Siyasət

  • 10 533

Türkiyə Cənubi Qafqazla bağlı məsələdə aktiv iqtisadi və diplomatik mövqe sərgiləyəcək - ANALİZ

image

“İndi Ankaranın Suriya və Liviyaya paralel olaraq, Cənubi Qafqazda fəal hərbi siyasət yürütmək imkanları yoxdur. Düzdür, Türkiyə güclü regional dövlətdir, amma arsenalında nüvə silahları olan dövlətlə bölgə uğrunda mübarizə fikrində deyil. Əslində Türkiyənin Dağlıq Qarabağla bağlı mövqeyi bu münaqişənin başladığı ilk gündən bəllidir. Türkiyə dəfələrlə bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini ortaya qoyub. Qeyd etmək lazımdır ki, Türkiyə ATƏT-in Minsk qrupunda təmsil olunan 11 dövlətdən biridir. Həmsədrlər arasında yer almasa da, bölgədə baş verənlər Türkiyənin geosiyasi və geostrateji maraqlar dairəsinə aiddir. Digər yandan, Türkiyə Azərbaycana qardaş dövlətdir, tərəflər arasında strateji münasibətlər var. Bu münasibətlər “Bir millət, iki dövlət” prinsipi üzərində qurulub". SİA-nın məlumatına görə, bunu açıqlamasında politoloq Elşən Manafov deyib.Onun sözlərinə görə, Ermənistan Tovuz istiqamətində Azərbaycan dövlətinə qarşı təxribata əl atdıqdan sonra bunun Türkiyə-Rusiya münasibətlərini gərginləşdirəcəyi ilə bağlı ehtimallar önə çıxmağa başladı: "Bu da müyyən məqamlara görə anlaşılan idi. Əlbəttə Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) bu prosesə cəlb etməklə, Azərbaycan qarşısında hərbi üstünlük əldə etmək istəyirdi. Lakin Türkiyənin sərgilədiyi mövqe Ermənistanla yanaşı, müəyyən mənada Rusiya və KTMT-yə ismarış kimi qəbul edilməlidir. Ərdoğan prosesin əvvəlində bəyan etdi ki, Türkiyə Azərbaycanın yanındadır və ona 1918-ci ildə olduğu kimi hərbi dəstək verməyə hazırdır. Bu ismarış İrəvandan çox Kremlə yönəlmişdi. Təbii ki, Kremldə bu ismarışın haradan irəli gəldiyini bilirlər. Moskva və Ankaranın Suriya ilə bağlı anlaşmaları Qərbin bu ölkəni federativ dövlətlərə parçalamaq layihəsinin qarşısını aldı. Suriyadan sonra Ankara və Moskvanın Aralıq dənizinin şərqi və Liviyada maraqları toqquşdu. Söhbət Aralıq dənizinin şərqi və Liviyada tapılmış neft-qaz yataqlarından gedir. Türkiyə Liviyanın legitim hökumətini dəstəkləyirsə, Rusiya bilavasitə “Vaqner” qrupunun timsalında bu qanuni hakimiyyətə qarşı mübarizə aparan, qiyamçı general Haftarın liderliyindəki qüvvələri dəstəkləyir. Bundan sonra Rusiyanın bölgədəki enerji yataqları ilə bağlı maraqları ortaya çıxdı. Söhbət bundan gedir ki, Türkiyənin həmin yataqlarından çıxarılacaq neft-qaz resursları üzərindəki hüquqları qəbul olunacaqsa - onu da qeyd etmək lazımdır ki, Liviya hökuməti ilə həmin yataqlarda geoloji-kəşfiyyat işlərinin aparılmasıyla bağlı razılıq əldə olunub – bu, Ankara üçün ölkənin enerji təhlükəsizliyi ilə bağlı məsələlərində çox mühüm əhəmiyyət kəsb edəcək. Türkiyə bu gün müəyyən mənada enerji təhlükəsizliyi ilə bağlı Rusiyadan asılıdır. Maraqlıdır ki, Rusiyadan Türkiyəyə idxal olunan qazın 50 faizi dayandırılıb. Düzdür, Türkiyə rəsmiləri buna aydınlıq gətirməyiblər, amma bundan üç ay sonra məlum oldu ki, artıq TAP layihəsinin reallaşması gündəmdədir. Azərbaycan qazı həmin layihə ilə nəql olunacağı təqdirdə, Türkiyə bununla nəinki özünün enerji təhlükəsizliyi ilə bağlı problemlərini müəyyən mənada həll edəcək, eyni zamanda qazın Mərkəzi və Cənub-şərqi Avropaya ötürülməsində tranzit dövlət funksiyasını yerinə yetirəcək. Əlbəttə, bu məsələlər Avropanın enerji təhlükəsizliyində öz maraqları olan və Türkiyəni öz enerji asılılığında saxlamaq istəyən Rusiyanın hədəflərinə uyğun deyil. Buna görə də istisna etmirəm ki, Azərbaycana qarşı sonuncu təxribat .Ermənistandan daha çox Rusiya tərəfindən təşkil edilib. Məqsəd də bəllidir".Politoloq bildirib ki, Rusiya və Türkiyə prezidentlərinin telefon danışığından sonra tərəflər Cənubi Qafqazla bağlı məsələlərdə uzlaşdırılmış siyasətin həyata keçiriləcəyi ilə bağlı razılığa gəliblər: "Çünki bu gün Türkiyə ətrafındakı geosiyasi reallıqlar elə bir müstəvidədir ki, indi Ankaranın Suriya və Liviyaya paralel olaraq, Cənubi Qafqazda fəal hərbi siyasət yürütmək imkanları yoxdur. Düzdür, Türkiyə güclü regional dövlətdir, amma arsenalında nüvə silahları olan dövlətlə bölgə uğrunda mübarizə fikrində deyil. Halbuki, Türkiyənin Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlı konkret geosiyasi planları var. Etiraf etmək lazımdır ki, bu planlar NATO və ABŞ-ın bu bölgələrlə bağlı hədəfləri ilə üst-üstə düşür. Bununla belə düşünürəm ki, Dağlıq Qarabağla bağlı danışıqlar Türkiyənin də ciddi nəzarəti altında olacaq. Rusiya bundan sonra Türkiyənin buradakı maraqlarını nəzərə alacaq. Tərəflər, eyni zamanda Liviya məsələsinin çözülməsində də razılığa gəliblər. Rusiya Türkiyənin Liviyadakı maraqlarını nəzərə alıb müəyyən kompromislərə getməyə hazır olduğunu bəyan edib. Ehtimal edirəm ki, Türkiyə də bu məsələlərdə Rusiya ilə uzlaşdırılmış və razılaşdırılmış siyasətin həyata keçirilməsini dövlət maraqları baxımından vacib hesab edir. Düşünürəm ki, Türkiyə istəsə belə, Azərbaycana 1918-ci ildəki səviyyədə hərbi yardım göstərməyəcək. Çünki dünyanın bugünkü geosiyasi reallıqlarını nəzərə almaq lazımdır. Avropa İttifaqı, NATO üzvləri olan Fransa və Yunanıstan, o cümlədən “S-400” sistemlərinin alınmasından sonra ABŞ-la yaşanan gərginlik Türkiyənin ərazi bütövlüyünü təhdid edir. Yəni belə bir şəraitdə - NATO-dakı müttəfiqləri tərəfindən ciddi təminatlarının olmadığı situasiyada Türkiyənin Cənubi Qafqazda ciddi hərbi əməliyyatlara gedəcəyini istisna edirəm. Amma Rusiya onu da anlayır ki, Türkiyənin buradakı maraqları etnik kimlik baxımından qardaş olan Azərbaycanı qorumaqdır. Şübhəsiz ki, Türkiyənin Azərbaycanda iqtisadi və enerji maraqları var. Türkiyə də indiki reallıqlar kontekstində bu maraqlarından geri çəkilmək niyyətində deyil".E.Manafov bildirib ki, əgər söhbət Minsk qrupu formatının dəyişdirilməsindən və ya Türkiyənin burada təmsil oluna biləcəyi planlarından gedirsə, ən azı erməni tərəfi buna etirazını bildirəcək: "Yəni Ermənistan Türkiyənin həmsədrlik institutunda təmsil olunmasına razı olmayacaq. Əslində bu kimi məsələlər anlaşma ilə həllini tapır. Münaqişə tərəflərindən biri həmsədrlərin təklif etdiyi layihəni qəbul etmirsə, bu, reallaşmır. Düşünürəm ki, Türkiyə yuxarıda sadaladığım bu faktorlara görə Cənubi Qafqazla bağlı məsələdə aktiv iqtisadi və diplomatik mövqe sərgiləyəcək. Qənaətimə görə, bu mövqelər də Rusiya ilə razılaşdırılıb. Yəni Türkiyə Rusiyanın Cənubi Qafqazdakı maraqlarını nəzərə alaraq öz siyasətini həyata keçirəcək. Bu mənada, tərəflər arasında dünyanın ayrı-ayrı bölgələrində bir-birinin maraqlarını tanıması kontekstində uzlaşdırıcı anlaşmaların olacağını istisna etmirəm. Əlbəttə, Türkiyə Minsk qrupunun iş üslubunun dəyişdirilməsi ilə bağlı tələb və təkliflərlə çıxış edə bilər. Azərbaycan Prezidenti İlham Əliyev də bildirdi ki, Minsk qrupunun bu məsələyə münasibət və yanaşması dəyişməlidir. Bunun üçün də Azərbaycanın xarici siyasəti müdafiə mövqeyindən hücum diplomatiyasına keçməlidir. Düşünürəm ki, Azərbaycan bu prosesdə tək deyil, Türkiyə onu dəstəkləyəcək. Onu da istisna etmirəm ki, KTMT-də təmsil olunan türkdilli dövlətlər də Azərbaycanın yanındadırlar. Ümumiyyətlə, son proseslər başlayandan KTMT-nin buna müdaxilə etməməsi, səssizliyini qoruması həm də Rusiyanın Azərbaycanla münasibətlərə önəm verməsi anlamına gəlir".

sia.az

Digər xəbərlər