Siyasət

  • 23 397

"Ermənistan gec-tez danışıqlar masası arxasına oturmalıdır" AÇIQLAMA

image

"Azərbaycan da daxil olmaqla, bütün dünya ölkələri koronavirus pandemiyasından əziyyət çəkir. Pandemiyanın təsirləri hər bir sahədə özünü büruzə verir. Ölkəmizdə koronavirusla mübarizə istiqamətində dövlətimiz tərəfindən çox mükəmməl müdafiə sistemi yaradılıb. Koronaviruslu xəstələrin müvafiq şəraitdə müalicə almaları üçün hər bir şərait var. Virusun ölkəmizdə yayılmağa başladığı ilk günlərdən bütün zəruri tədbirlər görülüb. Dövlətimiz tərəfindən Dəstək Proqramı həyata keçirilir, vəziyyət nəzarətdə saxlanılır. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və qəbul edilir. Ölkəmiz koronavirusla mübarizədə ÜST-ə və dünyanın 30-dan çox ölkəsinə maliyyə yardımı göstərib. Amma bunu bədnam qonşumuz işğalçı Ermənistan haqqında demək mümkün deyil". SİA xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.Deputat onsuz da kasıb ölkə olan Ermənistanda vəziyyətin daha da kritik olduğunu və maliyyə yardımı üçün digər ölkələrə üz tutduğunu qeyd edib. Bildirib ki, əhali, xüsusilə də, gənclər ölkəni tərk edərək dolanışıq üçün başqa ölkələrə üz tuturlar. Bu da təbii ki, əhalinin sayının azalmasına səbəb olur: “Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlayan təcavüzkar Ermənistana İran sərhədi açmasaydı, onun vəziyyəti daha pis olardı. Hazırda bu ölkə xarici ölkələrin, müxtəlif beynəlxalq təşkilatların maliyyə yardımı hesabına dolanır. Büdcəsi və iqtisadiyyatı xaricdən, beynəlxalq təşkilatlardan asılı olan ölkədə acınacaqlı vəziyyət yaranıb və Ermənistan iflasa doğru gedir. Erməni xalqı Paşinyan rejiminin girovuna çevrilib. 2 milyona yaxın əhalisi olan ölkədə 40 mindən artıq koronaviruslu xəstə var. Dərman, çarpayı çatışmır. Digər tərəfdən ölkədə müxalif fikirli hər kəsə qarşı çox sərt repressiya tətbiq edilir. Müxalifətin təmsilçilərinə qarşı müxtəlif qadağalar və məhdudiyyətlər qoyulur. Bəziləri səbəbsiz cinayət məsuliyyətinə cəlb edilir. Bir qrup hüquq müdafiəçisi isə təqib və nəzarət altında saxlanılır. Ölkədə elə bir diktatura rejimi yaradılıb ki, həbs olunmuş müxalifət nümayəndələrinə hətta vəkil belə tutmağa imkan verilmir”.M.İbrahimqızı təəssüfləndiyini bildirib ki, təcavüzkar ölkə daxilindəki problemləri həll etmək, vətəndaşların məmnunluğunu təmin etmək yerinə yenə də öz təcavüzkar, işğalçı niyyətindən əl çəkmir. Qeyd edib ki, bədnam qonşumuz nəinki bizim ölkəyə, digər qonşu ölkələrə-Türkiyə, Gürcüstana da ərazi iddiasındadır: “Ermənistan Türkiyəni soyqırımında günahlandırır. Əslində, o özü ən qəddar cinayətkardır və Xocalıda törədilənlər ən böyük soyqırımıdır. Ermənilərin tarixi saxtadır. Tarixi saxtalaşdırmaq sanki onların peşəsinə çevrilib”.Deputat Ermənistan Ordusunda vəziyyətin acınacaqlı olduğunu bildirib. Onun sözlərinə görə, orduda əsgərlərin koronavirusa yoluxması çox geniş yayılıb. Bunu Ermənistanın Müdafiə Nazirinin sözcüsü Şuşan Stepanyan da təsdiq edib. Belə ki, 1 iyul tarixində hərbi xidmətə çağırış başlayandan iyulun 30-na kimi 30 əsgərdə koronavirus aşkarlanıb.“Tovuz istiqamətində törətdiyi hərbi təxribatdan sonra dünya “demokrat pərdəsi” altında özünü gizləyən Ermənistanın yalanlarına, artıq inanmır. Məlum hadisələrdən sonra təcavüzkar ölkənin iç üzü bir daha ortaya çıxdı. Dünya ölkələri, beynəlxalq ictimaiyyət son günlərdə onların təcavüzkarlığının bir daha şahidi oldu. Tovuz rayonunun işğalçı ölkənin ərazi iddiasında olduğu Qarabağa heç bir dəxli yoxdur. Son hadisələr, hərbi təxribat və ardınca Azərbaycanın Avropada, Rusiyada və ABŞ-da olan diplomatik nümayəndəliklərinə, dinc aksiya keçirən soydaşlarımıza qarşı törədilən təcavüz aktları bir daha göstərdi ki, Ermənistan sülh istəmir. Halbuki aksiyalar sivil qaydada, həmin ölkənin qanunlarına uyğun şəkildə aparılırdı. Erməni diasporu terror təşkilatlarına, xüsusilə də, “ASALA”ya çox arxalanır. Amma Azərbaycan diasporu bütün qüvvələri səfərbər edərək haqq işimiz uğrunda güclü birlik və fəallıq nümayiş etdirdi. Ermənistan və erməni diasporu bu fəallığın qarşısında aciz qaldı. Azərbaycan Ordusunun düşmənə layiqli cavab verməsi insanlarımızda ruh yüksəkliyi yaratdı. Gənclərimiz ordumuza və Ali Baş Komandana dəstək aksiyasına qoşuldular. Minlərlə gənc Prezident İlham Əliyevin çağırışına qoşularaq könüllü orduya yazıldı. Bu da onu göstərir ki, xalqımız dövlətinin və onun rəhbərinin yanındadır”, - deyə Məlahət İbrahimqızı vurğulayıb.Deputat deyib ki, Ermənistan gec-tez danışıqlar masası arxasına oturmalı, işğal etdiyi torpaqları boşaltmalıdır. Bunu beynəlxalq hüquq və ələlxüsus da, BMT-nin qətnamələri tələb edir.

sia.az

Digər xəbərlər