Siyasət

  • 10 864

YAP Gənclər Birliyi “Dünya azərbaycanlıları təxribatlara qarşı" mövzusunda videokonfrans keçirib

image

İyulun 27-də Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin təşkilatçılığı ilə “Dünya azərbaycanlıları təxribatlara qarşı" mövzusunda videokonfrans keçirilib.
Videokonfransda çıxış edən Milli Məclisin deputatı, YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov bildirib ki, tarixboyu çətinliklərdən keçmiş, ağır sınaqlarla üzləşmiş Azərbaycan xalqı bu gün də bir yumruq kimi sıx birləşməli, bu mübarizəsindən alnıaçıq çıxaraq bayrağımızı tarixi ərazilərimiz olan Qarabağda dalğalandırmaqla qələbəyə nail olmalıdır. Onun sözlərinə görə, bu günlər dünyanın bir çox ölkələrinin şəhərlərində Ermənistanın səfirlikləri qarşısında etiraz aksiyaları keçirilir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Vətənin səsinə səs verməyə və Prezidentimizin hər bir tapşırığını yerinə yetirməyə hazır olduqlarını bildirməklə vətənpərvər mövqeyini nümayiş etdirirlər. Tovuz hadisələrindən sonra yaşından, cinsindən və sosial vəziyyətindən asılı olmayaraq, vətəndaşlarımızın könüllü olaraq hərbi xidmətə yazılmaları, hər zaman Ali Baş Komandanın əmrini gözlədiklərini və Onun ətrafında səfərbər olduqlarını bir daha təsdiqləyir.
R.Məmmədov deyib ki, vətənpərvərlik hissləri qəlbimizi qürurla doldurur və zəfər günlərinə doğru inamla irəliləməyə ruhlandırır: “Lakin ermənilər bu gün haqlı olan Azərbaycan xalqını və soydaşlarımızı müxtəlif təxribatlara çəkmək istəyirlər. İstəyirlər ki, Azərbaycan vətəndaşları təxribata uysun, zorakılığa məruz qalsın və qarşıdurmalarda iştirak etsin. Ona görə də, bütün bunlardan çəkinmək, heç bir təxribata və zorakılığa uymamaq lazımdır. Bu, Azərbaycan üçün vacibdir və təxribatlar Vətənimiz üçün heç bir fayda verməyəcək”.
Tədbirdə çıxış edən Real TV-nin Avropa müxbiri Xatirə Sərdarqızı, AMOR-un regional bölməsinin sədri Toğrul Həsənzadə, Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının sədri Daməd Əsgərov, AGAH təşkilatının sədri Təbriz Cəfərov, Fransada Azərbaycanın Dostları Assosiasiyasının katibi Mirvari Fətəliyeva, Azərbaycanlı Gənclər Birliyinin sədri Elman Manafov, Rusiya Yaxın Şərq Assosiasiyasının prezidenti Murad Sadıqzadə, İsveç Azərbaycanlı Gənclər təşkilatının sədri Ayda Amir Haşimi belə bir tədbirin keçirilməsinin əhəmiyyətli olduğunu bildirib, keçirilən aksiyaların önəmi barədə danışıblar. Eləcə də, ABŞ-da, Kanadada və Avropanın digər şəhərlərində ermənilərin azərbaycanlılara qarşı zorakı hərəkətləri barədə fikirlərini bildirib, hər zaman Azərbaycan dövlətinin və xalqının yanında olduqlarını diqqətə çatdırıblar.
Natiqlər çıxışlarında xaricdə yaşayan soydaşlarımıza ermənilərin təxribatına uymamaq, onlara qarşı mübarizəni hüquqi müstəvidə aparmaq, Azərbaycan
həqiqətlərinin təbliğ olunması ilə bağlı fəaliyyəti daha da gücləndirməyi və birgə hərəkət etməyi tövsiyə ediblər.
Daha sonra videokonfransda çıxış edən Milli Məclisin deputatları Naqif Həmzəyev və Bəhruz Məhərrəmov, NAYORA-nın sədri Məryəm Məcidova, ASAN Könüllüləri təşkilatının sədri Səbinə Cabbarova, ATGTİ sədri Faiq Məmmədov, YAP Gənclər Birliyi Ofisinin rəhbəri Elmar Məmmədov, “Cavan” təşkilatının sədri Murad Ağabəyli, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Bəxtiyar Rəhimov Tovuz istiqamətində gedən döyüşlərdən sonra faşist ideologiyasının quluna çevrilən ermənilərin dünyanın bir sıra ölkələrində Azərbaycanın diplomatik nümayəndəliklərinə və soydaşlarımıza qarşı zorakı hərəkətlərini terror hadisəsi kimi səciyyələndiriblər. Qeyd edilib ki, mənfur düşmən öz diasporu vasitəsi ilə dünya azərbaycanlılarının həmrəyliyinə kölgə salmaq üçün Azərbaycanın Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland, Belçikada diplomatik nümayəndəliklərimizə qarşı təxribatçı əməllər törədərək, aksiya iştirakçılarına fiziki güc tətbiq edib, onlara xəsarətlər yetirib, sərbəst toplaşmaq və öz fikirlərini ifadə etmək hüquqlarını kobud şəkildə pozublar.
Çıxışlarda vurğulanıb ki, bu gün dünya ictimaiyyəti insan hüquqlarını ali dəyər kimi qəbul etdiyi halda, beynəlxalq hüquq normalarına arxa çevirən Ermənistan demokratik dəyərləri təhdid edir, insan hüquq və azadlıqlarını kobud şəkildə pozur. Odur ki, insan hüquqlarının kütləvi şəkildə pozulmasına qarşı hər zaman həssaslıq nümayiş etdirən beynəlxalq qurumlar, beynəlxalq hüquq-müdafiə təşkilatları Ermənistanı işğalçılıq siyasətindən çəkindirmək barədə düşünməli, qəbul etdiyi qətnamələrə hörmətlə yanaşmalıdır.

yap.org.az

Digər xəbərlər