PDF Oxu

Siyasət

  • 10 624

Türkiyə faktoru Ermənistanı ciddi şəkildə narahat edir - ŞƏRH

Türkiyə faktoru Ermənistanı ciddi şəkildə narahat edir - ŞƏRH

"Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan “İnterfaks” agentliyinə müsahibəsində Qarabağ münaqişəsinin həlli prosesi ilə bağlı məsələlərdən danışıb, siyasi iradənin olmasının vacibliyini qeyd edib. Jurnalistin “Heç bir şərt qoymadan Azərbaycanın xarici işlər naziri ilə görüşməyə hazırsınızmı? sualına erməni nazir hazır olduğunu bəyan edib: “Son iki il də daxil olmaqla, keçən müddət ərzində həmsədrlər tərəfindən müxtəlif istiqamətlərdə xeyli iş görülüb. Buraya birbaşa həll məsələləri, uzlaşma üçün əsas parametrlərlə əlaqəli məsələlər, habelə sülh üçün əlverişli bir atmosferlə əlaqəli məsələlər, xüsusən də xalqları sülhə hazırlaya biləcək layihələr daxil idi. Atəşkəsin möhkəmləndirilməsi və daimi beynəlxalq monitorinq mexanizmlərinin tətbiqi çox vacib iş sahəsi olaraq qalır. Əlbəttə ki, görüşməyə hazırıq. Əlbəttə ki, bu işi davam etdirməyə hazırıq. Bir daha vurğulamaq istəyirəm ki, işimizin əhəmiyyəti uzlaşma tapmaq, təhlükəsizliyi təmin etmək, güc tətbiq edilməsindən və maksimalist yanaşmalardan imtina etməkdir". SİA-nın məlumatına görə, bunu açıqlamasında politoloq Elşən Manafov deyib.Politoloqun fikrincə, görünən odur ki, Mnatsakanyan Azərbaycan xarici işlər naziri ilə görüşə tələsir: "Maraqlıdır, nə əcəb bizim nazirlə görüşə belə tələsir? Aydın məsələdir ki, oyun oynayır. Çünki danışıqlar faktiki olaraq yoxdur. Mnatsakanyanın bu açıqlaması o demək deyil ki, danışıqlarda Ermənistan qeyri-konstruktiv mövqeyindən geri çəkilir. Çünki Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət əvvəl “Yeni ərazilər, yeni müharibə” doktrinasının prinsiplərini irəli sürüb. Eyni zamanda, erməni tərəfi danışıqların baş tutması üçün “7 şərt” irəli sürüb. Həmin şərtlərlə bağlı bizim mövqeyimiz bəllidir. Prezident İlham Əliyev bəyan edib ki, danışıqlar yalnız erməni tərəfi işğal olunmuş əraziləri tərk etdikdən sonra başlaya bilər. Yəni bundan sonra biz danışıqların növbəti raundu barədə danışa bilərik. İndiki məqamda Ermənistanın danışıqlarla bağlı mövqeyində kifayət qədər aydınlığın olmadığı bir şəraitdə danışıq aparmağa dəyməz".E.Manafov vurğulayıb ki, Ermənistan məlum iyul təxribatında istədi ki, Rusiya və KTMT-ni bu müharibəyə cəlb etsin, amma buna nail ola bilmədi: "Türkiyənin bizə verdiyi qətiyyətli dəstək, keçirilən möhtəşəm təlimlər bölgədə müəyyən maraqları olan və Ermənistanın siyasətinə havadarlıq edən dövlətlərə ciddi mesaj oldu. Yəni Türkiyə ilə Azərbaycan bir yerdədir. Ankara heç vaxt Azərbaycanı köməksiz qoymayacaq. Görünür, Türkiyə faktoru və digər məsələlər Ermənistanı ciddi şəkildə narahat edir. Ona görə də erməni tərəfi danışıqlara hazır olmaqla bağlı bəyanatlar verir. Ancaq erməni tərəfi sözügedən danışıqlara hansı şərtlərlə hazır olduğunu bəyan etmir. Bu, bir tərəfdən, bölgədəki vəziyyətin erməni tərəfinin xeyrinə olmaması ilə bağlıdır. Digər tərəfdən, pandemiyanın yaratdığı reallıqlar təkcə dünyada deyil, Ermənistanın özündə də yetərincə sosial-iqtisadi problemlər yaradır. Ermənistan ordusunun təchizatı ilə bağlı ciddi problemlər var. Vəziyyət o yerə gəlib çatıb ki, könüllülərdən ibarət hərbi dəstələr yaratmaq istəyirlər. Bundan başqa, Ermənistanda Rusiyayönümlü müxalifət xeyli fəallaşıb. Bu mənada, Mnatsakanyanın belə açıqlama ilə çıxış etməsi yenidən vaxt qazanmaq və imitasiya siyasətini davam etdirmək istəyindən başqa bir şey deyil. Ona görə də deyilənlərə ümid etməyə dəyməz".

sia.az

Digər xəbərlər