarla düşmən əsgəri məhv edildi, texnikaları sıradan çıxarıldı, hərbi postları dağıdıldı və Ermənistanın yüzlərlə yaralıları var. Bu, düşmənə layiqli cavab idi. Prezident bir daha vurğuladı ki, geopolitik vəziyyət imkan verdiyi zaman biz Qarabağ cəbhəsində də öz sözümüzü deyəcəyik və bir qarış torpağımız belə düşmən işğalında qalmayacaq".
sia.az