Siyasət

  • 14 049

Ermənistan öz əməllərindən ciddi nəticə çıxarmalıdır - MÖVQE

image

“Regionda vəziyyətin gərginləşdiyi bir vaxtda Rusiya öz müttəfiqləri ilə birlikdə müəyyən hərbi təlimlər keçirir. Bu, həmişə belə olub. Hətta 2016-cı ilin aprel döyüşləri vaxtı da Xəzərdə Rusiyanın hərbi donanmasının və digər quru qoşunlarının təlimləri başlamışdı. Fikir verdinizsə, indi də belə oldu. Lakin verilən sorğulara cavab olaraq yenə də məqsədin bu olmadığını bildirdilər". SİA-nın məlumatına görə, bunu açıqlamasında Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü, siyasi şərhçi Arzu Nağıyev deyib.Onun sözlərinə görə, hazırda Cənub Hərbi birləşmələrinin 5 minlik hərbi kontingenti Şimali və Cənubi Qafqazda taktiki təlimlər keçirir: "Maraqlıdır ki, quru qoşunlarla birlikdə desant, Hərbi Hava Qüvvələri, eyni zamanda artilleriya sistemləri də təlimə cəlb edilib. Hərbidən az-çox xəbəri olanlar istifadə edilən texnikaya nəzər salsa, bunu dərk edər ki, əsas məqsəd uzaqdan idarəetmədən gedir. Ən müasir silahlar olan “Tornado”, ”Qrad”, “Qvozdika”, ”Akasiya” və s. buna əyani sübutdur. Bura tankları da əlavə etsək, həm kəşfiyyat, həm də döyüşün necə aparıla biləcəyinə aydınlıq gətirmək olar. Manevrlər Dağıstanda, Çeçenistanda və separatçı qurumlarda (Cənubi Osetiya, Abxaziya) və digər Rusiya bazalarında olan hərbçilər və silahlarla aprılır”.Deputat vurğulayıb ki, burada NATO təhlükəsi yoxdur, ən yaxın xarici ordu Azərbaycan və Türkiyədir: “Məncə, əlavə şərhə ehtiyac qalmır. Lakin Rusiya böyük müharibə aparmaq iqtidarında deyil. Çünki buna güc lazımdır, lakin lokal qarşıdurmalar yarada və həm də öz regional müttəfiqlərinə, o cümlədən Ermənistana dəstək nümayiş etdirə bilər. Paralel olaraq Naxçıvanda, həmçinin ölkəmizin digər bölgələrində Azərbaycan və Türkiyə ordularının təlimləri də məhz bu günlərə elə-belə təsadüf etmir. Eyni zamanda Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlaxda keçiriləcək təlimlər də mühüm və ciddi məsələlərdir. Burada məqsəd Türkiyənin Azərbaycan üçün çox mühüm strateji və hərbi tərəfdaşı olması və bundan Ermənistan və onun tərəfdaşlarının ciddi narahatlığı, nəticə çıxarmasıdır".A.Nağıyev bildirib ki, kimlərsə, o cümlədən Ermənistan çalışır ki, bunun antirusiya tərəfini qabartsın: "Lakin Türkiyə və Rusiya prezidentlərinin son telefon danışıqları buna aydınlıq gətirib. Təbii ki, Ermənistan və onun tərəfdarları bu məsələdə İranı da narahat olmağa vadar edəcək açıqlamalar verirlər. Yəni nə qədər qonşuluq siyasəti olsa da, Türkiyə NATO-nin üzvüdür. Təbii ki, bu belə deyil. İstənilən halda, bu təlimlərdə tərəfdaşlar məlum olur, Ermənistan öz işğalçı siyasətini dərk etməli və ciddi nəticə çıxarmalıdır"

sia.az

Digər xəbərlər