Natiq Cəfərli: “Müsavat rəhbərliyi ReAl-a çamur atır və gündəmə gəlir”
Müsavat partiyasının başqanı Arif Hacılının ReAl partiyasına qarşı irəli sürdüyü ittihamları, hakimiyyətə işləməsi və müxalifətə xəyanət etməsi yönündəki iddiaları ciddi və kəskin narazılığına səbəb olmaqla yanaşı, həm də yeni faktları və məsələləri ortaya çıxarıb. Daha dəqiq desək, A.Hacılının ittiham və iddiaları əslində ona baha başa gəlməyə başlayıb.Lakin daha bir maraqlı məqam budur ki, ReAl funksionerləri müsavatçıların cavablarını daha sərt şəkildə verməklə, onları adekvat ittihamları ilə necə deyələr, atəşə tutublar. Onlardan biri də partiyanın sədr müavini Natiq Cəfərlidir. SİA-nın məlumatına görə, o, əslində müsavatçılarla heç bir problemlərinin olmadığı halda Arif Hacılının birdən-birə bu qədər aqressiv fikir bildirməsini, ReAl partiyasını müxalifət partiyası hesab etməməsini maraqlı cavabı ilə ictimailəşdirib. Üstəlik, ReAl-ın partiya olaraq rəsmi qeydiyyatdan keçməsinə, Erkin Qədirlinin isə parlamentdə deputat seçilməsinə qarşı Arif Hacılının qısqanc yanaşmasını psixoloji cəhətdən sarsıntı keçirməsi ilə əlaqələndirib.
Arif Hacılı Tofiq Yaqublunu Müsavat İdarə Heyətinə seçilməsinə imkan vermədi, indi isə qeyri-səmimi olaraq onu müdafiə edir
“Müsavatla bizim problemimiz olmayıb. Məncə, burada psixoloji məsələ var”, deyən ReAl-çı funksioner əlavə edib ki, Müsavatın rəhbəri Arif Hacılı eyni zamanda Müsavatın ictimai rəydə müzakirə mövzusu olmadığından da narahat olub və gündəmə düşmək üçün ReAl-ın adını çəkərək, partiyanı ittiham edib.Digər bir tərəfdən, Müsavat Partiyasının təmsilçisi olmasına rəğmən, AXCP və “Milli Şura” həndəvərində var-gəl edən, fəaliyyəti ilə Müsavata və Arif Hacılıya deyil, məhz AXCP-“Milli Şura” cütlüyünə, xüsusilə Əli Kərimliyə xal qazandıran Tofiq Yaqublunun üzərindən siyasi divident qazanmağa cəhd edən Arif Hacılı bu məsələdə də ciddi baryerlərlə üz-üzə qalıb. Məhz bu mənada Natiq Cəfərlinin fikirləri maraq doğurur: “Ölkədə pis-yaxşı ReAl, Tofiq Yaqublu müzakirə edilir. O Tofiq bəyi ki Müsavat İdarə Heyətinə seçilməsinə imkan vermədi, indisə qeyri-səmimi olaraq onu müdafiə edir. Və ya AXCP-dən olan insanların həbsi müzakirə edilir, əvəzində Müsavat tam kənardadır. Bu halda Müsavatı yada salmağın çox qeyri-adekvat bir yolunu tapırlar və ciddi izah vermədən Müsavat rəhbərliyi ReAl-a çamur atır və gündəmə gəlir”.
Arif Hacılının məntiqi şikəstdir
ReAL-çıları hakimiyyətlə əlbir olmaqda, müxalfətə xəyanət etməkdə də suçlayan Arif Hacılının cavabını verməkdə davam edən Natiq Cəfərli daha bir nüansla arqumentini irəli sürüb və əslində bu gün müxalifət partiyalarının bir-birlərini hakimiyyətə işləmək ətrafındakı ittihamlarını cılızlıq, ağılsızlıq adlandırıb. SİTAT: “Ona qalsa mən deyə bilərəm ki, Arif Hacılının yazdığı statusu iqtidar daxilindən kimsə ona yazdırıb. Belə danışmağım xoşuna gələrmi? Təbii ki, gəlməz. Onda söz deyirsənsə və ciddi adamsansa, bu halda sözünü sübuta yetirməlisən. Əgər dediyin sözün əsasında qeydiyyat məsələsi durursa, Müsavat 27 ildir qeydiyyatdan keçib. 27 ildə 27 dəfə Müsavatın qeydiyyatı ləğv edilə bilərdi. Hakimiyyət qeydiyyatı ləğv etməyibsə, bu, sizin satılmağınıza dəlalət edir? Belə şikəst məntiqdən, ağ-qara siyasətdən Azərbaycan xilas olmalıdır”.
sia.az