Siyasət

  • 23 811

Polkovnik Vaqif Dərgahlı: Sarkisyan öz canını qurtarmaq üçün çürük saman çöpündən yapışır

image

Uzun sürən sükutdan sonra Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın 2016-cı ilin aprel döyüşləri barədə erməni ictimaiyyətinə çatdırdığı “həqiqətlər” yalan və iftiradır, onun iflasa uğramış reytinqinin bərpa edilməsi üçün atılmış növbəti uğursuz addımdır. O, səsləndirdiyi fikirlərə bəlkə də Ermənistandakı öz tərəfdaşlarını inandıra bilər. Əslində isə Aprel döyüşlərinin həqiqətləri hamıya bəllidir.

Bu sözləri S.Sarkisyanın fikirlərini şərh edərkən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı söyləyib.
Polkovnik V.Dərgahlının sözlərinə görə, aprel fiaskosundan sonra Ermənistan parlamentində döyüşlərin nəticələrini araşdıran istintaq komissiyası yalnız canlı qüvvə sarıdan ermənilərin 560 hərbçisinin öldürüldüyünü açıqlamışdı. Həmin döyüşlərdə ermənilərin 33 tankının və 15 topunun da məhv edildiyi danılmazdır.
“S.Sarkisyan Ermənistan silahlı qüvvələrinin itkilərinin sayını azaltmaq və Azərbaycan Ordusu tərəfindən azad edilən ərazilərin ölçülərini kiçiltməklə öz çirkin niyyətlərinə nail olmaq və bacarıqsızlığına haqq qazandırmaq istəyir. O, ikiüzlülük edərək real faktları danmaqla guya apreldə qələbə qazandıqlarını utanmadan bəyan edir. Sual olunur: əgər o dediyi kimi, Aprel döyüşlərində qalib gəlibsə, bəs nə üçün həmin hadisələrdən qısa bir müddət sonra onun yaxın dostu və silahdaşı, müdafiə naziri vəzifəsində olan Seyran Ohanyan, ardınca isə Ermənistan silahlı qüvvələrinin bütün ali rütbəli rəhbərliyi istefaya göndərildi?
Məgər döyüşlərdə erməni tərəfi xeyli sayda itki verdiyinə görə Ermənistan cəmiyyətinin ayağa qalxması, erməni analarının kütləvi etiraz aksiyaları keçirməsi, “Sasna Srer” qruplaşmasının hakimiyyətə qarşı kortəbii silahlı üsyanı və nəhayət, Sarkisyanın özünün siyasi hakimiyyətinə son qoyulması Azərbaycan Ordusunun Aprel zəfərinin əks-sədası deyildimi? Bütün bunların dünya ictimaiyyətinin gözü qarşısında baş verdiyini bilə-bilə ancaq erməni xislətli Sarkisyan həqiqəti danaraq hansısa qələbədən danışa bilər.
Azərbaycan Ordusunun ön xətt bölmələrinin sərəncamında olan silah və hərbi texnikanın az bir hissəsini istifadə edərək qısa zamanda 2000 hektar ərazini işğaldan azad etməsinə rəğmən, Sarkisyan Ermənistan silahlı qüvvələrinin məğlubiyyətinə ciddi cəhdlə bəraət qazandırmağa çalışaraq utanmadan qələbədən danışır.
Döyüşlər zamanı Serj Sarkisyanın guya Ermənistan ordusundan bu əraziləri qaytarmağı tələb etməməsinin səbəbinin erməni əsgərlərinin həyatının xilas edilməsinə üstünlük verməsi fikrinə gəldikdə isə, bu, onun Ermənistan tərəfindən yenidən işğala cəhd edilərsə, həm canlı qüvvə və hərbi texnikada, həm də işğal olunmuş ərazilərin azad edilməsi baxımından böyük itkilər verəcəklərini yaxşı başa düşdüyünə bir daha dəlalət edir.
Əminliklə demək olar ki, Aprel döyüşləri və bu döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin verdiyi itkilər təkcə Ermənistanın o vaxtkı hərbi-siyasi rəhbərliyi üçün deyil, eyni zamanda, Ordumuzla baş verə biləcək növbəti döyüşlərin bərpa olunmayacaq itkilərə, o cümlədən Sarkisyan rejimi ilə olduğu kimi, hakimiyyət itkisinə gətirib çıxaracağını yaxşı anlayan hazırkı rejim üçün də əsl dərs oldu.
Xüsusi olaraq onu da qeyd etmək istərdim ki, bu çıxışı ilə Ermənistan ictimaiyyətini növbəti dəfə aldatmağa çalışan Sarkisyan özünü qəhrəman kimi qələmə verməklə canını qurtarmaq üçün çürük saman çöpündən yapışır”, - deyə polkovnik V.Dərgahlı bildirib.

yap.org.az

Digər xəbərlər