“Şəhərlərarası və rayonlararası gediş-gəlişin bərpa olunması müsbət haldır. Nəhayət, insanlar rayonlarda yaşayan əzizlərini görəcək, qohumlar, dostlar arasındakı hsərətə son qoyulacaq. Əlbəttə, sərt karantin rejimi əbədi davam edə bilməz. Biz bir gün yumşalmaya getməliydik”. Bunu SİA-ya Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Seymur Verdizadə deyib.Onun sözlərinə görə, dünya da analoji qaydada hərəkət edir: “Hansı ölkələr ki, pandemiyaya dırnaqarası yanaşdı, təhlükənin ciddiliyini dərk etmədi, onların itkisi ikiqat çox oldu. Şükür ki, Azərbaycan vaxtında profilaktik tədbirlər gördü, koornavirusun nə qədər böyük bəla olduğu zamanında cəmiyyətə aşılandı. Bunun nəticəsində də ölkəmizdə kütləvi yoluxma halları baş vermədi, virusu nəzarətdə saxlamaq mümkün oldu. Artıq cəmiyyətin həyatında yeni mərhələ başlayır. Məhz insanların istəyinə uyğun olaraq dövlət məsuliyyətin bir hissəsini xalqın üzərinə yönəltdi. Bundan sonra öz sağlamlığımızın keşiyində hamıdan çox özümüz dayanmalıyıq. Xəstəlik hələ yox olmayıb, vaksin tapılmayıb. Yəni, təhlükə ortadan qalxmayıb. Bu isə bizi daha məsuliyyətli olmağa vadar edir.Operativ Qərargahın yumşalma qərarı insanlarda arxayınçılıq yaratmamalıdır. Əksinə, məsuliyyət hissini artırmalıdır. Hamılıqla qadağaların ləğv edilməsini arzulayırdıq. Belə demək mükündürsə, arzumuz həyata keçib. Amma bunun əbədi olmasını təmin etməyin bir yolu var: dövlətin ləğv etdiyi qadağaları daxilimizdə tətbiq etməliyik. Maksimum sağlam həyat tərzi keçirməli, immun sistemimizi gücləndirməli, sosial məsafəni qorumalı, maska taxmalı, digər tövsiyələrə hamılıqla əməl etməliyik. Bunu bacarsaq, bir daha sərt karantin rejimində yaşamağımıza lüzum olmayacaq”.
sia.az