Siyasət

  • 11 118

Nizami Cəfərov: Qəbul edilmiş sənədlər Azərbaycanın haqlı və ədalətli mövqeyinin dəstəklənməsinin bariz nümunəsidir

image

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həlli Azərbaycan Respublikası üçün prioritet təşkil edir. Ölkəmiz bu istiqamətdə qətiyyətli mövqe sərgiləyir. Bu mövqe ondan ibarətdir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında öz həllini tapmalıdır. Bütün bunlara baxmayaraq, Ermənistan hakimiyyəti danışıqlar prosesini pozmağa hesablanmış addımlar atır, mütəmadi olaraq atəşkəs rejimini pozmaqla təxribatlar törətməyə cəhd edir”. Bu fikirləri Milli Məclisn deputatı Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, iyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribat törətməsi, həmçinin işğalçı dövlətin pandemiya şəraitində də təxribatçı fəaliyyətini davam etdirməsi yolverilməz hesab olunaraq beynəlxalq səviyyədə ciddi tənqid olunub. Bu baxımdan, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və İdarə Heyətinin üzvlərinin yaydıqları “Dağlıq Qarabağa sülh və ədalət” adlı bəyanat da mühüm əhəmiyyət daşıyır. Bəyanatda Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyət və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyinə tam dəstək ifadə edilib, həmçinin Ermənistanın təxribat cəhdləri, Azərbaycan vətəndaşlarının və mülki obyektlərinin hədəfə alınması qətiyyətlə pislənib.
Millət vəkilinin sözlərinə görə, son vaxtlar müxtəlif dövlətlər, beynəlxalq təşkilatlar və təsisatlar tərəfindən səsləndirilən bəyanatlar, qəbul edilmiş sənədlər Azərbaycanın haqlı və ədalətli mövqeyinin dəstəklənməsinin bariz nümunəsidir: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bəyanatında da Azərbaycanın beynəlxalq ictimaiyyət və BMT tərəfindən tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün və suverenliyinin tam dəstəklənməsi mühüm hadisədir. Bəyanatda BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinin icrasının zəruriliyindən bəhs olunur. Ən mühüm məqamlardan biri odur ki, dünyanın məşhur ictimai-siyasi xadimləri Ermənistan-Azərbaycan sərhədindəki son təxribatı, Azərbaycan vətəndaşlarının və mülki obyektlərinin hədəfə alınmasını qətiyyətlə pisləyirlər”.
N.Cəfərovun sözlərinə görə, bu sənəddə işğal faktının dəfələrlə qeyd olunması ilə yanaşı, Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırılmanın dayandırılması tələbinin yer alması xüsusi önəm kəsb edir: “Əlbəttə, qeyri-qanuni məskunlaşdırılma dayandırılmalı, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana qarşı təzyiqlər artırılmalı, təcavüzkar ölkənin işğalçılıq siyasəti ardıcıl olaraq kəskin şəkildə pislənilməlidir”.

yap.org.az

Digər xəbərlər