"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində danışıqlarda vasitəçilik missiyası daşıyan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən olan Rusiyanın davamlı olaraq təzavüzkar ölkəni külli miqdarda silah-sursatla silahlandırması onun statusuna ziddir". Bunu SİA-ya millət vəkili Naqif Həmzəyev deyib.Deputatın sözlərinə görə, ərazilərimizi işğal edən, sülhdən boyun qaçıran, sülh prosesində maraqlı olmayan işğalçı Ermənistana hərbi yardımların edilməsi qəbuledilməzdir, beynəlxalq hüquqa ziddir: "Ən əsası isə Rusiyanın Ermənistanı silahlandırmaqda davam etməsi ATƏT-in Minsk Qrupunun həmsədri kimi onun üzərinə götürdüyü missiyaya uyğun deyil. Bu da Rusiyanın regiondakı status-kvonu legitimləşdirməyə cəhdi kimi dəyərləndirilməlidir. İllərdir ölkəmizə qarşı işğalçı siyasəti yeridən Ermənistanı silahlandırmaq isə strateji müttəfiq kimi Azərbaycanın milli maraqlarını görməzdən gəlməklik deməkdir.Təəccüb doğuran məqam isə, Ermənistanda Rusiyaya qarşı aqressiyanın artdığı, Soros və uşaqları tərəfindən faktiki olaraq Rusiyanın forpost ölkədə sıxışdırıldığı, Kremlə qarşı vuruşmuş, faşizmin yanında yer almış şəxslərin “qəhramanlaşdırıldığı” bir vaxtda Rusiya Ermənistanı hərbi sursatla silahlandırır. Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə telefon söhbəti bir daha göstərdi ki, Azərbaycanın dövlət və milli təhkükəsizlik maraqlarının qorunması öndə gəlir və Cənubi Qafqazda, bütövlükdə Rusiyanın cənub sərhədlərində vəziyyətin gərginləşməsi nə Rusiyanın, nə də Azərbaycanın maraqları baxımından arzu edilən deyil.Eyni zamanda, son hadisələr, Rusiyanın təcavüzkar Ermənistanı silahlandırması həmsədrlik institutunun tərkibində dəyişikliklər edilməsi məsələsini də gündəmə gətirdi. Minsk qrupu öz missiyasını həyata keçirə bilmirsə, o zaman həmsədrlərin əvəzlənməsi və Minsk qrupuna üzv olan ölkələrdən digər başqaları həmsədrlik missiyasını öz üzərinə götürməlidir. Bölgədəki sabitlik və əmin-amanlıq üçün mehriban qonşuluq siyasətinin yürüdülməsi üçün bu məsələdə ən real namizəd regionda tarixi-siyasi və mənəvi məsuliyyəti olan Türkiyədir. Türkiyənin Minsk Qrupu həmsədrləri sırasına daxil edilməsi ən optimal variantdır".
sia.az