Siyasət

  • 10 490

Vüqar İskəndərov: Ermənilərin son günlər xarici ölkələrdə törətdikləri cinayətlərə hüquqi qiymət verilməlidir

image

“Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törədilən son təxribatın bütün məsuliyyəti işğalçı ölkənin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Eyni zamanda, Azərbaycanın bir sıra ölkələrdəki diplomatik nümayəndəliklərinə və aksiya keçirən dinc azərbaycanlılara qarşı törədilən təxribat və terror hadisələri də Ermənistan rəhbərliyinin siyasi iradəsi ilə baş tutur. Görünən odur ki, rəsmi Yerevan xarici ölkələrdə azərbaycanlılara qarşı terroru sanksiyalaşdırıb və beynəlxalq miqyasda ermənilərin azərbaycanlılara qarşı yeni terror dalğası başlayıb”.

Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Onun sözləri görə, Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına, eləcə də dinc azərbaycanlı nümayişçilərə qarşı törədilən təxribatlar özündə vandalizm və terror elementlərini ehtiva edir: “Məhz buna görə də, hesab edirəm ki, ermənilərin son günlər xarici ölkələrdə törətdikləri cinayətlərə hüquqi qiymət verilməlidir. Yəqin ki, son günlər ərzində ermənilərin vandalizm aktları törətdikləri xarici ölkələrin hüquq-mühafizə orqanları tezliklə cinayətkarlara qarşı lazım olan addımları atacaqlar”.
Açıqlamasında ermənilərin bu tipli təxribatlarının, eləcə də terrorçuluq fəaliyyətlərinin yeni olmadığını deyən deputat xatırladıb ki, 1970-1980-ci illərdə ASALA və digər erməni terror təşkilatları 70-dən çox insanı qətlə yetiriblər, ümumilikdə 22 ölkədə 235-dən çox terror aktı törədiblər, 24 türk diplomatını qətlə yetiriblər: “1991-ci ildə Ermənistan Respublikası müstəqilliyini bəyan etdikdən sonra terroru dövlət siyasəti səviyyəsinə qaldırmış bu ölkənin xüsusi xidmət orqanları Azərbaycanın müxtəlif yerlərində çoxsaylı terror aksiyaları təşkil ediblər. Bir daha vurğulayım ki, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə və dinc aksiya iştirakçılarına qarşı törədilən təxribatların, vandalizm aktlarının qarşısı alınmalı, belə hallar müvafiq ölkələrin aidiyyəti orqanları tərəfindən araşdırılmalı və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməlidir. Xatırladım ki, Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına əsasən diplomatik nümayəndəliklərin hər hansı müdaxilə və zərərdən mühafizəsinin təmin edilməsi, eləcə də diplomata, onun şəxsiyyətinə, azadlığına və şərəfinə qarşı hər hansı hücumun qarşısının alınması qəbul edən ölkənin məsuliyyətindədir”.
V.İskəndərov adətən belə vandalizm, insan hüquq və azadlıqlarına qəsd kimi hallara qarşı barışmaz mövqe nümayiş etdirən beynəlxalq qurumların, hüquq-müdafiə təşkilatlarının susqunluğunun anlaşılan olmadığını da bildirib. Millət vəkilinin sözlərinə görə, bu, həmin təşkilatlarda ikili standartların və selektiv yanaşmanın hökm sürdüyünü aydın göstərir.
Deputat ermənilərin törətdikləri təxribat və terror əməlləri ilə bağlı dezinformasiya yaymağa və bu yolla beynəlxalq ictimaiyyəti aldatmağa cəhd göstərmələrinə də münasibət bildirib. Onun sözlərinə görə, ermənilər beynəlxalq ictimai rəyi çaşdırmaq üçün növbəti dəfə təxribata əl atdılar və indi də bunun üzərində müxtəlif ssenarilər qurub reallaşdırmağa, “azərbaycanlıların məzlum ermənilərə qarşı qəddarlığı” tipli dezinformasiya yaymağa çalışırlar: “Təbii ki, xaricdə yaşayan azərbaycanlılar ermənilərin onlara qarşı aqressiv davranmalarını cavabsız qoymurlar. Lakin bütün dünya bilməlidir ki, xaricdə yaşayan soydaşlarımızın erməniləri döymələri halları bir sıra ölkələrdə ermənilərin azərbaycanlılara qarşı qəddar davranışı, həmyerlilərimizə ciddi fiziki güc tətbiq olunması, səfirliklərimizə münasibətdə vandallıq aktlarının törədildilməsi ilə bağlıdır, bütün bu vəhşiliklərə cavab reaksiyasıdır”.

yap.org.az

Digər xəbərlər