“Azərbaycan və Türkiyəni tarixi, milli, dini və mədəni köklər bir-birinə bağlayır. Bu səbəbdən də münasibətlərimiz dostluq, qardaşlıq prinsiplərinə və strateji müttəfiqliyə əsaslanır. Tarixi köklərə, qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə uğurla inkişaf edir. Hər iki ölkə beynəlxalq müstəvidə də bir-birini birmənalı olaraq dəstəkləyir”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
Sevinc Fətəliyeva bildirib ki, ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əlaqələr uğurla inkişaf edir. Azərbaycan-Türkiyə əlaqələrində hərbi əməkdaşlıq mühüm yer tutur. Hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilib. Ümumilikdə, Türkiyə Azərbaycanda hərbi kadrların hazırlanması, hərbi məktəblərin proqramlarının formalaşmasında böyük rol oynayıb. Hər il Azərbaycan və Türkiyə silahlı qüvvələri birgə hərbi təlimlər keçirirlər.
Millət vəkili qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbulu zamanı səsləndirilən fikirlər iki ölkə arasında əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyini əminliklə söyləməyə imkan verir. Prezident İlham Əliyev hər iki tərəfə fayda gətirən əlaqələrin bu gün müxtəlif istiqamətləri əhatə etdiyini, o cümlədən də hərbi-texniki sahədə əməkdaşlığın getdikcə dərinləşdiyini diqqətə çatdırıb. Dövlətimizin başçısı bildirib ki, hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var, eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün təlimlərin çox böyük əhəmiyyəti və faydası var.
S.Fətəliyevanın fikrincə, iki ölkə arasında hərbi əməkdaşlığın bugünkü vəziyyətini bir sıra məqamlar şərtləndirir. Birincisi, NATO ilə əməkdaşlıq sənədləridir. Bu müstəvidə NATO-nun aparıcı ölkələrindən olan Türkiyə Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə kömək göstərir. İkincisi, Azərbaycanın təhlükəsizlik sənədləri və iki ölkə arasında imzalanmış strateji müqavilələr, üçüncüsü isə Türkiyənin milli regional maraqları və həmçinin, qardaş ölkənin milli təhlükəsizlik sənədləri ilə bağlıdır.
Deputat söyləyib ki, iki ölkə arasında hərbi əməkdaşlıq baxımından perspektiv planlar da mövcuddur: “Buraya hərbi kadrların hazırlanması, maddi-texniki təchizat məsələlərindən tutmuş, müdafiə sənayesi sahəsində yeni birgə əməkdaşlığa qədər məsələlər daxildir. Perspektivdə iki ölkə arasında hərtərəfli hərbi əməkdaşlığın gücləndirilməsi istiqamətində yeni imkanlar mövcuddur. Türkiyə Azərbaycana taktiki və strateji dövrdə hərbi dəstəyini davam etdirməkdə qərarlıdır. Eyni zamanda, Ermənistanın işğalı nəticəsində nəzarətdən kənar qalmış Azərbaycan sərhədlərindən qeyri-qanuni məqsədlərlə istifadə məsələsi Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı üçün mühüm istiqamətlərdən hesab olunur. Belə ki, iki ölkə terrorizmdən əziyyət çəkməklə bu istiqamətdə ayrı-ayrılıqda və birgə mübarizənin bu günü və perspektivlərini həmişə diqqət mərkəzində saxlayır. Eləcə də, Ermənistan, Yunanıstan və Kipr arasında hərbi əməkdaşlıqla bağlı Azərbaycan narahatdır. Ermənistan ərazilərimizi işğal etmiş ölkədir. Xocalıda soyqırımı aktı törədib, bir milyon azərbaycanlını evlərindən didərgin salıb, tarixi, mədəni, dini abidələrimizi dağıdıb, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirib, beynəlxalq hüququ pozur, BMT Təhlükəsizlik Şurasının və başqa təşkilatların qətnamələrinə əməl etmir. Eyni zamanda, dövlət sərhədində son gərginliklər Ermənistanın təxribatıdır, terror aktı törətmək üçün sonuncu cəhd zamanı təmas xəttini keçmək istəyərkən erməni zabiti saxlanılıb və o, artıq etiraf edib ki, onun qrupu bizim hərbçilərimizə və mülki şəxslərə hücum etmək məqsədi güdüb. Bütövlükdə isə, Ermənistan Azərbaycana düşmən mövqedədir və bu onların qərarı olub. Sözsüz ki, Ermənistanın istənilən ölkə ilə sıx hərbi əməkdaşlığı narahatlıq doğurur. Ermənistanın təxribatından dərhal sonra Azərbaycan Rusiyadan Ermənistana intensiv silah təchizatına da reaksiya göstərib”.
Millət vəkilinin sözlərinə görə, beynəlxalq ictimaiyyət növbəti dəfə Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq səviyyəsində olmasına şahidlik etdi: “Bizi birləşdirən təkcə dövlətlərimizin maraqları deyil, bizi birləşdirən sadiqlik, etibar və qarşılıqlı dəstəkdir. Yunanıstanın Azərbaycandakı səfirini qəbul edərkən ölkə başçısı tərəfindən səsləndirilmiş sözlər: “Türkiyə təkcə bizim dost və tərəfdaşımız yox, bizim üçün qardaş ölkədir. Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik” – sadəcə siyasi mesaj kimi qəbul olunmamalıdır. Bu fikirlər etibarlı siyasətin əxlaq fəlsəfəsini özündə əks etdirir. Mövcud yanaşma isə yalnız özünə inanan və potensialına güvənən siyasi liderlərə məxsus olan keyfiyyətdir”.
Elşən Musayev: Ermənistan hazırda ciddi təşviş içərisindədir
“Ermənistan hazırda ciddi təşviş içərisindədir. Həm pandemiyanın özü ilə gətirdiyi iqtisadi-siyasi fəsadlar, həm də ölkənin baş naziri Paşinyanın uğursuz fəaliyyəti düşmən ölkədə ciddi çaşqınlıq yaradıb”. Bu fikirləri Milli Məclisin deputatı Elşən Musayev deyib.
E.Musayev bildirib ki, vəziyyətin belə çətin olduğu bir vaxtda hakimiyyət diqqəti əsas problemlərdən yayındırmağa çalışır. Tovuz təxribatının kökündə də məhz bu məqsəd dayanırdı. Digər səbəb, heç şübhəsiz, ermənilərə stimul verən qüvvələrin fəallığı və bölgədə sabitliyi pozmaq cəhdidir. Həmin maraqlı qüvvələrin kimliyi də heç kimə sirr deyil. Daha bir səbəb isə Azərbaycanın beynəlxalq aləmdə gündən-günə artan nüfuzunun erməniləri ciddi narahat etməsi və Dağlıq Qarabağ probleminin tezliklə həllinə çalışmasıdır.
“Ermənistan və onun rəhbərliyi anlayır ki, qondarma və işğalçı siyasətlə çox uzağa gedə bilməyəcək. Hətta artıq erməni əsilli politoloqlar, siyasətçilər belə işğal altındakı torpaqların əzəli sahibinə qaytarılmasının zəruriliyini vurğulayırlar. Bu hal isə Paşinyanı və onun uğursuz komandasını qıcıqlandırır. Qıcıq isə təşviş, çaxnaşma və sistemsizlik yaradır”, - deyə E.Musayev bildirib.
Bu yaxınlarda BBC-nin müxbirinin Paşinyanı çıxılmaz vəziyyətə salmasından danışan deputat qeyd edib ki, Ermənistan rəhbərinin təcrübəli jurnalistin qəfil və məntiqli sualları qarşısında aciz qalması hələ də dünya mediasının gündəmindədir. Çünki işğalçı ölkə başçısının deməyə, danışmağa, cavab verməyə sözü yox idi. “Danışmağa tutarlı nəsə olmayanda ya nala-mıxa vururlar, ya susurlar, ya da təxribat törədirlər, elə Paşinyan kimi. Paşinyan boşboğaz olduğu üçün susmadı, çünki hər sifəti var. Təxribat isə onların qanındadır, qanları təxribatla yoğurulub”, - deyən Elşən Musayev qeyd edib ki, Ermənistan dövlətinin, onun siyasi hakimiyyətinin ideologiyası faşizm ideologiyasıdır. Faşist ruhlu insanların qəhrəmanlaşdırılması isə bu gün Paşinyanın yürütdüyü siyasətin əsas prioritetlərindəndir. Niyə? Çünki özləri də həmin ruhdadır, eyni zamanda, həmin qəlibdəndir. Tovuz təxribatı bir daha sübut etdi ki, Ermənistanın Azərbaycanla üzbəüz döyüşmək cəsarəti yoxdur. Onlar ancaq faşistlər kimi təxribat törətməyi, xaincəsinə qəfil hücum etməyi, bütün ümumbəşəri dəyərləri, qanunları, Konvensiya müddəalarını pozmağı bacarırlar.
Azər Kərimli: Ermənistan təxribat xarakterli əməllərinin sərhədlərini genişləndirməyə çalışır
“Ermənistan nəyin bahasına olursa-olsun ATƏT-in Minsk qrupununun vasitəçilik missiyası çərçivəsində daha öncə qəbul etdiyi prinsiplərdən imtina etməyə, danışıqlar prosesinin sıfır nöqtəsinə qaytarılması, yaxud tamamilə sıradan çıxması üçün təxribat xarakterli əməllərinin sərhədlərini genişləndirməyə çalışır”. Bu fikirləri Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.
Azər Kərimli bildirib ki, Ermənistan rəhbərliyinin davranışlarında danışıqlar prosesinin bərpa edilməməsi, prosesin qeyri-müəyyən vaxta qədər uzadılması üçün yeni tendensiyalar nəzərə çarpır. Onun sözlərinə görə, Nikol Paşinyan və digərləri işğal altında olan Azərbaycan ərazilərində formalaşdırılmış qondarma rejimin danışıqlar prosesinə qoşulması ilə bağlı iddialar irəli sürsələr də, indi bu iddialarla yanaşı təcavüzkar ölkənin işğalın davam etməsindəki rolunu arxa plana çəkməyə çalışırlar. Hazırda işğalçı Ermənistanın daxili və xarici ictimai rəyə ötürmək istədiyi mesajlar separatçı rejimin dili ilə səsləndirilir. Ermənistan siyasətçilərinə isə tövsiyyə olunur ki, onlar Dağlıq Qarabağ haqqında mümkün qədər daha az danışsınlar və qondarma rejimin təmsilçilərinin tərəf görüntüsünü yaratmaq üçün onların önə çıxmasına, ictimai rəydə mövqelərinin möhkəmlənməsinə dəstək versinlər. Bu tendensiya Ermənistan mətbuatında yayımlanan materiallarda, o cümlədən bu ölkənin təhlükəsizlik orqanlarında təmsil olunan şəxslərə istinadən verilən məlumatlarda da nəzərə çarpır.
“Bu manipulyativ hərəkətlər, mövcud status-kvonun qorunub saxlanılması ilə yanaşı, həm də diqqətin ölkə daxilindəki problemlərdən yayındırılmasına xidmət edir. Koronavirusa yoluxanların və ölənlərin sayına görə, Ermənistan nəinki region dövlətləri, hətta Avropa ölkələri ilə müqayisədə ön sırada qərarlaşıb. Digər tərəfdən, ölkədəki sosial-iqtisadi vəziyyət o qədər acınacaqlıdır ki, Ermənistan vətəndaşları Rusiyaya və digər ölkələrə günəmuzd işlərdə çalışmağa getmək üçün sərhədlərin açılmasını tələb edir, bununla bağlı parlament və hökumət binaları qarşısında etiraz aksiyaları keçirirlər”-deyə, A.Kərimli vurğulayıb.
yap.org.az