PDF Oxu

Siyasət

  • 9 853

AXCP-Müsavat ReAl-a qarşı çıxdı və hansı cavablarını aldı? QARŞIDURMA

AXCP-Müsavat ReAl-a qarşı çıxdı və hansı cavablarını aldı? QARŞIDURMA

İlqar Məmmədov: “Siyasi mövqenin nə olduğunu qanmırlar”

Ölkədə mövcud olan demokratik və şəffaf siyasi mühit özünə güvənən, siyasi mövqeyini dəyişmədən icra edən, bununla da müxalifətçilik tendensiyasını ortaya qoyan bir sıra partiyaların daxili uğurlar əldə etməsinə də səbəb olmaqdadır. Əbəs deyil ki, qeydiyyatdan keçməyən siyasi partiyaların əksəriyyəti artıq dövlət qeydiyyatından keçərək, rəsmi qaydada fəaliyyətlərini aparmaqdadırlar. O cümlədən, yaranan bir neçə siyasi müxalifət partiyaları da qeydiyyata alınmaqla, öz fəaliyyətlərini rəsmiləşdiriblər. Belə partiyalardan biri də İlqar Məmmədovun sədri olduğu ReAl partiyasıdır. Daha dəqiq desək, ReAl-ın siyasi müxalifət partiyası olaraq təmsilçisinin parlamentdə təmsil olunması, ardınca isə qeydiyyatdan keçməsi, xüsusilə də dövlət başçısı tərəfindən təbrik olunması ölkəmizdəki müasir siyasi mühitə yeni açılım kimi düşdü. Nəinki ReAl, eləcə də digər (MCP, GAP və s.) müxalifət partiyaları ilə də bağlı edilən təbriklər, Prezident Administrasiyasında keçirilən ardıcıl görüşlər və s. kimi amillər ölkəmizin siyasi arenasında yenilik havasını əsdirməkdədir. Təəssüf ki, illərdir özlərini ayrıca müxalifət partiyası kimi zorla ictimai rəyə sırıyanlar, “ana”, ya da “ata” müxalifət olduqlarını iddia edənlər dövlətin siyasi dialoqa yandırdığı yaşıl işığa məhəl qoymamaqla yanaşı, mövcud açılıma barmaqrarası baxır, hətta digər müxalifət partiyaların uğurlarına ləkələr atmaqla, əslində, özlərindəki ləkələri ört-basdır etməyə çalışırlar. Amma bunun müqabilində net və qəti cavablarını alır, siyasi düşərgədəki əməlləri ifşa olunur. Bu mənada, məhz ReAl partiyasının rəhbərliyi və funksionerlərinin AXCP və Müsavat kimi köhnəlmiş “ideyalarla” var-gəl edən partiya rəhbərliklərinə verdikləri cavabları ilgincdir.
Natiq Cəfərlidən Arif Hacılıya: “Ya sözünüzü sübut edəcəksiniz, ya üzr istəyəcəksiniz”
SİA xəbər verir ki, Müsavat partiyasının başqanı Arif Hacılı mövcud mənzərədə anidən fikir irəli sürməklə özünü daha çətin vəziyyətə salıb. “ReAl artıq nəinki müxalifət partiyası deyil, həm də hakimiyyətin müxalifətə qarşı istifadə etdiyi resurslardan biridir”, fikrini önə sürən Hacılının cavabı gecikməyib və ReAl partiyanın funksioneri Natiq Cəfərli belə bir cavab verib: “Mən sizi ciddi adam sayıram, nə ilə sübut edərsiniz bu absurd iddianızı? Nədir sizi narahat edən?! Son 3 gündə bütün Qərb dövlətlərinin təbrikimi? Deməli, Fransa, ABŞ, Britaniya, AB səfirləri hakimiyyətə işləyir, eləmi?! Yoxsa 27 ildir, elə bilirsiz ki, burda Qərb hakimiyyəti dəyişəcək, siz də kənarda qalacaqsınız?! Siz özünüz azı 5 dəfə müsahibə verib danışıqlara yaşıl işıq yandırdınız, indi nədir dərdiniz?! Elə bilirsiniz ki, xora qoşulmaqdır siyasətçinin işi?! Sizi istənilən internet TV-də debata dəvət edirəm, ya sözünüzü sübut edəcəksiniz, ya üzr istəyəcəksiniz. Buyurun. Gözləyirəm”.
Məhz bu net cavabdan sonra nədənsə A.Hacılı susmağa üstünlük verib, üstəlik, debata çıxmağa belə cürət etməyib.
Erkin Qədirli: “Arif Hacılı Azər Qasımlıya zəng edib qurultay üçün bizə yer verə bilməyəcəklərini söylədi”
Partiyanın funksioneri, millət vəkili Erkin Qədirli isə ReAl-ın özünü batırdığını düşünənlərə cavabı ilgincdir. “Bir halda ki, belə məcazlarla düşünürlər, ReAl-ın bir dənizaltı (submarine) olduğunu düşünsünlər. Dənizaltının özünü batırmaq bacarığı ona bir sıra üstünlük qazandırır”, deyə o ittiham edən tərəflərə bildirib.Lakin deputatın “haqdan-ədalətdən” danışan Müsavat başqanı Arif Hacılını ifşa edən daha bir məsələni xatırlatması, necə deyərlər, yerinə düşüb. E.Qədirli xatırladıb və bildirib ki, hökumətlə heç bir anlaşmaları olmasa da, vaxtilə Müsavatla olub və müsavatçılar bu anlaşmanı pozublar. Həmin fikirlərin bir hissəni xatırladırıq. SİTAT: “2018-də ReAl qurultay üçün Müsavatdan yer istəmişdi... Dostlarımız danışıqlardan sevincək qayıtdılar və Müsavatla yerlə bağlı anlaşdıqlarını dedilər. Üstündən bir neçə gün keçəndən sonra Arif bəy, yanılmıramsa, Azər Qasımlıya zəng edib qurultay üçün bizə yer verə bilməyəcəklərini söylədi. Bu dəfə də Azər bəy danışığa getmək istəmədi, düz də etdi. Amma bu dəfə məni göndərdilər, çünki mən yumşaq danışıram, kompromislərə, bir qayda olaraq, açıq oluram, qarşı tərəfin qayğılarını yaxşı anlayıram və s. Arif bəylə söhbətimizin detallarını yazmaq istəmirəm... Arif bəyə dedim ki, ReAl Müsavat üçün ən uyğun çıxış yoluna bəribaşdan razıdır, bizə görə kimsəyə ziyan dəyməsini istəmirik. Arif bəy bir bəyanat hazırladı, biz də onu dəstəklədik. Ayrıca, o məsələ haqqında heç yerdə danışmayacağımıza söz verdik. Sözümüzü də tutduq. İndi özümə sual verməyim gəlir - biz sözümüzü niyə tutduq? Sonradan Arif bəyin bizi satılmışlıqda suçlaması üçünmü? ReAl-ı sevməyə bilərsiniz, onu söyə də bilərsiniz. Amma ReAl-ın çox aydın bir üstünlüyü var - ReAl açıq oynayır, kimsəyə ziyan vurmur, kimsəni söymür, atmır, satmır... ”
İlqar Məmmədov: “Altı ay əvvəl parlament seçkilərinin nəticələrini tanımadığını bəyan edən klaviatura qəhrəmanlarından kimsə bu parlamentin təyin etdiyi vergiləri ödəməkdən imtina etdi?”
Yeri gəlmişkən, partiyanın sədri İ.Məmmədov da sosial şəbəkələrdə ona və partiyadaşlarına qarşı başladılan hücumlara kifayət qədər ilginc və maraqlı cavab verib. Onun cavabının isə AXCP sədri Əli Kərimliyə olması qarşı tərəfi “klaviatura qəhrəmanı” adlandırmasından açıq-aydın hiss olunmaqdadır. SİTAT: “Altı ay əvvəl parlament seçkilərinin nəticələrini tanımadığını bəyan edən klaviatura qəhrəmanlarından kimsə bu parlamentin təyin etdiyi vergiləri ödəməkdən imtina etdi? Yox. Kimsə bu parlamentin qanunlarına tabe olmaqdan imtina etdi? Yox. Bax budur, savadsız bəyanatları sizə sırıyanlar siyasi mövqenin nə olduğunu qanmırlar. Sənin siyasi mövqeyin qarşındakı gücün bircə sualına cavab verməlidir: "Yoxsa nə?" Bu suala ağlabatan, ya da təsirli əməli cavab verə bilmədinsə, sənin "mövqe"yin klaviatura şırıltısından başqa bir şey deyil”.Beləliklə, fakt budur ki, əgər ölkədə siyasi açılım baş verirsə, bunu siyasi uğur kimi görməyənlərin cavablarını elə zamanında onlarla bir olanlar, ziyanlı yolun yarısından vaxtında geri çəkilənlər verdilər. Bu cavabların hər birinin kökündə isə, həqiqətlərin dayandığı şübhəsizdir...

sia.az

Digər xəbərlər