Türkiyə-Azərbaycan yaxınlaşmasından narahat olan bəzi xarici güclər, xüsusilə Rusiya Ermənistanı silahlandırmağa, hətta cəbhə bölgəsində aktiv döyüşləri bərpa etməyə həvəsləndirdiyi bildirilir. Sual yaranır, niyə Azərbaycanla Türkiyənin hərbi sahədə yaxınlaşmasından Ermənistan qədər Rusiya da narahatçılq keçirir?Millət vəkili Azər Badamov “Səs” qəzetinə açıqlamasında bildirdi ki, Rusiya Azərbaycanın Türkiyə ilə yaxınlaşmasından narahatdır: “Son vaxtlar Ermənistana silah-sursatın verilməsi də bir daha bunu sübut edir. Rusiya bilir ki, harada Türkiyə varsa, orada qələbə olur. Son vaxtlar Türkiyənin Azərbaycanı dəstəkləməsi, torpaqlarımızın işğaldan azad olunmasında hər cür yardımı göstərməyə hazır olduğunu bildirməsi Rusiyada narahatlıq yaratmışdır. Rusiya istəyir ki, Azərbaycan Türkiyədən uzaqda olsun. Bu, mümkün deyil. Çünki Azərbaycanla Türkiyə bir millət iki dövlətdir. Qarabağ münaqişəsi uzun illərdir ki, həll olunmamış qalmaqdadır. Bu münaqişənin həll olunmamasının səbəblərini hamı bilir”.A.Badamov onu da bildirdi ki, əgər Azərbaycan Ermənistanla təkbaşına müharibə meydanında qalarsa, ordumuz düşməni qısa bir zamanda məhv edər: “Çünki ermənilərin vuruşmağa canlı qüvvəsi yoxdur, nə də Azərbaycan ordusundakı silahları yoxdur. Son vaxtlar Rusiya silahla bağlı balansı doldurmaq istəyir. Amma silahın olması o demək deyil ki, ondan istifadə edə biləcəklər. Bu gün N.Paşinyan orduda xidmət etməyə əsgər tapmadığından, könüllü olaraq qoca kişiləri orduya yığır. Qoca kişilər üçün maraqlısı isə Azərbaycanla vuruşmaq yox, öz ailəsini bir təhər dolandırmaqdır. Təəssüf ki, ATƏT-in Minsk Qrupunun da bu illərdə heç bir fəaliyyəti olmadı. Bundan sonra bu qrupun hər hansı bir müsbət fəaliyyəti olacağını düşünmürəm. Ona görə də, biz çalışmalıyıq ki, Minsk Qrupunun tərkibinə Türkiyəni daxil etsinlər. Əgər Türkiyə bu qrupa daxil olarsa, münaqişənin danışıqlar yolu ilə həllinə ümid yaranar. Əks təqdirdə müharibə qaçılmazdır”.
sia.az