"İran qonşu dövlət olmaqla yanaşı bölgədə öz maraqlarını təmin etmək üçün bu məsələnin həllində maraqlıdır, lakin, heç bir zaman İran açıq şəkildə Azərbaycanın əleyhinə ola bilməz". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar Komitəsinin üzvü olan deputat, tarixçi-alim Anar İsgəndərov İran dövlətinin Azərbaycan və Ermənistan arasındakı münaqişədə mövqeyindən danışarkən deyib."Dağlıq Qarabağ münaqişəsi vaxtilə Azərbaycanın daxili problemi idi. Təəssüflər olsun ki, o zaman Azərbaycan hakimiyyəti bu problemi həll edə bilmədi. Bu problem daha sonra məhəlli problemə çevrildi. Qonşu dövlətlər də bu məsələyə müdaxilə etməklə problemi həll etmək istədilər. Kimisi Ermənistan tərəfdən, kimisi Azərbaycan tərəfdən, lakin, bütün bu cəhdlər alınmadı və Dağlıq Qarabağ problemi beynəlxalq problemə çevrildi. Dünyanın ən nüfuzlu təşkilatları, o cümlədən, BMT-nin Təhlükəsizlik Şurasında bu məsələ müzakirə olundu. Hamıya məlumdur ki, BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın işğalı ilə bağlı 4 Qətnaməsi var. Qonşu dövlətlərdən biri kimi İran da bu münaqişənin həll olunmasına səy göstərdi, öz təklifini verdi, lakin, bu cəhd də alınmadı. İran qonşu dövlət olmaqla yanaşı bölgədə öz maraqlarını təmin etmək üçün bu məsələnin həllində maraqlıdır, bununla yanaşı, heç bir zaman İran açıq şəkildə Azərbaycanın əleyhinə ola bilməz" - deyə, millət vəkili bildirib.Onun sözlərinə görə, ilk növbədə İran İslam Respublikasıdır və burada siyasətdən öncə Müqəddəs Quran var, şəriət var, İslam tarixi, İslam ənənələri, İslam mədəniyyəti var və İranda kifayət qədər azərbaycanlı yaşadığına görə, bu insanların hər biri Azərbaycanın haqq işini müdafiə etdikləri üçün İran heç vaxt açıq şəkildə işğalçı Ermənistanı müdafiə edə bilməz, heç etməz də: "Bu mənada artıq sular durulur, hamıya məlumdur ki, işğal edən kimdir, işğal olunan ərazi haradır, işğal olunan ərazi tarixən hansı ölkənin torpağı olub, tarix bu suallara cavab verib, həmçinin siyasətçilər də bu faktı qəbul etməyə məcburdurlar. Çünki 30 ildir ki, bu mübarizə davam edir və 30 ildən də çox Qarabağ uğrunda mübarizə davam edir. 100 il bundan öncə də belə baxışlar, fikirlər olub, lakin, həmin fikirlər nəticə verməyib. Bu gün güclü, öz haqqını müdafiə edən, dünyanın nüfuzlu beynəlxalq təşkilatlarına təsir edən Azərbaycan dövləti var, xalq ilə dövlətin həmrəyliyi var və ən müasir silahlara malik güclü Azərbaycan Ordusu var. Bunun qarşısında heç kim dayana bilməz. Azərbaycan öz haqqı üçün mübarizə aparır və bu mübarizənin qalibi Azərbaycan olacaq".
sia.az