“Ölkəmizin Müdafiə Nazirliyindən verilən məlumatlara görə, son günlər düşmən ordusunun bölmələrinin cəbhənin müxtəlif istiqamətlərdə atəş rejimini pozması halları intensiv xarakter alıb. Təkcə son bir sutkada ermənilər təmas xəttində snayper tüfənglərindən istifadə etməklə Tovuz, Ağdam,Tərtər rayonlarında ordumuzun mövqelərinə 32 dəfə atəş açıblar”. Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mayis Səfərli deyib.Onun sözlərinə görə, Azərbaycan əsgəri buna seyirçi qalmır: “Cavabımız çox sərt olur. Bir çox hallarda, düşmənin bu hərəkətləri hərbçilərinin həyatları bahasına başa gəlir. Rəsmi Yerevan itkilərini gizlətsə də, son 25 ildə yalnız atəşkəsi pozma səbəbindən minlərlə canlı qüvvə itirmişdir. Təkcə 12 iyulda Tovuzla sərhəddə bizim hərbi bölmələrimiz ermənilərin onlarla əsgər və zabitini məhv etmişdir.Nədən ermənilər öz itkilərindən doymurlar? Onsuz da, uzun illərdir ki, bu ölkə demoqrafik fəlakətlə üz-üzədir - doğum azalır, ölənlərin sayı durmadan artır. Çörəkpulu dalınca Ermənistanı tərk edənlərin sayı-hesabı yoxdur. Ermənistanın cinayətkar rəhbərliyi atəşkəsi pozmaqla, cəbhə xəttində gərginlik yaratmaqla, sözsüz ki, ölkəsinin əhalisinin diqqətini yarıtmaz fəaliyyətindən yayındırmaq istəyir. Axı vətəndaşlar Paşinyana Tovuz sərhədindəki məğlubiyyəti, koronavirus qarşısındakı bacarıqsızlığını, ağır iqtisadi durumu bağışlaya bilmir. Müxalifət onu hakimiyyətdən qovmaq üçün hərəkətə keçib. Artıq "Daşnaksütün", "Çiçəklənən Ermənistan" , "Vətən" partiyaları başda olmaqla, ölkələrinin əsas aparıcı siyasi təşkilatları Paşinyana qarşı birləşiblər. 12 iyul hadisələrində Rusiyanın ona açıq dəstək verməməsi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Yerevanı meydanda tək qoyması baş naziri quyunun dibinə salmışdır. Erməni lider oradan çıxa biləcəkmi? Ola bilsin ki, Qərbdə, yaxud Rusiyada kimlərsə istədiklərini aldıqdan sonra onu quyudan çıxara bilərlər. Lakin erməni xalqının düşdüyü dərin böhrandan çıxmağa heç kim kömək edə bilməz. Bu, yalnız bir halda mümkündür: təcavüzkar dövlət ölkəmizin işğal etdiyi ərazilərini qeyri-şərtsiz tərk etsin və bunun müqabilində Azərbaycanın regionda yaratdığı iqtisadi layihələrdən yararlanmaq imkan qazansın. Bu, məhvə doğru gedən Ermənistan üçün qaranlıq tunelin sonundakı bir işıq ola bilər”.
sia.az