Anar Məmmədov: Vətəndaşların sağlamlığının qorunması Azərbaycan dövləti üçün prioritetdir

“Dünya ölkələrinin qlobal pandemiya ilə mübarizəsi davam edir. Müxtəlif sanitar-epidemioloji, profilaktik, məhdudlaşdırıcı tədbirlərə rəğmən hələ də virusun yayılma sürətini azaltmaq, yoluxma hallarının qarşısını almaq mümkün deyil. Lakin sevindirici haldır ki, ölkəmizdə bu gün virusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. İyulun 16-dan etibarən artan müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər öz səmərəsini verir və artıq yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır”. Bu fikirləri Milli Məclisin deputatı Anar Məmmədov deyib.

A.Məmmədov bildirib ki, pandemiya ilə mübarizədə dünyanın böyük dövlətləri ilə müqayisədə Azərbaycan daha böyük müvəffəqiyyətə nail olub. Həyata keçirilən tədbirlər sayəsində Azərbaycan bu sınaqdan uğurla çıxmaqdadır. İlk vaxtlar virusla mübarizə üçün zəruri olan tibbi avadanlıqların təmin olunması ilə bağlı addımlar atıldı. Bunun üçün ayrıca tibbi maska istehsal edən fabrik yaradıldı, 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərməyə başladı. Hansı ki, həmin xəstəxanaların 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Eyni zamanda, xəstələrin sayının artması ilə əlaqədar olaraq modul tipli xəstəxanaların tikintisi təşkil edildi. Bu günə qədər artıq modul tipli 9 xəstəxana istismara verildi. Həmçinin Fövqəladə Hallar Nazirliyinin xətti ilə 800 çarpayılıq bir xəstəxana istifadəyə verildi, 1300 çarpayılıq xəstəxana isə bu ayın sonuna qədər istifadəyə veriləcək. Bu da əlavə 2100 çarpayı deməkdir. İki Olimpiya İdman Kompleksinin xəstəxanaya çevrilməsi məsələləri həll edildi, qısa müddət ərzində hazır vəziyyətə gətirildi. Bütün bunlar isə bir daha Azərbaycan vətəndaşının sağlamlığının qorunmasının hər zaman Prezidentimizin diqqət mərkəzində olmasının bariz nümunəsidir.
Millət vəkili qeyd edib ki, Azərbaycan dövləti dünyada geniş şəkildə yayılan koronavirus pandemiyası ilə mübarizədə qabaqlayıcı tədbirlərin görülməsi ilə yanaşı iqtisadi və sosial məsələlərin həllində də operativ tədbirlər həyata keçirərək, insanların sosial rifahının təmin olunması istiqamətində də mühüm addımlar atıb. 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edilib, 760 min sahibkara lazımi maliyyə dəstəyi göstərildi və onların iş yerləri qorundu. Müqayisə üçün deyə bilərik ki, bəzi inkişaf etmiş ölkələrdə iqtisadi tənəzzül 10 faiz, 14 faiz, 20 faiz, ondan da çox olsa da bu ölkələrə baxdıqda bizdə vəziyyət daha yaxşıdır. Cənab Prezidentin də vurğuladığı kimi sahibkarlara dəstək bundan sonra daha da şəffaf və mütəşəkkil qaydada göstəriləcəkdir.
“Vətəndaşlar bilməlidirlər ki, pandemiya dövründə həyata keçirilən bütün tədbirlər, qadağalar məhz onların sağlamlığı, rifahı üçün hesablanıb. Hər kəs özünü, yaxınlarını düşünərək maksimal dərəcədə anlayışlı olmalı, qoyulan tələblərə, verilən tövsiyələrə etinasız yanaşmamalı, bəsit gigiyenik qaydalara riayət etməli, maska taxmalı, sosial məsafəni saxlamalıdır. Bütövlükdə deyə bilərəm ki, Azərbaycan cəmiyyəti çox böyük məsuliyyət, nizam-intizam göstərir. Şənbə-bazar günlərində xüsusi karantin rejiminin tətbiq olunması da onu göstərir ki, vətəndaşlar məsuliyyəti dərk edirlər. Ancaq hər bir vətəndaş bunu dərk etməlidir. Çünki bir məsuliyyətsiz vətəndaş yüz nəfəri yoluxdura bilər, onların və özünün həyatını risk altına ata bilər.

yap.org.az