Siyasət

  • 8 737

Hikmət Babaoğlu: Türkiyə-Azərbaycan media platformasının yaradılması strateji əhəmiyyətli bir qərardır

image

“Türkiyə-Azərbaycan media platformasının yaradılması strateji əhəmiyyətli bir qərardır və hər iki dövlətin, əslində isə bir millətin maraqları baxımından uzunmüddətli perspektivlərə hesablanıb”. Bu fikri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Hikmət Babaoğlu bildirib ki, postmodernizm cəmiyyətlərinin əsas səciyyəvi xüsusiyyətlərindən biri onun informasiya cəmiyyəti olmasındadır. Hazırda qloballaşan dünyada da inteqrasiyanı və maraqları təmin edən əsas platformalardan birinin informasiya platforması olduğunu deyən deputat bildirib: “Qlobal informasiya məkanında daha böyük və səmərəli platformaya sahib ola bilmək elə daha güclü olmaq deməkdir. Üstəlik, iki qardaş ölkənin vahid media platforması hər iki medianın tarixən güclü olduğu platformalarda da onları daha güclü edəcək və inteqrasiyasını sürətləndirəcək. Məsələn, Azərbaycan mediası ənənəvi olaraq rusdilli media mühitində özünü rahat hiss edə bilir və qardaş ölkənin informasiya maraqlarını bu platformaya daşıya bilər. Türkiyə mediası isə ingilis və fransız dilli media platformasında ənənəvi yerə malikdir və o da həmin platformada Azərbaycanın informasiya maraqlarını təmin edə bilər. Bu isə artıq təkcə informasiya mübadiləsi deyil, medianın timsalında daha üstün yumşaq gücə sahib olmaq deməkdir”.
H.Babaoğlu qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev vurğuladığı kimi, televiziyadan kino sektorunadək bütün sahələr üzrə birgə layihələrin həyata keçirilməsi, mütəxəssis mübadilə proqramlarının hazırlanması, eləcə də texnologiya sahəsində əməkdaşlığın hər iki ölkəyə qarşı həyata keçirilən qarayaxma kampaniyası ilə mübarizədə də əhəmiyyətli rol oynayacaq. Ancaq bu da məsələnin hamısı deyil: “Çünki Türkiyə- Azərbaycan media platforması düşünüldüyü kimi reallaşdırıldığı təqdirdə, özünə yeni tərəfdaşlar da cəlb edəcək. Məsələn, növbəti mərhələdə bu platformaya Türk Şurasına üzv olan digər qardaş ölkələrin də mediası qoşula bilər. Eyni zamanda, ortaq maraqları olan digər dövlətlər - Gürcüstan, Ukrayna, Macarıstan və sair ölkələr də bu platformada tərəfdaşlıq edə bilərlər”.
Deputatın sözlərinə görə, bunun üçün bir sıra məsələlərdə kiçik düzəlişlər edilməlidir. Çünki ortaq media platformasının yaradılması bunu zəruri edir. Bunlardan biri ortaq türk dilinin sürətlə formalaşmasına mane olan maneələrin aradan qaldırılmasıdır. Məsələn, türk film və seriallarının Azərbaycan televiziyaları və kinoteatrlarında tərcümə edilərək verilməsi doğru deyil. Həm də nail olmaq lazımdır ki, Türkiyədə Azərbaycan filmləri yayımlansın və bu, tərcüməsiz, uzaqbaşı alt yazı uyğunlaşdırılması ilə verilsin. Beləliklə, ortaq media platformasının ortaq dili də formalaşsın ki, ortaq məqsədlərimizin daha sürətlə və səmərəli şəkildə reallaşmasını təmin edə bilsin.
“Əgər buna nail ola bilsək, qısa müddətdə dil, ictimai diplomatiya, ədəbi-bədii mühit, mədəniyyət və mənəviyyat, turizm, texnologiyalar, elmi-texniki tərəqqi və sair sahələrdə perspektivlər yaranacaq. Bu perspektivlər də, sözün əsl mənasında, bir millət dediyimiz millətin ən yeni tarixində növbəti təkamül prosesi yaradacaq. Türkiyə-Azərbaycan media platformasının yaradılması təşəbbüsünü yalnız alqışlamaq olar”, - deyə Hikmət Babaoğlu bildirib.

yap.org.az

Digər xəbərlər