Siyasət

  • 12 023

Sevinc Fətəliyeva: Ermənilərin Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə və soydaşlarımıza qarşı zorakılığı açıq-aydın cinayət məsuliyyəti doğuran əməllərdir

image

“Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın hərbi təxribatına layiqli cavab verməsi Azərbaycan cəmiyyətində vətənpərvərlik ruhunu daha da yüksəldib. Eyni zamanda, xaricdə yaşayan soydaşlarımız bu günlərdə dövlətimizlə, ordumuzla dinc həmrəylik nümayişləri keçirərək düşmənin işğalçılıq siyasətini, Tovuz istiqamətində törətdiyi növbəti təxribatı pisləyir, ordumuza, dövlətimizə dəstək nümayiş etdirirlər. Soydaşlarımızın yaşadıqları ölkələrin qanunları çərçivəsində belə dinc aksiyalar keçirmələri onların vətənpərvərliyini təcəssüm etdirməklə yanaşı, həm də müstəsna hüquqlarıdır. Ermənilərin isə xaricdə yaşayan soydaşlarımızın keçirdikləri belə dinc aksiyalara dözümsüz yanaşmaları onların əsl simasını, terrorçu mahiyyətlərini açıb göstərir”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, son vaxtlar Azərbaycanın Fransa, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, ABŞ, Niderland və Belçikada diplomatik nümayəndəliklərinə, həmçinin dinc aksiya keçirən soydaşlarımıza qarşı radikal erməni qüvvələri tərəfindən aqressiv təxribatçı əməllər törədilir. Onun sözlərinə görə, dövlət sərhədinin Tovuz istiqamətində törədilən son təxribatın bütün məsuliyyəti düşmən dövlətin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür: “Eyni zamanda, respublikamızın bir sıra ölkələrdəki diplomatik nümayəndəliklərinə və aksiya keçirən dinc azərbaycanlılara qarşı törədilən təxribat və terror hadisələri də Ermənistan rəhbərliyinin təşəbbüsü ilə baş tutur. Rəsmi Yerevan xarici ölkələrdə azərbaycanlılara qarşı terroru sanksiyalaşdırıb və beynəlxalq miqyasda ermənilərin azərbaycanlılara qarşı yeni terror dalğası başlayıb”.
S.Fətəliyeva deyib ki, işğalçı dövlətin baş naziri Nikol Paşinyan, əslində, azərbaycanlılara qarşı yeni etnik müharibə elan edib. İşğalçılıq siyasətini dövlət siyasəti səviyyəsinə yüksəldən Ermənistanın silahlı qüvvələri Azərbaycanla açıq döyüşlərdə uğur qazana bilmir. Buna görə də düşmən tərəf öz məkrli planlarını həyata keçirmək üçün daim təxribatlara və terror əməllərinə əl atır. Bunu son hadisələr də bir daha təsdiqləyir. Millət vəkilinin sözlərinə görə, döyüş meydanında lazımi dərsini alan düşmən, necə deyərlər, bundan sonra cəbhəni dəyişib: “Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına, eləcə də dinc azərbaycanlı nümayişçilərə qarşı törədilən təxribatlar özündə vandalizm və terror elementlərini ehtiva edir. Ermənilərin Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə və soydaşlarımıza qarşı təxribatlara əl atmaları açıq-aydın cinayət məsuliyyəti doğuran əməllərdir. Çoxsaylı aksiya iştirakçılarına ermənilər tərəfindən fiziki güc tətbiq olunub, onlara xəsarətlər yetirilib, sərbəst toplaşmaq və öz fikirlərini ifadə etmək hüquqları pozulub”.
“Bu hadisələrə həmin ölkələrin hüquq-mühafizə orqanları hüquqi qiymət verməlidir. Həmçinin hesab edirəm ki, soydaşlarımız ermənilərin təxribatına uymamalı, bütün addımları qanun çərçivəsində atmalıdırlar. Bugünlərdə respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həmvətənlərimizə müraciəti də bu baxımdan olduqca önəmlidir”,-deyə S.Fətəliyeva vurğulayıb.

yap.org.az

Digər xəbərlər