“Ermənistanda sosial-iqtisadi vəziyyət getdikcə ağırlaşmaqdadır. Demoqrafik baxımdan bu ölkə hər gün daha da geriyə gedir, xaricdə yaşayan ermənilər öz vətənlərinə dönüb biznes üçün azad şərait görə bilmədiyindən geri dönürlər. Bunu görən Ermənistan hakimiyyəti həm Ermənistana, həm də işğal olunmuş Azərbaycan ərazilərinə müharibə və iğtişaşlar yaşanan ərəb ölkələrindən erməni əsilli vətəndaşları köçürməyə çalışır, çünki yaxşı anlayır ki, sabit və inkişaf etmiş ölkələri heç bir erməni qoyub sosial vəziyyəti günü-gündən geriləyən Ermənistana köçəsi deyil”. Bunu SİA-ya Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov deyib.Onun sözlərinə görə, bunun region üçün ciddi təhlükəli tərəfləri var: “Ermənistan hakimiyyəti üçün bu gün fərqi yoxdur işğal olunmuş ərazilərə kimlər köç edəcək. Kriminal rejim hətta terrorçuları da işğal olunmuş ərazilərə köçürməyə və yerləşdirməyə hazırdır ki, öz işğalına siyasi don geyindirsin. Çünki bilirlər ki, ağlı başında olan və sabit yaşamaq istəyən Ermənistan vətəndaşları həyatını təhlükəyə ataraq hər gün müharibənin yenidən alovlana biləcəyi bu bölgələrə köç etmək riskini qəbul etmək istəməzlər. Bu gün həm Ermənistanın kriminal rejimi, həm də Dağlıq Qarabağdakı işğalçı rejim ciddi təşviş içindədirlər. Beynəlxalq birliyin təzyiqlərindən yan qurtarmaq üçün bu cür tələlərə vaxtaşırı əl atırlar, bilirlər ki, bir gün onlar dünya birliyi tərəfindən daha ciddi bir təpki ilə, ən əsası Azərbaycan dövlətinin öz torpaqlarını işğaldan azad etmək üçün hərbi əməliyyatlarla üzləşəcəklər, o zaman özlərinə sual verməli olacaqlar, bütün bu işğalçılıq siyasəti, “böyük ermənistan” xülyası üzərində qurulan siyasəti nəyin naminə idi? -boşalan və getdikcə sosial- iqtisadi vəziyyəti ağırlaşan ermənistan üçünmü? Ermənistanın regionda apardığı süni köç siyasəti regional təhlükəsizliyə və bölgənin sabitliyinə ciddi təhdiddir və beynəlxalq təşkilatlar Ermənistanın bölgədə demoqrafik vəziyyəti sün şəkildə dəyişdirməsinin qarşısını ciddi şəkildə almalıdırlar. Əks halda sabah işğal olunmuş ərazilərdə yetişdirilən yeni terrorçular məhz qərb ölkələri üçün yeni və daha da ciddi təhdid mənbəyinə çevriləcək”.
sia.az