"Yaxın gələcəkdə düşmən ölkədə ciddi çaxnaşmaların şahidi olacağıq” ÖZƏL-MÜNASİBƏT

“Ermənilərin Tovuza hücumundan sonra bir çox ölkələrdə soydaşlarımızın keçirdikləri aksiyalar, erməni diaspor təşkilatlarında parçalanmaları göstərdi. Əslində isə, Paşinyanın erməni diasporu ilə problemləri yeni deyil. 2018-ci ildə məşhur “Soros” fondunun dəstəyi ilə, davamlı küçə yürüşləri nəticəsində hakimiyyətə gələn Paşinyan hökumətdə islahatlar aparacağını vəd etdi”. Bunu SİA-ya millət vəkili Nəsib Məhəməliyev deyib.Deputatın sözlərinə görə, nazirliklərin sayını azaldacağı, ən əsası isə, diaspor işləri üzrə nazirliyin ləğv olunacağını, funksiyalarının Nazirlər Kabinetinə və yaxud Xarici İşlər Nazirliyinə veriləcəyi haqqında bəyanatlar səsləndirdi: “Hər kəsə yaxşı bəllidir ki, Ermənistanın idarə olunmasında, cəmiyyətdə baş verən ictimai-siyasi proseslərdə diasporun təsiri olduqca böyükdür. Dövlətin iqtisadi potensialı olduqca zəifdir. Torpaqlarımızı işğal altında saxladığı üçün, Azərbaycan tərəfindən iqtisadi blokadaya alınmış, bir çox beynəlxalq layihələrdən kənarda qalmışdır. İnvestisiya cəlbetmə imkanları çox aşağıdır. Ona görə də o dövlətin diaspordan asılılığı danılmazdır.Təbii ki, Paşinyanın ixtisarla bağlı bəyanatı, eyni zamanda, verdiyi vədləri yerinə yetirə bilməməsi, bir çox beynəlxalq tədbirlərdə savadsız, ziddiyyətli çıxışları ilə ölkəsini biabır etməsi, onunla diaspor arasında konfliktin yaranmasına səbəb oldu. Nəticədə Rusiyada yaşayan imkanlı ermənilər yardımı tam dayandırdılar. Artıq ABŞ-da və Avropa ölkələrində fəaliyyət göstərən diasporlar, onu ölkəni idarə edə bilməməkdə, hakimiyyətə gələndən sonra vəziyyətin daha pisləşdiyini əsas gətirərək istefasını tələb edirlər. Bu barədə sosial şəbəkələrdə kifayət qədər məlumatlar var. Hesab edirəm ki, Paşinyanın siyasi gələcəyi çox qaranlıqdır və yaxın gələcəkdə düşmən ölkədə ciddi çaxnaşmaların şahidi olacağıq”.

sia.az