“Virusun ikinci, üçüncü dalğası gəlir və bundan da heç kim sığortalanmayıb” ÖZƏL-ŞƏRH

Dünya ölkələri pandemiya ilə mübarizəni davam etdirir. Haradasa altı ay keçib və altı aydır dünya ölkələri, o cümlədən Azərbaycan pandemiya ilə mübarizə aparır. Bu sözləri SİA-ya açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.Mərkəzin rəhbərinin sözlərinə görə, tam virus azalmışdı ki, bəzi ölkələrdə təzədən partlama baş verdi və göründüyü kimi, ikinci, üçüncü dalğalar gəlir və bundan da heç kim sığortalanmayıb.

“Dünya səhiyyəsinin ən çox inkişaf etdiyi ölkələrdən biri İsraildir ki, İsraildə may ayında yoluxma ən aşağı rəqəmə düşdü, məktəbləri açdılar, restoran, kafe, çimərlik açıldı, amma yenidən say artdı və yenidən qadağalara getdilər. Çimərliklər, məktəblər qapandı. Yəni, burada proqnoz vermək çətindir. Amma hər şeyi tam dayandırmaq da mürəkkəb prosesdir və bu, dövlətə baha başa gəlir ki, bunu bir çox dövlətlər də anlayır. Yəni, istər-istəməz müəssisələr, ticarət mərkəzləri açılmalıdır ki, aşıl-veriş başlasın və sosial məsələlər də öz həllini tapsın.
Bəli, çimərliklərin açılması lazım idi. Belə ki, bizi soyuq aylarda qoruması üçün D vitamini lazımdır. Düşünürəm ki, yaxın müddətdə müəssisələrin açılması da ciddi müzakirə olunacaq. Çünki iş yerləri açılmalı, insanların gəlir imkanları artmalıdır. Yəni, biz, eləcə də digər ölkələr, bəşəriyyət elə bir mərhələyə qədəm qoyur ki, bu virusla yaşamaq məcburiyyətində qalınacaq bir müddət. Bu, o demək deyil ki, virusla yaşanan müddətdə yenə də hər yer qapalı qalmalıdır. Yox, açılmalıdır. Bir müddət sonra ola bilsin tədris müəssisələri də açıla bilər. Ancaq üç şərt bizim gündəmimizdə hər zaman olmalıdır, sosial məsafə, tibbi maska və bir də əlləri təmiz saxlamaq. Buna biz riayət etməliyik və biz buna riayət edəriksə, hər yer, iş yerləri, tədris müəssisələri açıla bilər. Çünki yenə də deyirəm ki, bu, hələ bir müddət də davam edə bilər. Bunun da bir müddət davam etməsi o demək deyil ki, yenə də hər yer qapalı qalmalıdır. Tədricən açılmalar olmalıdır ki, iqtisadiyyat nəfəs almağa başlasın, işləməyə başlasın və biz əvvəlki inkişaf dövrünə qayıda bilək”, deyə Elxan Şahinoğlu bildirib.

sia.az