Yeni Azərbaycan Partiyası ermənilərin Dağlıq Qarabağda qanunsuz məskunlaşdırılması ilə bağlı beynəlxalq ictimaiyyətə, beynəlxalq siyasi partiya təşkilatlarına və tərəfdaş siyasi partiyalara müraciət ünvanlayıb

Yeni Azərbaycan Partiyası ermənilərin Dağlıq Qarabağda qanunsuz məskunlaşdırılması ilə bağlı beynəlxalq ictimaiyyətə, beynəlxalq siyasi partiya təşkilatlarına və tərəfdaş siyasi partiyalara müraciət ünvanlayıb.

Müraciətdə qeyd olunur ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizini işğal altında saxlayan Ermənistan Azərbaycana qarşı düşmənçilik siyasətini genişləndirməkdə və regionda vəziyyəti daha da gərginləşdirən addımlar atmaqda davam edir.
Beynəlxalq ictimaiyyətin diqqətini erməni vəhşılıklərinə, təxribatlarına, eləcə də, ayrı-ayrı ölkələrdən olan ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırılmasına cəlb etmək məqsədi daşıyan müraciətdə daha sonra qeyd olunur: “İyul ayında Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi yeri olan neft və qaz kəmərlərinin keçdiyi bölgəyə yaxın ərazidə, Ermənistan-Azərbaycan dövlət sərhəddində bir mülki azərbaycanlının və çoxlu sayda hərbçinin ölümü ilə nəticələnən silahlı qarşıdurma yaradan Ermənistan, bundan qısa müddət sonra sərhəddin başqa bir hissəsində hərbi təxribata cəhd etdi.
Hərbi təxribatları intensivləşdirən və eyni zamanda destruktiv, məsuliyyətsiz ritorika ilə sülh danışıqlarını pozan Ermənistan rəhbərliyi indi də ələ keçirilmiş Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırma siyasətinin yeni və daha aqressiv mərhələsinin başlanğıcını qoyur.
Azərbaycan da daxil olmaqla dünya ölkələri Livanda baş vermiş faciənin nəticələrinin aradan qaldırılması, Livana humanitar yardım göstərilməsi ilə məşğul olarkən, Ermənistan bu faciədən işğal etdiyi ərazilərin demoqrafik vəziyyətini dəyişmək üçün sui-istifadə edir. Erməni mənbələrinin yaydığı məlumatlara görə, artıq bir neçə livanlı erməni ailəsi Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yerləşdirilib və mümkün qədər çox Livan ermənisinin bu prosesə cəlb olunması planlaşdırılır.
Ermənistan uzun illərdir ki, Yaxın Şərqin bəzi ölkələrindən gətirilən erməniləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ona bitişik rayonlarında qeyri-qanuni şəkildə yerləşdirməkdədir. Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşma faktı ATƏT-in faktaraşdırma missiyalarının müvafiq hesabatlarında da əksini tapıb.
Ermənilərin Dağlıq Qarabağda qanunsuz məskunlaşdırılması, Ermənistanın “repatriasiya” və “humanitar yardım” adı altında ilhaq siyasətinin bir hissəsidir. Məskunlaşdırma siyasətinin aparılması və işğal olunmuş ərazilərin demoqrafik tərkibinin məqsədyönlü şəkildə dəyişdirilməsi cəhdləri beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Müharibə dövründə mülki əhalinin qorunmasına dair 4-cü Cenevrə konvensiyasına əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməməlidir.
Beynəlxalq hüquqa əsasən, işğalçı dövlət tərəfindən işğal olunmuş ərazilərdə məskunlaşdırma siyasətinin aparılması müharibə cinayəti hesab olunur və bu baxımdan, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni məskunlaşdırma ilə növbəti müharibə cinayətini törətməkdədir.
İstehza doğuran faktdır ki, bu əməli ilə Ermənistan təkcə beynəlxalq hüququ deyil, elə öz qanunlarını da pozur. Ermənistanın Cinayət Məcəlləsinin 390-cı maddəsində işğalçı dövlətin işğal olunmuş ərazilərdən əhalini çıxararaq öz əhalisini məskunlaşdırması beynəlxalq humanitar hüququn ciddi pozuntusu sayılır və 8-12 illik həbs cəzası nəzərdə tutulur. Qeyd edək ki, Ermənistan Suriya və Livandan işğal olunmuş ərazilərə köçürülmüş insanları silahlı muzdlular kimi də istifadə edərək onları özünün avantürist siyasətinin qurbanlarına çevrir.
Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında yaratdığı və idarə etdiyi qondarma rejim isə son günlər Azərbaycanın digər ərazilərini də işğal etmək niyyətini bildirərək, əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini raket atəşinə tutmaqla hədələyib.
Danışıqlardan faktiki olaraq imtina edən, Azərbaycan ərazilərinin ilhaqına yönələn açıq təxribatçı çağırışlar və hərəkətlər edən Ermənistanın siyasi və hərbi rəhbərliyi vəziyyətin son dərəcə gərginləşməsinə və baş verə biləcək istənilən təxribata və silahlı insidentə görə məsuliyyət daşıyır.”
Yeni Azərbaycan Partiyasının beynəlxalq təşkilatlara müraciətində daha sonra bildirilir: “Azərbaycan hər zaman olduğu kimi, münaqişənin beynəlxalq hüquqa, ərazi bütövlüyü və suverenliyə hörmət prinsipinə, eləcə də Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə əsaslanan həllinə nail olmaq məqsədinə sadiqdir.
Yeni Azərbaycan Partiyası beynəlxalq ictimaiyyəti, beynəlxalq siyasi partiya təşkilatlarını və tərəfdaş siyasi partiyaları bölgədə sülhün, sabitliyin və ədalətin təmin olunması naminə Ermənistanın təxribatçı əməllərini pisləməyə və Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz köçürməyə son qoyulmasını tələb etməyə çağırır.”

yap.org.az