Siyasət

  • 8 753

"İqtisadi Şuranın yaradılması ölkə iqtisadiyyatının tərəqqisi üçün böyük əhəmiyyətə malikdir" Məşhur Məmmədov

image

"Məlum olduğu kimi, Prezident İlham Əliyev "Azərbaycan Respublikasında iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və "Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli Fərmanının ləğv edilməsi barədə" Fərman imzalayıb. Fərmanla 4 il əvvəl yaradılmış Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurası ləğv edilib, əvəzində yeni struktur - Azərbaycan Respublikasının İqtisadi Şurası yaradılıb". Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputatı Məşhur Məmmədov İqtisadi Şuranın yaradılması zərurətinin haradan qaynaqlandığını, ölkə iqtisadiyyatının post-pandemiya dövründə daha sürətli inkişafını təmin edəcəyi ilə bağlı "SƏS" qəzetinə açıqlamasında bildirib.M.Məmmədov deyib ki, geniş səlahiyyətlər verilən Maliyyə Sabitliyi Şurasının əsas missiyası makro-iqtisadi və maliyyə sabitliyinin qorunub saxlanmasına nail olmaq idi: "Dövrün, zamanın tələblərinə uyğun təkmilləşmə, atılan addımlar qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmaqla yeni məqsədlərin gündəmə gətirilməsi ilə uzlaşır. Əgər müqayisəli təhlil aparsaq, görərəik ki, ölkə Prezidentinin bu Fərmanı ilə 4 il əvvəl yaradılmış Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurası ləğv edilib, əvəzində iqtisadiyyatın yeni modeli - Azərbaycan Respublikasının İqtisadi Şurası yaradılıb. Getdikcə makroiqtisadi göstəricilərin yaxşılaşmağa doğru getməsi və milli valyutanın kursunun sabitləşməsi bu addımın effektivliyini göstərdi. Hazırda ölkənin maliyyə bazarı sabitləşib və belə demək mümkünsə, Maliyyə Sabitliyi Şurasının qarşısına qoyulmuş məqsədlərə nail olunub. Bu gün isə hazırkı əlverişsiz qlobal mühitdə son illər ərzində əldə edilmiş sosial-iqtisadi rifah səviyyəsinin aşağı düşməsinə imkan verməmək və postpandemiya dövründə iqtisadiyyatın artım tempini yüksəltmək, qlobal böhran və pandemiya şəraitində milli iqtisadi inkişaf qarşısında duran strateji çağırışlara adekvat cavab vermək, yeni iqtisadi artım və inkişaf modelinə uğurlu keçidi təmin etmək zərurəti yaranıb. Bütün bunları nəzərə dövlət başçımız cənab İlham Əliyev hər zaman olduğu kimi, uzaqgörən qərar qəbul edərək İqtisadi Şuranı yaratdı və qurumun qarşısında mühüm tələblər qoydu. Qeyd edim ki, yeni yaranan şuranın qarşısında qoyulan qlobal məqsədlər daha dayanıqlı iqtisadi artım mənbələrinin yaradılması, xüsusilə özəl investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların cəlbi və qeyri-neft ixracının genişləndirilməsinə əsaslanan milli inkişaf prioritetlərinin müəyyən edilməsidir. İqtisadi Şura ölkədə makroiqtisadi sabitliyin qorunması və sosial-iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə qlobal və milli iqtisadiyyatda baş verən proseslərin öyrənilməsi, ölkə iqtisadiyyatında yarana biləcək daxili və xarici təsirlərin qarşısının alınmasına yönəlmiş qabaqlayıcı tədbirlərin görülməsi üçün təkliflərini hazırlayıb Prezidentə təqdim etməlidir. Şura postpandemiya dövründə ölkənin milli inkişaf prioritetlərini özündə əks etdirən sosial-iqtisadi inkişaf strategiyasının formalaşdırılmasına, səmərəli tənzimləmə və hüquq tətbiqetmə praktikasına nail olmalıdır".Millət vəkili həmçinin 2020-ci ildə dünyanın hər yerini cənginə alan pandemiyanın iqtisadi sağlamlığa vurduğu zərərin də qaçılmaz olduğunu deyərək vurğulayıb ki, belə ki, qlobal olaraq maliyyə sabitliyinin kövrəkliyinin artması, iqtisadi artım tempinin aşağı düşməsi, sosial iqtisadi rifahın azalması, iqtisadiyyatda dəyişkənliyin ortaya çıxması İqtisadi Şuranın yaradılmasını zəruri hala gətirdi. Şuranın qarşısında müəyyənləşdirilmiş hədəflərin mövcud olduğunu deyən M.Məmmədov bildirdi ki, hədəf və maraq milli iqtisadiyyatın yeni bir çərçivədə inkişaf modelini qurmaqdır: "Sözsüz ki, burada atılacaq addımlar çox önəmlidir. İqtisadi Şuranın həyata keçirəcəyi planlar milli iqtisadiyyatın tez-tez dəyişə bilən qlobal və yerli risklərə qarşı həsssaslığının azaldılmasında, milli iqtisadi sabitliyin təmin edilməsində, müasir iqtisadi strategiyaların hazırlanmasında xüsusi fayda verməlidir. İqtisadi Şuranın əsas fəaliyyət istiqamətləri dayanıqlı iqtisadi artım mənbələrini formalaşdırmaq, özəl investisiyaları cəlb etmək, qeyri-neft sektorunun inkişafını artırmaq və müxtəlif sahələr üzrə birbaşa xarici yatırımların diversifikasıyasını tənzimləmək olmalıdır. Həmçinin, İqtisadi Şuranın yaradılması islahatlara sistemli şəkildə yanaşma baxımından çox vacibdir".Millət vəkili Prezident İlham Əliyevin şura qarşısında mühüm vəzifələr və tələblər qoyduğunu da bildirərək urğulayıb ki, ləğv edilən Maliyyə Sabitliyi Şurası ilə müqayisədə İqtisadi Şuranın səlahiyyətləri və imkanları böyükdür. Yəni şuranın qərar qəbuletməyə təsiri və prosesləri koordinasiya etməyə imkanları daha genişdir: "Belə ki, əgər Maliyyə Sabitliyi Şurası daha çox maliyyə sektorundakı proseslər üzrə səlahiyyətlərə malik idisə, yeni şura iqtisadiyyatın bütün sahələri üzrə dərinləşdirilmiş strategiyaların, idarəetmə çərçivələrinin hazırlanması, iqtisadi, siyasi, sosial sferalarda təşəbbüslərin göstərilməsi, eyni zamanda, biznes mühitinin, investisiya mühitinin fərmanda da qeyd olunduğu kimi, radikal yaxşılaşdırılması, yeni təşfiq mexanizmlərinin hazırlanması, on ildə iqtisadiyyatın iki dəfə böyüdülməsi kimi vəzifələri yerinə yetirməlidir. Şuranın hazırlayacağı və ölkə Prezidentinə təqdim ediləcəyi təkliflər sözsüz ki, ölkəmizdə aparılan iqtisadi siyasətin yeni strateji istiqamətlərini və çərçivəsini müəyyən edəcəkdir. Bu, olduqca mühüm bir məsələdir. İqtisadi Şuranın çevik fəaliyyəti ölkəmizin hərtərəfli, dinamik inkişafının təmin edilməsində böyük rol oynaya bilər".M.Məmmədov sentyabrın 10-da Azərbaycan Respublikasının Baş Naziri, İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə qurumun ilk iclasında da bu məsələyə toxunulduğunu bildirərək qeyd edib ki, İqtisadi Şura yeni bir platforma olaraq dünya və milli iqtisadiyyat üçün mürəkkəb bir dövrdə ən çətin tapşırıqları kollegial şəkildə müzakirə etmək, ortaq məxrəcə gəlmək üçün əlverişli institutdur. Şuranın qarşıya qoyulmuş tapşırıqları yerinə yetirmək üçün bütün təşkilati, iqtisadi və maliyyə imkanları var.Millət vəkilinin sözlərinə görə, Ölkə Prezidentinin tapşırığına əsasən, İqtisadi Şura iqtisadi siyasətin çərçivələrinə dair proqram hazırlamalıdır: "Dövlət investisiyalarına paralel olaraq özəl yerli və xarici investisiyaların cəlbi yeni dövr iqtisadi siyasətin əsas istiqaməti olmalı, özəl sektorun aparıcı rolu təmin edilməli, investisiya mühitinin yaxşılaşdırılması üçün ciddi və radikal addımlar atılmalıdır. Və qeyd olunan vəzifələrin icrasını təmin etmək məqsədilə Prezidentin fərmanında İqtisadi Şuraya iqtisadiyyatın bütün sahələrində, o cümlədən fiskal, monetar və maliyyə-bank sahələrində, real sektorda, özəl investisiyaların təşviq edilməsində, dövlət müəssisələrinin fəaliyyətinin tənzimlənməsində, sosial müdafiə sisteminin səmərəliliyinin artırılmasında, səhiyyə və təhsilin inkişafında dünyada mövcud olan uğurlu modellər əsasında təkliflər hazırlanması tapşırılıb. Şura fərmanda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə yerli və xarici ekspertləri, beynəlxalq təşkilatları və elmi müəssisələri cəlb edə bilər. Bir sözlə, milli iqtisadi inkişaf qarşısında duran strateji çağırışlara adekvat cavabın verilməsini təmin etmək məqsədilə Cənab İlham Əliyev qarşıya yeni vəzifələr qoyub və bu, əlbəttə ki, ölkə iqtisadiyyatının tərəqqisi və gələcəyi üçün böyük əhəmiyyətə malikdir".Millət vəkili, həmçinin bildirib ki, İqtisadi Şuranın qarşısına qoyulan məqsədlər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin qarşısında da qanunvericilik baxımından yeni çağırışlar müəyyən edir: "Hesab edirik ki, müasir qanunların qəbulu, mövcud qanunvericilik aktlarında çevik mexanizmlərin yaradılması aparılan iqtisadi islahatların daha çox mənimsənilməsinə imkan yaradacaq, ölkəmizin iqtisadi hədəflərinə çatmaqda mühüm alət olacaq, postpandemiya dövrünün hədəfləri real həyatda öz əksini tapacaq, əlbəttə ki, bu ölkə iqtisadiyyatının tərəqqisi və gələcəyi üçün böyük əhəmiyyətə malik olacaqdır".

sia.az

Digər xəbərlər